Bəxtiyar Hacıyev həbsdən Qərbə müraciət etdi: “Siyasi məhbusları sülh əsirləri kimi qəbul edin”

İllüstrasiya: Meydan TV

Hazırda həbsdə olan siyasi fəal Bəxiyat Hacıyev saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsindən müraciət ünvanlayıb. 

Müraciətdə 2022-ci ildən etibarən ölkədə vətəndaş cəmiyyəti liderlərinə, siyasi fəallara, hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı misli görünməmiş təqiblərin başlandığı qeyd olunur. Bəxtiyar Hacıyev bildirir ki, hazırda 300-dən çox şəxs siyasi məhbus həyatı yaşayır və onların ümumi cəza müddəti 2000 ili ötüb:

“2022-ci ildən başlayaraq, Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti liderlərinə, siyasi partiya fəallarına, hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı bənzərsiz repressiya dalğasına başladı, nəticədə 300-dən çox şəxs hazırda siyasi məhbus həyatı yaşayır, ayrı-ayrılıqda 10-15 il müddətlərə, ümumilikdə 2000 ildən artıq azadlıqdan məhrum ediliblər”.

Fəal eyni zamanda son illərdə ABŞ və Avropa İttifaqının (Aİ) bu məsələdə sərgilədiyi sükutu tənqid edib. O qeyd edib ki, enerji, logistika və süni intellekt kimi sahələrdə əməkdaşlıq güclənsə də, insan hüquqları mövzusu arxa plana keçib:

“Eyni zamanda son 2 il ərzində demokratik dəyərlərin və insan hüquqlarının müdafiəsində qlobal liderliyə iddia edən ABŞ və Avropa İttifaqı nəinki siyasi məhbus məsələsinə toxunmurlar, heç insan hüquqlarına hörmətin əhəmiyyəti barədə ümumi ifadələrə də yer vermirlər”.

Bəxtiyar Hacıyev Qərb ölkələrinin Azərbaycan hakimiyyətinə qarşı səssizliyinin səbəblərinə toxunaraq, əsas amilin Bakının tərəfdaşlarını inandırması olduğunu vurğulayır. Hakimiyyət iddia edir ki, sülh müqaviləsi ərəfəsində daxildə heç bir müstəqil səs olmamalıdır. Lakin fəal bu arqumentin tamamilə yanlış olduğunu qeyd edir:

“Bu səssizliyin əsas səbəblərindən biri budur ki, Azərbaycan hakimiyyəti Qərb tərəfdaşlarını inandırıb ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanan ərəfədə ölkənin daxili siyasətində tam sabitlik vacibdir, heç bir müstəqil siyasətçi, jurnalist, media qurumu, ictimai rəyə təsir göstərə bilən fiqurlar tərəfindən heç bir müqavimət olmamalıdır”.

Siyasi fəal Ermənistandakı revanşist qüvvələrlə Azərbaycandakı siyasi məhbusların fərqini vurğulayıb:

“Ermənistanda barələrində cinayət işi açılan və həbs edilən revanşist siyasi fiqurlardan fərqli olaraq, Azərbaycandakı siyasi məhbusların əksəriyyəti regiondakı sülh gündəliyini dəstəkləyən şəxslərdir, bir çoxları hətta münaqişənin dondurulduğu mərhələdə də sülh təşəbbüslərinin iştirakçıları olublar”.

Müraciətdə həmçinin xarici çağırışların və təzyiqlərin nəticə verdiyi nümunələr qeyd olunur. Fəal hakimiyyətin keçmişdə müxtəlif əcnəbi vətəndaşları və şəxsləri beynəlxalq çağırışlardan sonra azad etdiyini xatırladıb:

“Azərbaycan hakimiyyəti hər nə qədər beynəlxalq çağırışları nəzərə almadığını bildirsə də, ‘COP-29’ ərəfəsində 32 erməniəsilli diversant, əsgər və zabitin azad edilməsi, 2026-cı ilin əvvəlində ‘cəllad, Xocalı qatili’ adlandırılan Vaqif Xaçaturyanın da daxil olduğu bir qrup Ermənistan vətəndaşının azad edilməsi, son olaraq, casusluqda ittiham edilən Fransa vətəndaşı Martin Ryanın sürpriz əfv sərəncamı ilə azad edilməsi göstərir ki, ölkə daxili və xaricindən açıq çağırışlar gəldikdə hakimiyyət gec-tez buna reaksiya verir”.

Sonda Bəxtiyar Hacıyev ABŞ və Avropa İttifaqını siyasi məhbusları ‘sülh əsirləri’ kimi qəbul etməyə və qətiyyətli addımlar atmağa çağırıb. O, qarşıdan gələn mühüm tarixi qeyd edərək təklif irəli sürüb:

“Belə olan halda ABŞ və Avropa İttifaqı Azərbaycan hakimiyyətinin özünə qarşı müqaviməti əzmək üçün həbs etdiyi şəxsləri ‘sülh müqaviləsinə mane ola biləcək şəxslər’ kimi qəbul etməməli, 300-dən çox siyasi məhbusu ‘sülh əsirləri’ kimi qəbul etməli, Azərbaycan hakimiyyətinə siyasi motivlərlə həbs edilmiş şəxslərin azad edilməsinə açıq çağırış etməlidir”.

“Qarşıdan gələn əhəmiyyətli tarixlərdən birində, məsələn, Dövlət Müstəqilliyinin bərpasının 35 illiyində Azərbaycan prezidentini də əfv sərəncamı imzalayaraq, siyasi məhbusları azad etməyə, sülh prosesini siyasi məhbuslar problemi olmadan davam etdirməyə çağırmalıdırlar”,– deyə fəal sonda qeyd edib.

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. 

Hacıyev xaricdən qaçaqmalçılıq yolu ilə valyuta gətirmə, cinayət yolu ilə əldə edilən vəsaiti leqallaşdırma, vergidən yayınma və s. ittihamlarla təqsirləndirilir.

Fəal ona qarşı irəli sürülən ittihamları qəbul etmir. 

Ana səhifəSiyasətBəxtiyar Hacıyev həbsdən Qərbə müraciət etdi: “Siyasi məhbusları sülh əsirləri kimi qəbul edin”