Fazil Qasımov quru aclığa başlayıb

Fazil Qasımov. Foto: Fazil Qasımovun “Facebook” səhifəsindən götürülüb

Hazırda həbsdə olan İstanbul Universitetinin doktorantı, iqtisadçı alim Fazil Qasımov sentyabrın 19-dan etibarən quru aclığa başlayıb.

Bu barədə Qasımovun ailəsi Meydan TV-yə məlumat verib.

Onların sözlərin görə, aclığa başlamasına səbəb ibtidai istintaq zamanı Qasımovun müdafiəsinə qoşulmaq istəyən vəkillərə müstəntiq Yusif Yusifovun onun adından imtina ərizəsi yazması olub.

“Müstəntiq Yusif Yusifov Fazilin adından imtina ərizəsi yazıb üstəlik onun imzasına oxşar imza da atıb. Bununla Fazilin müdafiə hüququ pozulmuşdu. Biz bununla bağlı ekspertizaya ərizə verdik vvə ekspertiza imzanın saxta olduğu barədə rəy verdi”, – deyə ailə deyir.

Ailə deyir ki, bununla bağlı Nərimanov məhkəməsinə müraciət ediblər və iş icraata götürülüb. Onlar bildirir ki, Penitensiar Xidmətin əməkdaşları Fazil Qasımovu qəsdən məhkəməyə aparmırlar:

“21 avqustda Fazilin Apellyasiya və və Nərimanov məhkəməsinə aparılacağına aid komvoyun işçisinə sənəd verilsə də komvoyun işçisi Nərimanov məhkəməsinə aid sənədin üstündən xətt çəkib, aparmayıb. 4 sentyabrda da eyni hərəkəti ediblər”.

Ailə qeyd edir ki, sentyabrın 16-da yenə Nəsimi və Nərimanov Rayon Məhkəməsinə iki məhkəmə təyin olunub. Qasımov Nəsimi rayonu məhkəməsinə getməkdən imtina edib.

“Nərimanov Məhkəməsinə getmək üçün digər məhkəmədən imtina etdi. Dəyanət adlı komvoy işçisi Fazilə zorakılıq göstərərək zorla maşına mindirib Nəsimi Rayon Məhkəməsinə, oradan da Cəzaçəkmə Müəssisəsinə aparıblar”, – deyə ailə vurğulayıb. 

Onlar deyir ki, iki gündür Qasımovla əlaqə saxlaya bilmirlər və onun sağlıq durumundan narahatdırlar.

2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov 2025-ci il martın 13-də 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olunub.

Fazil Qasımov özünü təqsirli bilmir və heç bir cinayət törətmədiyini, ona qarşı irəli sürülmüş saxta pul ittihamının yalan olduğunu deyir. O, həbsinə etiraz olaraq artıq iki dəfə aclıq edib.

Ana səhifəSiyasi işlərFazil Qasımov quru aclığa başlayıb