Tofiq Yaqubluya qarşı həbsxanada təzyiqlərin artdığı bildirilir

Tofig Yagublu

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlərlə üzləşdiyi bildirilir.

Bu barədə sentyabrın 21-də siyasətçinin qızı Nigar Həzi sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Yaqublunun həbsxanadakı vəziyyəti getdikcə ağırlaşır.

“17 saylı Cəzaçəkmə Müəssisəsində Tofiq Yaqublunun həyatı dözülməz, yaşanmaz həddə çatdırılıb. Təzyiqlər isə get-gedə daha da artır”, -Nigar Həzi bildirib.

O, atasının saxlanma şəraitindən narahat olduğunu yazıb və əlavə edib ki, Yaqublu həyat yoldaşı Maya Yaqubluya etibarnamə vermək üçün təxminən dörd həftədir müraciət edir.

Nigar Həzinin sözlərinə görə, notariat xidmətinin göstərilməsi ilə bağlı məsuliyyət Ədliyyə Nazirliyi ilə Penitensiar Xidmət arasında yönləndirilir və buna görə məsələ həll olunmur.

“Gah deyirlər ki, bu işə Ədliyyə Nazirliyi baxır, gah da deyirlər Penitensiar Xidmət. Uzun sözün qısası, o, bunun üstünə atır, bu da onun. Hələ də anam etibarnaməni ala bilməyib”, – o yazıb.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2025-ci il martın 10-da onu 9 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə Yaqublunu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi – külli miqdarda ziyan vurmaqla dələduzluq, həmçinin 320-ci maddənin müxtəlif hissələri – saxta sənədlərin hazırlanması və istifadəsi ilə bağlı ittihamlar üzrə təqsirli bilib.

Yaqublu ittihamları qəbul etmir və həbsini siyasi motivli hesab edir. Hökm sonradan apellyasiya və kassasiya instansiyalarında da qüvvədə saxlanılıb. Ali Məhkəmə 2026-cı il aprelin 2-də kassasiya şikayətini təmin etməyib.

Tofiq Yaqublu bundan əvvəl də siyasi fəaliyyəti ilə əlaqəli müxtəlif həbslərə məruz qalıb. 2025-ci ildə həbsxanada aclıq aksiyası keçirib. 2026-cı ilin martında isə vəkili onun qısa müddətdə ciddi çəki itirdiyini bildirib.

Ana səhifəSiyasi işlərTofiq Yaqubluya qarşı həbsxanada təzyiqlərin artdığı bildirilir