Sumqayıtda yol qəzasında İkinci Qarabağ müharibəsi iştirakçısı olan kapitan həlak olub

Kapitanı Elxan İsayev – Foto: Qafqazinfo – Süni Zəka ilə keyfiyyəti yüksəldilib

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə sentyabrın 24-dən 25-nə keçən gecə qeydə alınıb. “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən şəxsi vurub. Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Sonradan qəzada ölən şəxsin Azərbaycan Ordusunun kapitanı Elxan Tofiq oğlu İsayev olduğu məlum olub. O, Biləsuvar rayonunun Aşağı Cürəli kəndindən olub.

Məlumata görə, Elxan İsayev 2020-ci il İkinci Qarabağ müharibəsində iştirak edib, döyüşlər zamanı yaralanıb və göstərdiyi şücaətə görə bir sıra medallarla təltif olunub. O, iki qız atası olub.

Hadisə yerində danışan sakinlər bildiriblər ki, hərbçi yolun yaxınlığındakı hərbi hissədə xidmət edib. İlkin şahid məlumatlarında onun qarşı tərəfdəki kafeyə yemək yeməyə getdiyi və hərbi hissəyə qayıdarkən avtomobil tərəfindən vurulduğu deyilir.

Sakinlər yolun həmin hissəsində gecə saatlarında işıqlandırmanın yetərli olmadığını bildiriblər. Onların sözlərinə görə, ərazinin qaranlıq olması yolu keçən piyadalar üçün təhlükə yaradır.

Elxan İsayevin nəşi sentyabrın 25-də doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndində torpağa tapşırılıb.

Qəzanın dəqiq hansı şəraitdə baş verməsi, avtomobilin sürəti və yolun işıqlandırılması ilə bağlı problemlərin hadisəyə təsir edib-etmədiyi barədə hələlik istintaqın yekun nəticəsi açıqlanmayıb.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun sosial media və KİV monitorinqi əsasında hazırladığı statistikaya görə, 2026-cı ilin əvvəlindən avqustun ortalarınadək Azərbaycanda azı 41 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Onlardan 13-si müxtəlif xəstəliklərdən, 7-si avtomobil qəzalarında, 7-si bədbəxt hadisələr nəticəsində, 5-i intihar, 1-i isə ehtiyatsızlıq səbəbindən ölüb. Daha 8 hərbçinin ölüm səbəbi açıqlanmayıb.

Həyatını itirən hərbi qulluqçulardan 28-i Müdafiə Nazirliyinin, 9-u Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i Prezidentin Təhlükəsizlik Xidmətinin, 1-i Fövqəladə Hallar Nazirliyinin, 1-i isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı olub. 

Qeyd olunan statistika Sumqayıtda kapitan Elxan İsayevin sentyabrın 25-də yol qəzasında həlak olmasından əvvəlki dövrü əhatə edir.

Ana səhifə ▸ Xəbərlər ▸ Sumqayıtda yol qəzasında İkinci Qarabağ müharibəsi iştirakçısı olan kapitan həlak olub