Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elnur Həsənovun 6 saylı Cəzaçəkmə Müəssisəsində döyüldüyü və hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Məlumatı AXCP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Təzəxan Mirələmli sosial şəbəkədə yayıb.
Mirələmli bildirib ki, Elnur Həsənov bu il yanvarın 30-da 6 aylıq qapalı rejimli həbsxana şəraitinə köçürülüb. Onun sözlərinə görə, iyulun 30-da bu müddət başa çatdıqdan sonra Həsənov 6 saylı Cəzaçəkmə Müəssisəsinə aparılıb.
“Bu müddət ərzində nə özü zəng edib, nə də ondan bir xəbər almaq mümkün olub. Bu gün Elnura yaxın bir şəxslə əlaqə saxlanılıb və ona Elnur Həsənovun hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində olduğu bildirilib. Vəziyyəti çox ağırdır. Həmin şəxs onu da bildirib ki, Elnuru 6 saylı Cəzaçəkmə Müəssisəsində döyərək tanınmaz hala salıblar”, – Mirələmli yazıb.
Mirələmli Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsini, Penitensiar Xidməti və Ombudsmanı məsələni araşdırmağa çağırıb.
Meydan TV məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, Penitensiar Xidmət və Ombudsmanla əlaqə saxlamağa çalışsa da, münasibətini öyrənmək mümkün olmayıb.
Elnur Həsənov 2023-cü noyabrın 28-dən narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. 2024-cü il avqustun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib. Həsənov ittihamı qəbul etmir və həbsinin siyasi motivli olduğunu bildirir.