Gələn il yanvarın 1-dən qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışan şəxslərin əməkhaqqından tutulan gəlir vergisinin dərəcəsi artırılacaq. Bu qərar 2026-cı ildən Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasında icra olunacaq. Yeni qaydalarda 2026–2028-ci illərdə qeyri-neft-qaz sektorunda çalışan muzdlu işçilərin əməkhaqlarından tutulan gəlir vergisinin dərəcələrinin mərhələli şəkildə artırılması nəzərdə tutulub.
2027-ci ilin yanvarından yeni vergi dərəcələri aşağıdakı kimi olacaq:
- 2 500 manatadək olan əməkhaqqı hissəsinə 5 faiz vergi dərəcəsi tətbiq olunacaq. Hazırda bu göstərici 3 faizdir.
- 2 500–8 000 manat aralığında əməkhaqqı alanlardan 125 manat (hazırda 75 manat) və 2 500 manatdan çox olan məbləğin 10 faizi tutulacaq.
- 8 000 manatdan çox əməkhaqqı alanlardan isə 675 manat (hazırda 625 manat) və 8 000 manatdan çox olan məbləğin 14 faizi həcmində vergi tutulacaq.
Qeyd edək ki, 2019-cu ildə qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışanlar üçün 7 illik vergi güzəşti tətbiq edilmişdi. 2026-cı ildən güzəşt müddətinin başa çatması ilə əlaqədar Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib.
Vergi dərəcələrinin artırılması fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə daxilolmaların dinamikasında da özünü göstərəcək. Azərbaycan hökuməti 2027-ci ildə fiziki şəxslərin gəlirlərindən 3,1 milyard manat vergi toplamağı planlaşdırır. Bu, 2026-cı il üzrə təsdiq olunmuş proqnozla müqayisədə 29 faiz çoxdur. Dövlət büdcəsinin vergi daxilolmalarındakı artımın əhəmiyyətli hissəsinin – 45,4 faizinin – məhz bu vergi növü üzrə təmin ediləcəyi gözlənilir.
Gələn ilin dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi üzrə 690 milyon manatlıq artım proqnozlaşdırılır.
2026-cı ildən güzəşt müddətinin uzadılmaması və yeni vergi dərəcələrinin tətbiqi nəticəsində bu istiqamətdə vergi daxilolmalarında 17,7 faizlik artım nəzərdə tutulub. 2025-ci ildə vergi güzəştlərinin tətbiq olunduğu dövrdə bu istiqamətdə vergi daxilolmaları 2 milyard 21 milyon manat təşkil edib. Cari ildə isə vergi dərəcələrinin artırılmasından sonra 2 milyard 379 milyon manatlıq gəlir proqnozlaşdırılıb. Bu isə 358 milyon manat artım deməkdir.
Belə görünür ki, gələn il hökumət fiziki şəxslərdən daxilolmalardakı artım üzrə gözləntilərini iki dəfə artırıb.
Bəs əməkhaqlarında vergi dərəcələrinin artırılması əhalinin sosial vəziyyətinə necə təsir edəcək?
İqtisadçı ekspert Natiq Cəfərli Meydan TV-yə bildirib ki, vergi dərəcələrinin artırılması dövlət büdcəsinə ciddi təsir göstərməsə də, xeyli sayda insanda narahatlıq və narazılıq yarada bilər.
Onun sözlərinə görə, faiz nisbətinə baxdıqda bu artım büdcənin çox cüzi hissəsini təşkil edir:
“Bu il vergi dərəcələrinin artırılmasına ehtiyac olmadan da büdcə gəlirlərini icra etmək mümkün olardı. Amma vergi dərəcələrinin yenidən artırılması vətəndaşlarda narazılıq yaratmaq doğru deyil. Yanvarın 1-dən vergi dərəcəsi 5 faiz olacaq, 2028-ci ildən isə 7 faizə çatacaq”.
Ekspert bildirir ki, bu artım kifayət qədər ciddi yük yarada bilər:
“Çünki insanların real gəlirləri artmır. İnflyasiyanın yüksək olması səbəbindən əməkhaqqı 10 faiz artsa belə, həmin artımın 7–8 faizini inflyasiya yeyir. Ərzaq qiymətlərindəki artım da real gəlirlərin yüksəlməsinə imkan vermir. Bunun üzərinə də vergi artımları gəlir. Bəzən hökumət nümayəndələri verginin yalnız 3 və ya 5 faiz hissəsini elan edirlər. Lakin icbari tibbi sığorta üzrə 1,5 faiz, işsizlikdən sığorta üzrə 0,5 faiz, həmçinin Dövlət Sosial Müdafiə Fonduna digər ödənişlər də mövcuddur. Bütün bunlar birlikdə hesablandıqda insanların gəlirlərindən tutulan ödənişlərin kifayət qədər böyük olduğu görünür. Bu da nəticə etibarilə vətəndaşların real gəlirlərinin və rifah səviyyəsinin artmasına maneə yaradır”.
2019-cu ildən tətbiq edilən vergi güzəştlərinin məqsədi əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və əmək münasibətlərinin şəffaflaşdırılması kimi təqdim edilirdi.
N. Cəfərli qeyd edir ki, faiz artımları əmək bazarına da təsir göstərə bilər:
“Artıq bir ilə yaxındır ki, vergi güzəştlərinin ləğvi gündəmdədir. Lakin muzdlu işləyənlərin sayına nəzər saldıqda, bu il onların sayında ciddi artım olmadığını görürük. Gələn ildən gəlir vergisinin 5 faizə yüksəldilməsi fonunda muzdlu iş yerlərinin sayında ciddi artım gözləmirəm. 2028-ci ildə vergi dərəcəsi 7 faizə çatdıqda isə ağ mühasibatlıqdan boz mühasibatlığa keçənlərin sayı arta bilər. Vətəndaşlar daha çox vergi ödəməmək üçün əmək müqaviləsi ilə rəsmiləşməkdən yayınmağa başlaya bilərlər. Yəni əks effekt yarada bilər”.