“Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı bu gün, sentyabrın 28-də uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bir ildən çoxdur bağırsaq xərçəngi xəstəliyindən əziyyət çəkən Əvəz Zeynallı 2025-ci il aprelin 25-də həbsxanadan azadlığa buraxılmışdı. O, 2022-ci il sentyabrın 10-da rüşvət ittihamı ilə həbs olunmuşdu. Sonradan cinayət işinə dələduzluq və nüfuz alveri kimi yeni ittihamlar da əlavə edilmişdi.
Əvəz Zeynallı özünü təqsirli bilmir, siyasi sifarişlə həbs olunduğunu deyirdi. Məhkəmənin hökmü ilə 9 il azadlıqdan məhrum edilən jurnalistin cəza müddəti sonradan 2 ay azaldılmışdı.
Bu, Əvəz Zeynallının ikinci həbsi idi.
Birinci həbsi zamanı isə o, Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrında saxlanmış və 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Həmin vaxt baş redaktor külli miqdarda rüşvət almaq, məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunurdu. O, bütün ittihamları rədd edirdi.
2014-cü ildə Prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışdı.