Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyadakı yanacaqdoldurma məntəqələrində benzin və dizelin qiymətinə yuxarı hədd tətbiq edəcəyini açıqlayıb.
Söhbət SOCAR-ın bu ilin mayında nəzarətə götürdüyü “Italiana Petroli” (IP) şirkətinin yanacaqdoldurma şəbəkəsindən gedir. Şirkət İtaliyanın yanacaq bazarının əsas iştirakçılarından biridir.
İtaliyanın Baş naziri Corcia Meloni qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür edib.
“Eni” şirkətindən sonra IP-nin də ölkə üzrə yanacağın qiymətini məhdudlaşdırmaq qərarına gəldiyini deyən Meloni bunun italyan ailələrinin yanacaq xərclərinin azaldılmasına töhfə verəcəyini bildirib.
SOCAR isə qiymət həddinin konkret olaraq nə qədər olacağını hələ açıqlamayıb. Şirkət bildirir ki, maksimum qiymət təchizat zəncirində çalışan minlərlə operatorun fəaliyyətinin davamlılığı nəzərə alınmaqla müəyyən ediləcək. Məhdudiyyətin IP şəbəkəsində mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.
Qiymət məhdudiyyətinin miqyası və bunun IP-nin gəlirlərinə, eləcə də SOCAR-ın investisiyasının xərclərinə necə təsir edəcəyi də rəsmi olaraq açıqlanmayıb.
SOCAR “Italiana Petroli” şirkətini bu il alıb
SOCAR “Italiana Petroli”nin 99,82 faiz səhmini “API Holding”dən alıb. Alqı-satqı ilə bağlı razılaşma 2025-ci ilin sentyabrında imzalansa da, bütün tənzimləyici icazələrdən sonra sövdələşmə 2026-cı il mayın 8-də rəsmən tamamlanıb.
IP-nin İtaliyada iki neft emalı zavodu, anbar və logistika infrastrukturu, eləcə də ölkəni əhatə edən böyük yanacaqdoldurma şəbəkəsi var. Şirkətin öz məlumatına görə, IP, IPlanet və tərəfdaş məntəqələr də daxil olmaqla şəbəkədə 4 min 575 satış nöqtəsi fəaliyyət göstərir.
SOCAR-ın IP-ni almasına nə qədər vəsait ödədiyi barədə şirkətin may ayında yaydığı yekun açıqlamada qiymət göstərilməyib. Bununla belə, sövdələşmə ilə bağlı mediada təxminən 3 milyard dollarlıq məbləğdən bəhs edilib. AzadlıqRadiosu da may ayında SOCAR-ın İtaliyadakı sərmayəsi ilə bağlı hazırladığı materialda “3 milyard” rəqəmini gündəmə gətirib.
SOCAR İtaliya futboluna da sponsorluq edəcək
Yanacağın qiyməti ilə bağlı qərar SOCAR-ın İtaliyada fəaliyyətini genişləndirdiyi vaxta təsadüf edir.
Sentyabrın 26-da SOCAR ilə İtaliya Futbol Federasiyası arasında strateji əməkdaşlıq müqaviləsi də imzalanıb. Razılaşmaya əsasən, SOCAR 2027-ci il yanvarın 1-dən 2030-cu ilin sonunadək İtaliyanın kişi və qadın milli futbol komandalarının “Baş Qlobal Enerji Sponsoru” olacaq. Müqavilənin daha iki il – 2032-ci ilədək uzadılması da mümkündür.
SOCAR sponsorluğa nə qədər vəsait xərcləyəcəyini açıqlamayıb.
Şirkətin 2025-ci il üzrə hesabatında aktivləri 96 milyard manatdan, öhdəlikləri isə 18 milyard manatdan çox göstərilib.
Azərbaycanlı siyasətçinin bu qərarla bağlı şərhi
REAL Partiyasının Siyasi Komitəsinin üzvü, siyasətçi İlqar Məmmədov isə qərarı sarkazmla şərh edib. O, SOCAR-ın İtaliyada yanacağın qiymətini məhdudlaşdırmasını Azərbaycan hakimiyyətinin italyan ailələrinin rifahını qorumaq təşəbbüsü kimi təqdim edib:

“Dünən İtaliyada yanacağın qiymətini dondurmaqla biz orada təkcə benzin və dizelin deyil, bütün digər qiymətlərin də artmasının qarşısını aldıq. Beləcə, italyan ailələrin rifah halı qorunur. Xanım Meloni buna görə çox xoşbəxtdir”, – deyə Məmmədov yazıb.