Kartdan-karta köçürmələrdə tətbiq olunan limit kimlərin həyatını çətinləşdirəcək?

Foto: fizkes/shutterstock

Avqustun 1-dən etibarən Azərbaycanda kartdan-karta pul köçürmələrinə limit tətbiq olunur. Yeni qaydalara əsasən, kart sahibləri gün ərzində maksimum 5 dəfə və ay ərzində ümumilikdə 20 min manat həcmində kartdan-karta pul köçürməsi edə biləcəklər.

Yeni məhdudiyyətlər rəsmi olaraq maliyyə fırıldaqları və vergidən yayınma risklərinin azaldılması ilə əsaslandırılsa da, ekspertlər qərarın vətəndaşları nağd ödənişlərə yönəldə, xeyriyyə kampaniyaları və kiçik sahibkarlar üçün çətinliklər yarada biləcəyini bildirirlər.

Limitlər eyni zamanda ödəniş kartlarının və elektron pul hesablarının sayına da şamil edilir. Yeni qaydalara əsasən, hər şəxs manatla maksimum 2 elektron pul qabından, hər bir xarici valyuta üzrə isə 1 elektron pul qabından istifadə edə biləcək. Həmçinin banklar və elektron pul təşkilatları müştərilərinin adına bağlı olan hesabların hər biri üzrə yalnız bir kart təqdim edə biləcəklər.

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyasının (AzFina) açıqlamasına görə, bu dəyişikliklərin məqsədi bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərini azaltmaqdır.

ABA-nın açıqlamasında qeyd olunur ki, yanaşma risk əsaslıdır və müştərilərin normal xarakterli mədaxil əməliyyatlarının məhdudlaşdırılmasını nəzərdə tutmur.

Məlumata görə, bəzi hallarda limitdən azadolmalar nəzərdə tutulur. Bu istisnalar müştərilərin öz hesabları və yaxın qohumlarına aid hesablara tətbiq olunmayacaq. Eyni zamanda, limitin aradan qaldırılmasını istəyən müştəri əməliyyatları barədə zəruri məlumatları təqdim etməlidir. Onun riskli müştəri olub-olmaması araşdırıldıqdan sonra limit ləğv edilə bilər. Bundan əlavə, belə kart istifadəçiləri əlavə ödəniş kartları ilə təmin oluna bilərlər.

“Bu yanaşma sağlam ödəniş əməliyyatı təcrübəsinə malik olan ödəniş xidməti istifadəçiləri üçün hər hansı əlavə məhdudiyyət və ya çətinlik yaratmayacaq, onların gündəlik əməliyyatlarına mənfi təsir göstərməyəcək. Ödəniş xidməti istifadəçiləri rəqəmsal ödənişlərin üstünlüklərindən, o cümlədən POS-terminal infrastrukturu və elektron bankçılıq xidmətlərindən ənənəvi qaydada istifadə etməyə davam edəcəklər”, – ABA-nın açıqlamasında vurğulanır.

Artıq yeni qaydalarla bağlı sosial mediada ciddi narazılıqlar ifadə olunur. Sadə vətəndaşlar və müxtəlif ekspertlər feysbuk üzərindən bu qərarın müəyyən fəsadlara yol aça biləcəyini qeyd edirlər.

 “Hansı normal kommersiya qurumu dövriyyəsini azaldacaq məhdudiyyəti tətbiq edər ki?”

 Bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov yazır ki, bu limitlər şəffaflığın artırılması, fırıldaq hallarının azaldılması, vergidən yayınma və qanunsuz mərc oyunlarının qarşısını almağa xidmət etsə də, yanaşma düzgün deyil: 

“Məqsədin səmimi olduğuna inanıram. Amma sivil ölkələrdə (uzağa getməyək, elə qonşumuz Gürcüstanda) bu məqsədə limitlərin tətbiqi yolu ilə deyil, rəqəmsal monitorinq yolu ilə nail olunur. Belə ki, həmin ölkələrdə hər bir vətəndaş ildə bir dəfə gəlirlərini bəyan edir. Buna görə də kartdan-karta yolu ilə ona daxil olmuş vəsaitlərlə bəyan etdiyi gəlirlər arasında fərq olduğu halda vətəndaş məsuliyyətə cəlb olunur. Azərbaycanda isə hətta məmurlar da gəlirlərini bəyan etmir. Halbuki 2005-ci ildən bunu tələb edən Qanunumuz var. Buna görə də bizdə çirkli pulların yuyulmasına qarşı mübarizə işlək deyil. Vətəndaş banka əmanət yerləşdirəndə, avtomobil və ev alanda, yaxud başqasına pul köçürəndə ona qarşı hər hansı irad irəli sürülə bilməz. Vəsaitin mənbəyini soruşsanız istədiyi cavabı verə bilər. Məsələn, deyə bilər ki, “babamdan qalıb”! Sivil ölkələrdə isə vətəndaş bu cavabı verə bilməz, çünki hər il əmlakı və gəlirləri barədə bəyanat verir”.

Ə.Həsənov əlavə edir ki, hazırda tətbiq olunmuş limitin, habelə illər öncə tətbiq edilməyə başlamış xarici valyuta alışına illik 20 min manatlıq limitin bir səbəbi var: 

“Məmurlarımız “qara” qaydada işləməyə davam etmək istədikləri üçün sıravi vətəndaşları “ağ” maliyyə qaydalarına alışdırmaq üçün primitiv və kobud alətlərdən istifadə edirlər”.

Hüquqşünasın sözlərinə görə, bunun üçün seçilmiş yolun özü də bazar iqtisadiyyatı ruhuna uyğun deyil: 

“Necə yəni Mərkəzi Bank banklarla razılıq əldə edib? Yəni banklar könüllü olaraq öz üzərlərinə məhdudiyyət qoyublar? Necə ki, valyuta alışına illik 20 000 manatlıq limiti də guya banklarımız könüllü tətbiq edib. Hansı normal kommersiya qurumu dövriyyəsini azaldacaq məhdudiyyəti tətbiq edər ki? Normal bazar iqtisadiyyatı şəraitində bu cür məhdudiyyətləri, xüsusilə vətəndaşlara aid olan məhdudiyyətləri kommersiya qurumları müəyyən etmir. Dövlət müəyyən edir. Buna görə də normal şəraitdə bu limitlər qanunda təsbit olunmalı idi.

Əlbəttə ki, bu limitlər əhalinin əksəriyyəti üçün heç bir problem yaratmayacaq. Onların nə aylıq 20 min manatlıq pulu var, nə də gündə 5 dəfə kiməsə köçürmə etmək zərurəti və imkanı. Əksər hallarda bu limitlər həqiqətən də vergidən yayınmaq istəyənlər üçün müəyyən narahatlıq yaradacaq. Məsələn, mikrosahibkar müştərilərindən pulu hər dəfə kartına ala bilməyəcək. Lakin problemi qismən başqa yolla həll edə bilər: limitdən yuxarı pul onun yaxınlarının (ailə üzvlərinin, dostlarının və s.) kartına köçürülə bilər. Ən əsası isə pulu sadəcə nağd ala bilər və ən mənfisi də budur. Dövlət özü insanları nağd ödənişlərə qayıtmağa təşviq edir. İndiki halda dövlət heç olmasa nağdsız ödənişləri görürdü. Bundan sonra isə limitdən yuxarı ödənişlər sadəcə nağd ediləcək və dövlət onları görməyəcək. Bunumu istəyirik? Bizə bu lazımdır?”

Hüquqşünas hesab edir ki, bu limitlər vicdanlı vətəndaşların hüquqlarının pozulmasıdır: 

“Məsələn, tutaq ki, mənə bu ay hansısa şəxs 25000 manat borcunu ödəməlidir. Niyə bunu kartdan-karta edə bilməz? Nədir-nədir, 20 000 manatlıq aylıq limit var? Sivil ölkədə bu ödənişi etməkdə problem olmamalıdır. Sadəcə dövlət vəsaitin mənbəyi və əsl səbəb ilə maraqlana bilər. Hər kəsin gəlir bəyannaməsi olan ölkədə bunu araşdırmaq elə də çətin deyil. Lakin bizdə kölgə iqtisadiyyatı ilk növbədə elə məmurların gəlirinin qeyri-şəffaf olmasına söykəndiyi üçün bu cür nəzarət mümkünsüzdür. Qeyri-şəffaf insanlar bizə şəffaflıq dərsi keçir. Nəticədə isə sadəcə nağd dövriyyə artacaq”.

Xeyriyyə işlərində çətinliklər yaranacaq

Sosioloq Yusif Nəbiyev isə yazır ki, qərar sosial şəbəkələr üzərindən həyata keçirilən xeyriyyə işlərinə təsir göstərəcək: 

“Sosial şəbəkələrdə bu qədər xeyriyyə işləri edilir. Kart paylaşırlar və insanlardan da kimin nəyə gücü çatdı pul göndərirdi.

Belə kartlara bəlkə də elə gün olur ki, yüzlərlə pul gəlir. 1 manat, 5 manat…

Nə olacaq bu insanların halı?

Bu qərarı verərkən görəsən belə insanları da nəzərə alıblarmı? Dövlət öz öhdəliyinə götürəcəkmi belə insanların müalicəsini?

Yoxsa, “kim ölürsə, canı çıxsın ölsün” deyirik?”

İnsanlar nağd pula keçəcəklər

İqtisadçı Natiq Cəfərli isə bildrir ki, insanlar əvvəl kartda pul saxlayırdılar, heç bir problem olmadan kartdan-karta köçürürdülər. Onun sözlərinə görə, istənilən məhdudiyyətlər də alternativlər yaradır: 

“Belə qərarlar qəbul edilərkən hökumət düşünürsə ki, bu addım qeyri-leqal əməliyyatların və müəyyən qədər vergidən yayınma hallarının qarşısını alacaq, əslində əks-effekt doğuracaq. İnsanlar nağd pula keçəcəklər. Kartda pul saxlamaq əvəzinə gedəcək bankomatdan nağdlaşdırıb cibinə qoyacaq. Yəni köhnə vəziyyətə qayıdacaq. Belə məhdudlaşdırıcı addımlarla vergi və digər məsələləri həll etmək mümkün deyil. Yəni “saça kəpək düşəndə, başı kəsmirlər, səbəbini tapıb, müalicə edirlər”.”

Ana səhifəİqtisadiyyatKartdan-karta köçürmələrdə tətbiq olunan limit kimlərin həyatını çətinləşdirəcək?