Lənkəran Penitensiar Kompleksində saxlanılan dini inanclı məhbus Mənsur Vəlişov müəssisə rəhbərliyi tərəfindən təhdid olunur.
Bu barədə məhbusun ailəsi Meydan TV-yə məlumat verib.
Ailə deyir ki, həmin müəssisədə vəziyyəti pisləşən qaziyə yardım tələb etdiyi üçün Vəlişov cərimə kamerasına (“kars”a) salınıb. Vəlişov buna etiraz olaraq 4 gündür aclıq aksiyasına başlayıb.
“Mənsur deyir ki, qışqırığı eşitdim, çıxdım bayıra ki, görüm nə olub. Görüb ki, həmin qazi məhbus yerdə can verir. Digər məhbuslar da, o da etiraz ediblər ki, həkim çağırın. Mənsuru sırf “həkim çağırın” dediyinə görə, cəza kamerasına salıblar. Cəza kamerasından da göndərəcəklər Qobustan qapalı rejimli həbsxanaya”, – deyə həyat yoldaşı bildirib.
Lənkəran Penitensiar Kompleksinin rəisi: “Sənin kimi çox oğullar ölüb burda”
Ailənin sözlərinə görə, müəssisə rəisi Vəlişovu ölümlə hədələyir. Həmçinin məhbusun şikayət yazmasına da maneələr yaradılır:
“Lənkəran həbsxanasının rəisi deyib ki, sənin kimi çox oğullar ölüb burda. Mənsur deyir ki, bir A4 kağızı istəyirəm ki, Prezidentə şikayət yazım, onu belə vermirlər. Xaricdən yoxlama gəlib, yoldaşım ingilis dilini bildiyi üçün onlarla ingilis dilində danışıb. Buna görə yenidən zorakılıq göstəriblər ki, bizi şikayət etdin. Bəs sən ölsən belə, bizim vecimizə deyil, aclıqdan öləcəksən”.
Ailə deyir ki, baş verənlərlə bağlı Penitensiar Xidmətə və Ombudsmana müraciət etsələr də, cavab ala bilməyiblər.
Mənsur Vəlişov 2023-cü ilin martında İmişli polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə maddəsi ilə ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Mənsur Vəlişov ittihamları qəbul etmir, dini inancına görə təqib olunduğunu deyir.
Azərbaycan Siyasi Məhbuslarına Azadlıq Birliyinin 2026-cı ildə açıqladığı siyasi məhbus siyahısında 182 nəfər dini inanclı var. Hüquq müdafiəçiləri bildirirlər ki, bu şəxslərin bir çoxu şiə dini icmasına mənsubdur və onların bir hissəsi narkotik ittihamları ilə həbs edilib.
Azərbaycan hakimiyyəti isə bu ittihamları qəbul etmir və bildirir ki, şəxslər dini fəaliyyətlərinə görə deyil, törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunurlar.