Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin üzvü İlqar Məmmədov Prezident İlham Əliyevə müraciət edib.
Məmmədov müraciətində bildirib ki, onun ünvanına siyasi fəaliyyətini dayandırmağa yönəlik “xəbərdarlıq” xarakterli açıqlamalar səsləndirilir və bu məsələyə dövlət başçısının münasibət bildirməsini istəyir.
“Mən bilmək istərdim ki, bizim ölkədə dövlət başçısının razılığı və bilgisi olmadan mənim siyasi fəaliyyətimi dayandırmaq məqsədini güdən xəbərdarlığı kimsə edə bilərmi? Əgər edə bilməzsə, onda niyə belə şeylər olur?”, – İlqar Məmmədov müraciətində yazıb.
Siyasətçi bildirib ki, belə açıqlamaların Prezidentdən qaynaqlandığına inanmaq istəmədiyini bildirib:
“Fəal təbliğatçınız olan şəxsin ünvanıma bu cür xəbərdarlıqlar paylamasının sizdən qaynaqlandığına inanmağım gəlmir”, – deyə Məmmədov qeyd edib.
Məmmədov əlavə edib ki, siyasi fəaliyyətini “dürüst və səmimi, çağdaş və dinc” şəkildə davam etdirir və 2020-ci ildən sonra siyasi fəaliyyətlə bağlı çətin bir dövrün geridə qaldığını düşünmək istəyir.
O, müraciətində qeyd edib ki, ictimai-siyasi sahəyə qoşulan yeni nəslin qorxu mühitində formalaşmasını istəmir.
“Bu səbəbdən sizdən bu hadisəyə münasibət eşitməkdən məmnun olardım”, – deyə İlqar Məmmədov bildirib.
Müraciətə səbəb isə Ağasif Şakiroğlunun İlqar Məmmədovun Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü ilə bağlı paylaşımını tənqid etməsi və onun ünvanına “son xəbərdarlıq” xarakterli ifadələr işlətməsi olub.
İlqar Məmmədov 2013-cü ildə İsmayıllı hadisələri ilə bağlı həbs olunub. O, kütləvi iğtişaşların təşkili ittihamı ilə azadlıqdan məhrum edilib, daha sonra Avropa İnsan Hüquqları Məhkəməsi onun hüquqlarının pozulduğunu bildirib və Məmmədov 2018-ci ildə azadlığa buraxılıb.