Azərbaycan, Ermənistan və ABŞ TRIPP-in gələcəyini müzakirə edib

Donald Tramp. İllüsrasiya: Meydan TV

ABŞ sentyabrın 23-də Nyu-Yorkda Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələrinin yaradılmasını nəzərdə tutan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) reallaşdırılması üçün növbəti addımları müzakirə edib.

Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Montana ştatından respublikaçı senator Stiv Deyns və 40-dan çox şirkətin nümayəndəsi iştirak edib. Tədbirdə həmçinin Gürcüstan və beş Mərkəzi Asiya ölkəsinin rəsmiləri iştirak ediblər.

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən toplantıda əsas diqqət TRIPP-in siyasi razılaşmadan real nəqliyyat və investisiya layihəsinə çevrilməsinə yönəlib. Müzakirələrdə layihənin maliyyələşdirilməsi, özəl sərmayənin cəlb edilməsi və TRIPP-in daha geniş Transxəzər ticarət marşrutuna bağlanması məsələləri də gündəmə gəlib.

ABŞ layihəni Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı Ermənistan ərazisindən birləşdirəcək marşrutdan daha geniş layihə kimi təqdim edir. Vaşinqtonun planına görə, TRIPP Cənubi Qafqazı Mərkəzi Asiya və Qərb bazarları ilə birləşdirən Transxəzər, yaxud Orta Dəhliz şəbəkəsinin bir hissəsinə çevrilə bilər.

Təklif olunan marşrutun Ermənistan hissəsinin uzunluğu təxminən 43 kilometrdir. Bu hissədə dəmir və avtomobil yolları ilə yanaşı enerji və rəqəmsal infrastrukturun yaradılması nəzərdə tutulur. TRIPP-in Ermənistan ərazisindən keçən hissəsinin ölkənin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası qorunmaqla fəaliyyət göstərməsi planlaşdırılır.

Hazırda marşrutun tikintisinə başlanmayıb. ABŞ rəsmilərinin bildirdiyinə görə, Ermənistanın cənubundan keçəcək dəmir yolu üzrə mühəndislik və texniki-iqtisadi araşdırmalar davam edir. Araşdırmalar texniki, ekoloji və sosial məsələləri əhatə edir. Nəqliyyat xətləri boyunca enerji və rəqəmsal infrastrukturun yaradılması imkanları da ayrıca öyrənilir.

Şirkətlərin əsas müqavilələr uğrunda tenderlərdə iştirakına 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlanması gözlənilir. Dəmir yolunun tikintisinin isə ən azı 18 ay çəkə biləcəyi bildirilir. Elektrik bağlantılarının daha əvvəl işə düşməsi və 2027-ci ildə fəaliyyətə başlaması ehtimalı da müzakirə olunur.

Uitkoff: “Tramp dedi ki, bunu prioritet edin”

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Nyu-Yorkdakı müzakirələrdə Ermənistan və Azərbaycan arasında əldə olunan siyasi razılaşmanın iqtisadi nəticələrindən danışıb. Uitkoff deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan uzunmüddətli münaqişənin həlli üçün sülh razılaşmasının daha yaxşı alternativ olduğunu anlayıblar.

Onun sözlərinə görə, danışıqların irəliləməsində ABŞ Prezidenti Donald Trampın müdaxiləsi də rol oynayıb.

Uitkoff bildirib ki, ABŞ rəsmiləri Bakı ilə Yerevan arasında birbaşa ünsiyyətin olmadığını Trampa çatdırdıqdan sonra prezident onlara prosesi irəli aparmağı tapşırıb. Xüsusi elçi bu müdaxiləni “Bunu yoluna qoyun” ifadəsi ilə xatırlayıb.

Uitkoff Əliyev və Paşinyanı sülh sazişinin əldə olunmasına şərait yaradan “son dərəcə praqmatik və yetkin” liderlər kimi xarakterizə edib və razılaşmanın əldə olunması üçün bütün əsas elementlərin mövcud olduğunu bildirib.

ABŞ rəsmisi TRIPP-in əhəmiyyətinin yalnız Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasından ibarət olmadığını deyib.Onun sözlərinə görə, hazırda əsas diqqət yüklərin daşınmasına və məhsulların bazarlara daha sürətli çatdırılmasına yönəlib. Uitkoff bəzi ticarət marşrutlarında daşınma müddətinin üç həftəyədək azala biləcəyini bildirib. Xüsusi elçi layihənin başlanğıcda bütün iştirakçılar tərəfindən tam qiymətləndirilmədiyini, lakin onun daha geniş Transxəzər marşrutu ilə əlaqələri araşdırıldıqca iqtisadi potensialının daha aydın göründüyünü deyib.

Uitkoff həmçinin TRIPP-in Ermənistana böyük həcmdə investisiya gətirə biləcəyini bildirib.

Azərbaycan üçün əsas məsələ nədir?

TRIPP-in Azərbaycan baxımından əsas nəticəsi ölkənin əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən yeni nəqliyyat bağlantısının yaradılmasıdır. Layihəyə avtomobil və dəmir yolu ilə yanaşı enerji və rəqəmsal infrastrukturların da daxil edilməsi nəzərdə tutulur. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkdakı tədbirdə TRIPP-in regional nəqliyyat və iqtisadi əlaqələri gücləndirə biləcəyini deyib.

Azərbaycan tərəfinin təqdimatına görə, layihə təkcə Naxçıvan bağlantısı deyil, həm də Azərbaycanın Transxəzər marşrutunda rolunun genişlənməsi baxımından əhəmiyyət daşıyır.

Bayramov TRIPP-in regional enerji bağlantılarına və enerji mənbələrinin şaxələndirilməsinə, eləcə də ticarət və investisiyaların genişlənməsinə yeni imkanlar yarada biləcəyini bildirib.

ABŞ artıq investor axtarır

Nyu-Yorkdakı görüşün əsas istiqamətlərindən biri TRIPP-in maliyyələşdirilməsi və layihəyə özəl kapitalın cəlb edilməsi olub. Tədbirdə 40-dan çox şirkətin nümayəndəsinin iştirakı da bununla bağlıdır.

ABŞ və Ermənistan TRIPP Development Company adlı birgə şirkət yaratmağa hazırlaşır. Şirkətdə ABŞ-nin çoxluq payına sahib olması (Şirkətin səhmlərinin 74 faizi ABŞ hökumətinin yaradacağı quruma, 26 faizi isə Ermənistana məxsus olacaq-red.), öz idarə heyəti və səsvermə mexanizmləri ilə fəaliyyət göstərməsi nəzərdə tutulur. Şirkətin infrastruktur layihələrinin inkişafına və rəqabətli tenderlərə nəzarət etməsi planlaşdırılır.

Dəmir yolu, avtomobil yolları, elektrik, neft, qaz və məlumat infrastrukturu ilə bağlı layihələrin tikinti və ya konsessiya müqavilələri üzrə tenderlərdən keçməsi nəzərdə tutulur.

ABŞ-nin İnkişaf Maliyyə Korporasiyası (DFC) şirkətin hüquqi və institusional strukturunun hazırlanmasında iştirak edib. Lakin TRIPP Development Company ayrıca ABŞ-Ermənistan korporativ qurumu kimi fəaliyyət göstərəcək. Bundan başqa, Vaşinqton daha geniş Transxəzər regionunda nəqliyyat və digər bağlantı layihələrinə özəl kapital cəlb etmək üçün Transxəzər Müəssisə Fondunu dəstəkləyir. Fond TRIPP Development Company-dən ayrı mexanizm kimi nəzərdə tutulur.

ABŞ Dövlət Departamentinin məlumatına görə, layihələrin kommersiya baxımından əsaslandırıldığı müəyyənləşdikdən sonra ABŞ investisiyasının da cəlb edilməsi mümkün olacaq. Mühəndislik şirkəti AECOM-un TRIPP çərçivəsində hazırlanacaq layihələri potensial investorlara təqdim etməsi nəzərdə tutulur.

Ermənistan nə deyir?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə TRIPP-i regional bağlantıların inkişafı baxımından mühüm layihə adlandırıb.

Mirzoyan Nyu-Yorkdakı müzakirələrdə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Ermənistan-Azərbaycan sammitinin əhəmiyyətindən danışıb. O, həmin prosesdən sonra regional əlaqələrin açılması istiqamətində dəyişikliklər olduğunu bildirib. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Mirzoyan TRIPP-in region ölkələri üçün əhəmiyyətini və regionlararası bağlantıların inkişafındakı rolunu vurğulayıb. O, Ermənistan-ABŞ strateji tərəfdaşlığı çərçivəsində əldə olunan nəticələrdən də danışıb.

Ermənistan tərəfi TRIPP-i öz ərazisindən keçən, lakin ölkənin suverenliyi və yurisdiksiyası çərçivəsində həyata keçiriləcək regional bağlantı layihəsi kimi təqdim edir.

Bu, Bakı ilə Yerevan arasında marşrut məsələsindəki əsas həssas məqamlardan biridir. Ermənistanın baş naziri Nikol Paşinyan isə sentyabrın 23-də Nyu-Yorkda ayrıca çıxışında TRIPP-in həyata keçirilməsinin regional bağlantı imkanlarını tam açacağını və Ermənistan iqtisadiyyatı üçün yeni dövr yaradacağını bildirib.

“Orta Dəhliz” məsələsi

TRIPP-in Azərbaycan üçün başqa bir əhəmiyyəti onun daha böyük Transxəzər marşrutuna qoşulması ehtimalıdır. Orta Dəhliz Çin və Mərkəzi Asiyadan gələn yüklərin Xəzər dənizi, Azərbaycan, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya daşınmasını nəzərdə tutan şərq-qərb nəqliyyat şəbəkəsidir.

ABŞ TRIPP-in bu marşruta qoşulmasını regiondakı ticarət əlaqələrinin genişləndirilməsi baxımından vacib hesab edir. TRIPP-in daha geniş Transxəzər şəbəkəsinə qoşulması layihənin regional ticarət və nəqliyyat əlaqələrini genişləndirmək imkanlarından biri kimi qiymətləndirilir.

Vaşinqton eyni zamanda Transxəzər marşrutunun Rusiya üzərindən keçən ənənəvi yollar üçün alternativ imkan yaratdığını bildirir. Bu baxımdan layihənin həyata keçirilməsi Azərbaycanın yalnız Naxçıvanla nəqliyyat əlaqəsi baxımından deyil, daha geniş regional logistika sistemindəki rolu baxımından da əhəmiyyət daşıya bilər.

ABŞ-nin regiondakı rolu

TRIPP-in inkişafı ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı iqtisadi iştirakını genişləndirmək cəhdi kimi də təqdim olunur. Atlantik Şuranın Avrasiya Mərkəzinin direktor müavini Endryu D’Anyeri bildirib ki, TRIPP-in irəli aparılması və Transxəzər Müəssisə Fondunun yaradılması ABŞ-nin regionda iqtisadi əməkdaşlığa daha böyük maraq göstərdiyini nümayiş etdirir. D’Anyeri eyni zamanda layihənin texniki mürəkkəbliyi və geosiyasi həssaslıqları səbəbindən daha yavaş irəliləyə biləcəyini söyləyib.

Demokratiyaların Müdafiəsi Fondunun İqtisadi və Maliyyə Gücü Mərkəzinin tədqiqatçısı Ancela Hovard isə ABŞ-nin dəstəklədiyi infrastrukturun yeni ticarət əlaqələri yarada və Rusiyanın nəzarətində və ya təsiri altında olan marşrutlardan asılılığı azalda biləcəyini bildirib.

Hovard bununla yanaşı, ABŞ tərəfindən dəstəklənən layihələrdə korrupsiyaya və xarici təsirə qarşı nəzarət mexanizmlərinin vacibliyini vurğulayıb.

Montana ştatından senator Stiv Deyns isə regiona yalnız keçmiş münaqişələr prizmasından baxılmamasının, ticarət və investisiya imkanlarının da nəzərə alınmasının vacibliyini bildirib.

TRIPP-in tikintisinə hələ başlanmayıb. Hazırda Ermənistan ərazisindən keçəcək hissə üzrə mühəndislik və texniki-iqtisadi araşdırmalar aparılır və əsas müqavilələr üzrə tenderlərin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlaması gözlənilir. Tikintinin gecikməsinin əsas səbəbi bu hazırlıq və maliyyələşmə mərhələlərinin hələ tamamlanmamasıdır. ABŞ rəsmilərinin məlumatına görə, tikinti başlandıqdan sonra yalnız dəmir yolu xəttinin çəkilməsi ən azı 18 ay çəkə bilər.

Ana səhifə ▸ Siyasət ▸ Azərbaycan, Ermənistan və ABŞ TRIPP-in gələcəyini müzakirə edib