10 saylı Cəzaçəkmə Müəssisəsində məhbus şəraitə etiraz edir

Source: Meydan Tv

10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbus Əsgər Məmmədov müəssisədəki şəraitə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Bu barədə hüquq müdafiəçisi Arzu Abdullan Meydan TV-yə məlumat verib.

Məhbus Məmmədov deyib ki, müəssisədə məhbusların yatması üçün çarpayılar yoxdur. Şəraitli kameralar isə məhbuslara pulla satılır. Həmçinin o bildirib ki, müəssisəyə su verilmir.

“Məhbusun pulu varsa cənnətdədir, yoxdursa, cəhənnəm əzabı verirlər. Pulsuz məhbuslara yatmaq üçün çarpayı, döşək verilmir deyə yerdə, betonun üstündə yatırlar. Bizim saxlanma şəraitimiz çox pisdir. Hamamda su gəlmir”, – deyə o qeyd edir.

“Şəraiti olan ‘barak’ların qiyməti 1000 manatdır”

Əsgər Məmmədov deyir ki, buna etiraz etdiyinə görə həbsxana əməkdaşları tərəfindən təzyiqlərə məruz qalır. O bildirib ki, boş otaqlar olsa da, pulu olmadığı üçün ora köçürülmür.

“Mən bura köçürüləndən xəstəyəm. Başıma nəsə gəlsə bilin ki səbəbkar buranın rəhbərliyidir. Boş yerlər olduğu halda mənə yer vermirlər. Çünki pulum yoxdur. Şəraiti olan ‘barakları’ 1000 manatdan satırlar”.

Məhbus qeyd edib ki, bununla bağlı ailəsi 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinə, Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinə, Ombudsman Aparatına müraciət etsə də, cavab ala bilməyib.

Əsgər Məmmədov 2025-ci ilin sentyabr ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik maddə saxlanması) maddəsi ilə ittiham olunur.

Ana səhifə ▸ Siyasət ▸ 10 saylı Cəzaçəkmə Müəssisəsində məhbus şəraitə etiraz edir