Meydan TV-nin budəfəki müsahibi yazıçı Rasim Qaracadır. Onunla Azərbaycan ədəbiyyatının bugünkü problemləri, yazıçıların ictimai və siyasi proseslərə münasibəti, mədəniyyət sahəsindəki geriləmə, müstəqil ədəbi mühit və azad yazıçı anlayışı barədə söhbət etmişik:
-Rasim bəy, oxucular sizi uzun illərdir yazıçı, şair, ədəbi təşkilatçı və naşir kimi tanıyır. Bəs siz bütün bu fəaliyyətlərin arxasında duran insanı necə təqdim edərdiniz?
-Bu sualınızdan görünür ki, hələ də ictimai kimliyim formalaşma prosesini tamamlamayıb. Doğrudan da mən kiməm? Mən özümü poet sayıram, bu bizim bildiyimiz klassik mənada şair qavrayışı ilə eyni deyil, həyatı sözlərə çevirən və bundan zövq almağa çalışan bir kimlik forması. Belə olanda sən şeirə nələrəsə çatmaq üçün bir vasitə kimi baxmırsan, onun arxasında hər hansı imtiyaz, hörmət və ya mötəbərlik kimi bir şey güdmürsən. Özümün naşir və ya təşkilatçı sifətimi qəbul etmirəm, buna görə də diqqət etsəniz, heç zaman naşir kimi önə çıxmıram, yazıçı, qələm adamı namım mənim üçün daha qiymətlidir.
“Anamın ‘mənim həyatımı yazarsan’ sözü məni yazıçı olmağa həvəsləndirib”

-Uşaqlığınız və böyüdüyünüz mühit dünyagörüşünüzə və yazıçı kimliyinizin formalaşmasına necə təsir edib? Ədəbiyyata ilk marağınız necə yaranıb?
– “Biz yenicə yaşamağa başlayanda isə, ömür, əlbəttə, sona yetəcək” – belə bir poemim var. Dünyagörüşüm formalaşmağa macal tapmamış gələcək gəlib çatmış. Bu gələcək anlayışı sirlidir, sərhədlərinin harada olduğunu bilmirsən… Loğmanın ölüm hökmü verdiyi xəstənin lətifəsini bilirsiniz yəqin ki. Dərdinin tək bir əlacı var, ildırım vurmuş qarğa əti yeməlidir və təsadüfən bu baş verir. Mənim keçdiyim yol da təqribən buna bənzəyir, əslində hər bir insanın. Yəqin bilirsiniz, Əli Bayramlıda, indiki Şirvan şəhərində doğulmuşam. 14 nömrəli rus məktəbinin Azərbycan bölümündə oxumuşam. Bu mühit fərqli idi. Həqiqi mənada çoxmillətli və fərqli mədəniyyətlər bir arada idi. Bacım və qardaşım rus bölməsində oxuyurdu. Bizim evdə ənənə ilə müasirlik tez-tez toqquşurdu. Ədəbiyyata, sənətə marağım necə yarandı? – ilk impulsları xatırlamıram. Ancaq atamın bir az rəssamlığı vardı, kiçik də olsa maraqlı kitab kolleksiyası vardı. Anam evdar qadın olsa da kitab oxumağa həvəsliydi. Bəzən eyni romanı ikimiz də oxuyurduq və kitabı ondan ala bilmək qəhrəmanlıq idi. Bəlkə də anamın bir sözü, “böyüyəndə mənim həyatımı yazarsan” deməsi məni yazıçı olmağa həvəsləndirib.
-Gənclik illərinizi xatırlayanda sizi formalaşdıran insanlar, kitablar və hadisələr hansılar olub?
– Bu sarıdan bəxtim gətirib, hansısa sirli qüvvələr hər zaman qarşıma lazım olan insanları çıxarıb. Bu haqda “Zülmətdə alatoran” romanımda geniş yazmışam. Gənclik illərində oxuduğum kitablara gəldikdə isə, sovet nəşriyyatlarının çap etdiyi demək olar ki hər şeyi oxumuşam. “Səfillər”, “Ailəsiz”, “Balaca səfil”, “Alçaldılmış və təhqir olunmuş insanlar” – bir dəfə anam oxuduğum kitablara baxıb, “ancaq yetim-yesir ədəbiyyatı oxuyursan” demişdi. 9-cu sinifdə “Vaqif” pyesini tamaşaya qoymuşduq, baş rolda mən idim. Sonrakı günlərdə dərs danışan zaman Gülara müəllimənin dediyi söz yadımdadır: “Rasim, roldan çıx!”. Bu cümləni bütün həyatıma aid edə bilərəm. Oxuduğum kitabların təsiri ilə mən xəyali bir aləmdə yaşamışam, oradan çıxa bilməmişəm və ya çıxmaq istəməmişəm…
-Həyatınızda yazıçılığın sadəcə maraq deyil, əsas yol olduğunu anladığınız xüsusi bir məqam olubmu? İlk yazdığınız illəri necə xatırlayırsınız?
-İncəsənət nə üçün sirlidir, nə üçün onunla yaşamaq, onunla qalmaq istəyirsən? Bu suala hər birimiz cavab verməliyik. Həyatımızdakı çətinliklər qarşısında incəsənət və ədəbiyyat müqəddəs bir məkan kimi görünür. Aldığın hər yara səni sənətə daha da bağlayır, orada təsəlli tapırsan. Yaradıcılıqdan başqa yolunun olmadığını başa düşəndə, o sənin əsas yolun olur. Sənətin başqa yolu yoxdur, o, əzabdan, ağrıdan doğulmalıdır. Füzulinin sözləri ilə desək, “bir şövqdən və zövqdən deyildir”. Loru dildə desək, sənət “kayf” sferası deyildir. Əks halda bu fəaliyyətin adı qrafomanlıqdır. Orta məktəbdə oxuyanda sevdiyim qıza şeirlər yazırdım. İlk yazmağa başladığım illəri belə xatırlayıram.
“Oxucunun rahatlığını pozan əsərlər mənim idealımdır”

– Sizin mətnlərinizdə azadlıq, fərdilik və ənənəvi olmayan mövzular xüsusi yer tutur. Bu mövzular şəxsi həyat təcrübənizlə nə qədər bağlıdır?
– Mənim yaradıcılıqda bir prinsipim var: təkrarsız olmaq, heç kimə bənzəməmək. Həyatın özündə də təkrarsız olan, yalnız bir dəfə baş verən hadisələri axtarıram, onları yazmağa çalışıram. Bəşər tarixində yalnız bir dəfə baş verən hadisə maraqlıdır və inandırıcıdır. Ola bilsin çox adi bir hadisədir, ancaq yalnız bir nüsxədir. İndiki süni intellekt zamanında bu məqam aktuallıq qazanır. Təkrar olunan hadisələri həm süni intellekt, həm də “süni intellektuallar” çox asanlıqla kopyalaya bilir. Əsərlərimdə “özbaşınalığa pərəstişkarlıq” mühüm yer tutur, bu eyni zamanda mətnlərimə azadlıq vəhmi verir, sığallı mətləblər mənə görə deyil… Ənənəvi olmamağa çalışıram. Ənənə təkrar deməkdir. Qrafomanlar üçün bu yaxşı sığınacaqdır. Nə qədər istedadlı olsan da, Xəstə Qasımdan, Tufarqanlı Abbasdan, Aşıq Alıdan daha yaxşı gəraylı-qoşma yaza bilməzsən…
– Sizcə, yazıçının dünyaya baxışı onun əsərlərində nə qədər görünməlidir? Yazıçı öz həyatından nə qədər istifadə edir?
-Yazıçının bir yolu var, o da eksperimental yol. Xoşa gələn əsərlər deyil, xoşa gəlməyən əsərlər yazmaq, xalını hovuna sığallamamaq, tərs və inadkar olmaq. Əgər sənin dünyaya baxışın eksperimentaldırsa bu əsərlərində də özünü göstərəcək. Nicat Məmmədovun sözləri ilə desək, “yazıçı özü özünə bərabər olmalıdır”. Yaradıcılıq bərabərsürətli düzxətlə fəaliyyət sahəsi deyil. İki yoldan birini seçməlisən, ya qalstuk taxıb boy sırasına düzlənməlisən, ya da yaxasıcırıq dərvişi bağrına basmalısan. Ya olduğun kimi görünməli, ya da göründüyün kimi olmalısan. Öz həyatını bir romanı yazırmış kimi yaşamalısan. Bəlkə də bu sənin ən yaxşı əsərin olmalıdır.
– Sizin üçün uğurlu əsərin əsas meyarı nədir? Yazdığınız əsərlər arasında sizə ən yaxın olan əsər hansıdır və niyə?
-Dediyim kimi xalını tərsinə sığallayan, oxucunun rahatlığını pozan, onu özü ilə üzləşməyə məcbur edən əsərlər mənim idealımdır. Son illərdə kəşf etdiyim bir xüsus, hər hansı mətn gözəl cümlələrlə süslənməlidir. Təbii ki, inşa etdiyin bina gözəl olmalıdır, lakin onu toxumaq üçün həm də gözəl kərpiclər seçməlisən. Razıyam ki, pinti dillə yazılmış yaxşı əsərlər ola bilər, ancaq mənim tərcihim yaxşı cümlələrlə hörülmüş yaxşı əsərdir. Bunu deyərkən, bizim yazarların tez-tez işlətdiyi “yaxşı dil” qavramını nəzərdə tutmuram, “yaxşı cümlə” deyirəm. Yazdığım əsərlər arasında mənə ən yaxın olan əsər hansıdır sualınıza gəldikdə, mənim yazıçı tipim elədir ki, hər yazdığım əsər bütöv bir əsərin fraqmentləridir deyə bilərəm. Birinci şəxsin dilindən yazıram, bütün əsərlərimdə baş qəhrəman özüməm. Eyni zamanda, bu “özüm”ü ideallaşdırmamaq əsas məşğuliyyətimdir.
-Yazı prosesi sizin üçün necə baş verir? Yazmaq daha çox düşüncə prosesi, daxili ehtiyac, yoxsa həyatla mübarizə formasıdır?
-Təqribən bir aya bir hekayə yazıram. Hər gün bir-iki cümlə ilə irəliləyirəm, süjeti necə davam etdirəcəyimi götür-qoy edirəm. Bu zaman alır, bəzən bir ay, bəzən də iki ay. Tamamladıqdan bir-iki ay sonra hekayəyə yenidən qayıdıb redaktə edirəm. Şeirlərim təsadüfən doğulur. Yolda, avtobusda, çayxanada birdən ağlıma bir ideya gəlir, telefonuma qeyd edirəm, sonra cilalayıb şeir formasına salıram. Məsələn, son yazdığım şeir belədir:
“Artıq elə bir yaşa gəldim ki,
düşünərkən belə gözlük taxıram,
daha doğrusu, gözlük taxmasam düşünə bilmirəm…”
“Yazıçının işi siyasi plakat asmaq deyil”

-Vaxtilə Azad Yazarlar Ocağının (AYO) yaranması və “Alatoran” jurnalının fəaliyyəti Azərbaycan ədəbiyyatında ciddi bir dalğa yaratdı. AYO hansı ehtiyacdan yarandı və Azərbaycan ədəbi mühitində hansı rolu oynadı?
-AYO və “Alatoran” 2000-ci illərin gənc qələmlərinin tamamilə durğun, sovetdən qalma konyunktura sisteminə, monoton ədəbi iyerarxiyaya qarşı təbii bir reaksiyası idi. Ədəbiyyat kimlərinsə inhisarında olmamalı idi. Biz azad, sərbəst, hər cür tabulardan uzaq bir ədəbi platforma yaratmaq istəyirdik. “Alatoran” yalnız jurnal deyil, alternativ düşüncə məktəbi oldu. Biz göstərdik ki, dövlət dotasiyası olmadan, rəsmi statuslar almadan da müstəqil ədəbiyyat yaratmaq, gənc yazarları bir araya gətirmək, eyni zamanda dünya ədəbiyyatını tərcümə edib mühitə gətirmək mümkündür. O dalğanın təsiri bu gün də davam etməkdədir.
-Yazıçı cəmiyyətin siyasi və sosial problemlərinə münasibət bildirməlidirmi, yoxsa onun əsas işi yalnız ədəbiyyat yaratmaqdır? Əgər bildirirsə, onun məsuliyyəti və sərhədləri haradan başlayır? İctimai mövqeyi olan yazıçı ilə ideoloji təbliğat aparan yazıçı arasındakı fərq nədədir?
-Yazıçı ilk növbədə insandır və cəmiyyətdə yaşayır. Əgər ətrafında haqsızlıq, ədalətsizlik baş verirsə o, buna tamamilə laqeyd qala bilməz, əgər qalarsa, onun yaratdığı ədəbiyyatın səmimiyyəti şübhə altına düşər. Amma yazıçının işi siyasi plakat asmaq da deyil. Qələm ən həssas əşyalardan biri, bəlkə də birincisidir, o asanlıqla sındırıla və ya satın alına bilər. İctimai mövqeyi olan yazıçı həqiqətin tərəfində durur, ideoloji təbliğatçı isə hansısa siyasi qrupun və ya gücün maraqlarına xidmət edir. Problemlərə münasibət bildirmənin hansısa bir sərhəddi yoxdur, bu yazıçının vicdanına qalmış məsələdir. Bu məsələdə dəqiq cizgilər qoymaq mümkün deyil.
-Deyirsiniz ki, yazıçı haqsızlığa laqeyd qala bilməz. Amma son illər siyasi həbslər, insan haqları ilə bağlı məsələlərdə sizin də ictimai mövqeyiniz əvvəlki illərlə müqayisədə daha az görünür. Bu, şüurlu seçimdir, yoxsa başqa səbəbləri var?
-Güman edirəm ki, onların susqunluğuna səbəb sadəcə olaraq cəzalanmaq və ya həbs olunmaq qorxusudur. Rafiq Tağının ölümündən sonra, 2011-ci ildən başlayaraq yazıçılar birmənalı olaraq azad yazıçı ideyasına arxa çevirdi, boy sırasına düzülmək daha sərfəli olmağa başladı… Mən ədəbiyyat sahəsində 10 il ərzində bir insanın bacara biləcəyindən daha artıq ictimai mövqe sərgiləmişəm. Lap əvvəldən mənim məqsədim siyasi arenada deyil, ədəbiyyat mühitində hansısa dəyişikliklərə nail olmaq olub, düşünürdüm ki, hər kəs öz mətbəxini təmizləsə, bu nəticədə hansısa bir inkişafa gətirib çıxara bilər. Lakin bu belə olmadı. Doğrudur, Alatoran hərəkatı ədəbiyyatımıza yeni adlar verdi və dəyərli əsərlər də yarandı, lakin sonrakı illərdə get-gedə artan bir tənəzzüllə qarşı-qarşıyayıq. Təkcə ədəbiyyatda deyil, kinoda, musiqidə və s.-də vəziyyət belədir. Əlbəttə ki, “quş qoymaq” xatirinə hansısa işlər görülür, ancaq nəticə önəmlidir. Dolayısı ilə, bizim mübarizə aparmağımızın heç bir nəticəsi olmadı deyə bilərəm. Azad Yazar adı ilə meydana atılanlar çox asanlıqla “boz axına” qoşuldu. Bütün olanlar, yaxın zamanda nələrinsə yaxşılığa doğru dəyişəcəyinə ümidlərimi azaldıb. Təşəbbüs indi yox, çoxdan əldən verilib. Bir sürü qrafoman ədəbiyyatımızın qan damarlarını zəbt edib, əsl istedadlara ölkənin mədəni prosesində yer yoxdur. Yaxın dostum Fərhad Yalquzaq ehtiyac üzündən intihar etdi. Rus klassik poeziyasının əvəzsiz tərcüməçisi Fərican Yarən vaxtsız dünyasını dəyişdi, xaricdə müalicə oluna bilərdi… İndiki halda, mən mümkün qədər faydalı olmağa, boz axına qoşulmamağa çalışıram, bunun özü də müqavimətin bir formasıdır.
“Kölə yazıçı olmamaqdan ötrü mümkün olanı edirsən”

– Sizcə, “azad yazıçı” anlayışı nə deməkdir? Azərbaycanda yazıçı öz mövqeyini açıq ifadə edə bilirmi?
– Mənim düsturum belədir: “kölə yazıçı” olmamaqdan ötrü mümkün olanı edirsən, yerdə nə qalırsa onun adı olur “azad yazıçı”. Əks halda “Azad yazıçı” olmanın bir tərifi yoxdur. Başqa sözlə, bu məsələdə necə olmalı olduğunu deyil, necə olmamalı olduğunu bilməlisən. İşığı axtarmağa ehtiyac yoxdur, sən qaranlığı yox edirsən və yerdə nə qalırsa onun adı olur “işıq”. Azərbaycanda mövqeyini açıq şəkildə ifadə etmək o qədər də təhlükəsiz sayılmaz. Lakin, yazıçı istəsə, ən sərt şəraitdə də öz sözünü eyhamla, sətiraltı ifadələrlə, sənətin dili ilə deməyi bacarmalıdır. Mövqeyini açıq ifadə edə bilmək məsələsində dünyada Rotterdamlı Erazm nümunəsi var. Stefan Sveyq onu ilk avropalı ziyalı adlandıb. Stefan Sveyqin Rotterdamlı Erazm haqqında monoqrafiyası “Alatoran” Yayınlarında nəşr olunub. Ən çətin şərtlərdə belə Erazm öz simasını qoruya bilib, xristianlarla protestantlar mübarizə aparanda həyatı təhlükədə olub, ancaq o dövrdəki bir çox islahatlar onun adıyla bağlıdır.
– Bəs ümumi mənzərədə bu gün Azərbaycan ədəbiyyatının vəziyyətini necə qiymətləndirirsiniz? Onun əsas üstünlükləri və problemləri nələrdir? Oxucu, nəşr imkanları və yeni ideyalar baxımından ədəbi mühit hansı vəziyyətdədir?
– Əsas üstünlük odur ki, artıq dünya ədəbiyyatına çıxış imkanları genişdir, gənclər xarici dilləri bilir, dünyada nə baş verdiyini izləyə bilirlər. Problemlərin isə kökü dərindədir: oxucu auditoriyasının kiçikliyi, kitab bazarının zəifliyi və peşəkar tənqidin olmaması. Mədəni idarəetmə dünyadakı yeni idarəetmə modelləri ilə uyğunlaşdırılmalıdır. Yazıçılar Birliyi, Rəssamlar İttifaqı kimi sovet modellərindən imtina edilməlidir, zaman göstərdi ki, bu cür quruluşlar dinamik ola bilmir, yaratmaq deyil, nəzarətdə saxlamaq ideyası üzərində qurulub. Bu cür quruluşlardan yeni ideyalar çıxa bilməz. Siz nəşr olunan ədəbiyyat jurnallarının poliqrafik keyfiyyətinə, dizayn özəlliklərinə baxsanız hər şey aydın olar, hələ çap edilən əsərlərin səviyyəsini demirəm – bizdə bir söz var, “yola vermək”, onun kimi bir şey. Ürək yanğısını, yaradıcılıq ehtirasını, ədəbiyyatın qəlbi isidən nəfəsini bu jurnallarda hiss edə bilmirsən. Bunun bir səbəbi var: işlək model deyil. Ədəbiyyat prosesində “doğru halət görmədim” deyə bilərik. Acınacaqlı deyilmi, indi kitab tirajları minimuma düşüb, müəlliflər öz kitablarını 100, bəzən də 50 ədəd çap edirlər…
– Müstəqil və fərqli ədəbiyyat yaratmaq istəyən müəlliflərin qarşısında bu gün hansı əsas maneələr dayanır?
– Ən böyük maneə -iqtisadi asılılıq və kütləvi zövqün basqısıdır. Müstəqil müəllif öz kitabını çap etdirmək, satmaq və dolanmaq üçün ciddi problemlərlə üzləşir. Digər tərəfdən, sosial şəbəkələrin yaratdığı ümumi səthilik dərin ədəbiyyatın oxunmasını çətinləşdirir. Müəllif ya kütlənin zövqünə uyğunlaşmalı, ya da təcrid olunmağı gözə almalıdır.
– Bu problemlər xüsusilə gənc yazarların yaradıcılıq yoluna necə təsir edir? Sizcə, bu gün gənc müəllifin formalaşması və dünyaya çıxması üçün hansı imkanlar çatışmır?
-Gənclərin qarşısındaki əsas çətinlik sistemli ədəbi mühitin olmamasıdır. Artıq elə bir zamana gəlib çatmışıq ki, bir yazıçının fərdi şəkildə parlaması demək olar ki, mümkün deyil. Əlbəttə, lokal Azərbaycan mühitində bu ola bilər, lakin ədəbiyyat dünyəvi bir hadisədir, yazdığın əsərlər başqa coğrafiyalara da çıxmalıdır. Bu sahədə dünyada böyük yarışma var, hər dövlət özünün ən yaxşı yazarlarının tanınmasında maraqlıdır, çünki nəticə olaraq tanınan bir yazıçını özünün mədəni qələbəsi kimi görür, bu həmin dövlətin mədəni imici üçün lazımdır. Buna görə də, demək olar ki, dünyanın bütün ölkələrində tərcüməyə dəstək proqramı fəaliyyət göstərir, yerli yazarların xaricdə nəşr olunmasına bu şəkildə dəstək verilir. Bizdə isə hələ də Tərcüməyə Dəstək Proqramı yaradılmayıb. Bu o deməkdir ki, Azərbaycan yazarları dünyadakı ədəbiyyat proseslərinə qoşulmaq imkanlarından məhrumdur. Dolayısı ilə, bu gün Azərbaycanda gənc yazarların öz yaradıcılıqları, parlaq istedadları sayəsində hansısa bir nəticəyə çatmaq imkanlarını üfüqdə parıltıya bənzətmək olar. Maddi sıxıntı, kimlərdənsə asılı olmaq, kimlərisə tərifləməyə məcbur olmaq onların yaradıcılıq ruhunu buxovlayır.
“Hakimiyyətə yaxın olmaq şairin təbiiliyini pozur”

-İllər ərzində dəyişən Rasim Qaraca ilə ilk yazmağa başlayan gənc Rasim Qaraca arasında hansı fərqlər var? Keçmişdə müdafiə etdiyiniz, amma bu günbaşqa cür baxdığınız məsələlər varmı?
-Fərqlər var, əlbəttə. Əvvəllər təlim, tərbiyə və ya maariflənmə yolu ilə nələrinsə dəyişəcəyinə şübhə etmirdim. İndi isə fərqli düşünürəm. Tarixdən gələn vəhşi təbiətimizin qarşısında maariflənmə ideyası acizdir. Ən azından ədəbiyyat sahəsində nələrisə sürətlə dəyişə biləcəyimə inanırdım. İndi isə heç nəyə etiraz etmək və heç nəyi düzəltmək istəmirəm. Davamlı fəaliyyətin və fərdi nümunənin vacibliyini dərk edirəm.
– Həyatınızda sizi ən çox sınağa çəkən dövr hansı olub və həmin dövr sizə nə öyrədib?
-90-cı illəri özüm üçün də, cəmiyyətimiz üçün də sınaq illəri adlandırıram. Sovet dövründə yetişən ziyalı, savadlı, oxumuş insan ordusu 90-cı illər uçurumundan adlaya bilmədi, taksi sürücüsü, alverçi kimi aşağı kateqoriyalarda məskunlaşdı. Bir çoxu sadəcə dözmədi, məhv oldu. Keçid dövründən ləyaqətlə çıxan insanların sayı çox azdır. Bu gün biz müstəqilliyə qədərki mədəni səviyyəni sürətlə itiririk. Bu geriləmə xüsusən ədəbiyyat və incəsənət sahəsində özünü aydın göstərir. Musiqi, kino, ədəbiyyat və s. sahələrdə ciddi geriləmə var. Ədəbiyyat sahəsində bu böhranlı vəziyyətdən çıxmaq üçün mən şəxsim olaraq müəyyən cəhdlər etmişəm – Alatoran hərəkatı təqribən 10 il ərzində – 2001-2011-ci illər – bir neçə ciddi ədəbi simanı ortaya çıxarıb. Sonrakı illərdə biz yenə geriləmənin şahidi oluruq və mən bu geriləmənin dibini görmürəm. Əgər ciddi addımlar atılmasa, biz bu günkündən daha primitiv səviyyəyə düşəcəyik.
-Bunu ölkənin kiçik olması ilə izah etmək olarmı? Əvvəllər böyük SSRİ mədəni prosesinin tərkib hissəsi idik, buna görə də nisbətən iri miqyaslı musiqi, kino və ya ədəbi əsərlər yaranırdı. İndi isə yatıb-durub özümüzü görürük, alqoritm kiçilib.
-Bu dediklərinizdə böyük həqiqət var. Eyni zamanda, müstəqillik illərində biz diqqətimizi mədəni proseslərdən yayındırdıq, mədəniyyət sahəsinə olmasa da ola biləcək dekorativ bir element kimi baxıldı. Təsadüfi deyil ki, Parlament komissiyaları sırasında Mədəniyyət Komissiyası siyahının ən axırlarındadır. Bu mədəniyyət sahəsinə göstərilən münasibətin bariz nümunəsidir. Şübhəsiz ki, ölkənin müharibə şəraitində yaşaması da mədəniyyəti arxa plana sıxışdıran amillərdən idi. Halbuki, müstəqilliyin ilk günündən dövlət quruculuğumuzun təməlində mədəniyyət dayanmalı, sistem tamamilə mədəniyyət mərkəzli model üzərində qurulmalı idi.
-Bütün bu problemlər fonunda bugünkü ədəbi və mədəni mənzərəni necə qiymətləndirirsiniz? Sizi ən çox narahat edən və ümidləndirən məsələlər hansılardır?
-Məni narahat edən – sürətlə dibə enməyimizdir. Dünyadakı böyük sənət axınları bizdən yan keçir. Sovetdən qalan korifeylər dünyasını dəyişir, yerində boşluq qalır. Bununla “sovet yaxşı idi” – demək istəmirəm, ancaq necə olubsa bütün nəhəngləri biz müstəqillikdən əvvəlki dövrdə görürük – ədəbiyyat, kino, teatr, musiqi, rəngkarlıq və s. sahələrdə. Eyni zamanda, mədəni idarəetmənin sovet modeli bu günün tələblərinə uyğun deyil, ancaq bizdə bu model hələ də fəaldır. Məni narahat edən məsələlərdən biri, ədəbiyyat və incəsənət adamlarının hakimiyyətə yaxın olmağa can atmasıdır. Mütləq hakimiyyətə qarşı olmalıdırlar demirəm. Lakin hakimiyyətə, gücə yaxın olmaq şairin qəlbindəki təbiilik tarazlığını pozur. Müşahidələrim mənə deyir ki, yalnız istedadsız insanlar hakimiyyətin yanında durmağa can atar. Hətta, bir az istedad qığılcımı olsa belə, gücün yanında durduqca o işıq öləziyər… Məni ümidləndirən nə var? Bunu düşünməliyəm.
-Hazırda üzərində işlədiyiniz layihələr və gələcək planlarınız haqqında danışardınızmı? Oxucular sizi hansı tərəfinizlə xatırlasın istərdiniz?
-Hazırda “Şairlərin həyatı” – ad dəyişəcək – təqribən 20 hekayəlik bir kitab üzərində işləyirəm. Güman edirəm, şairlərin, yazarların həyatı bizim yaşadığımız bu dövrü əks etdirməkdən ötrü çox qiymətli material verir. Həm də, ən yaxşı bildiyim həyatlar onların həyatıdır. Bundan başqa, ilhamım gəldikcə yeni “poemlər” yazmağa davam edirəm. O ki qaldı, oxucuların məni hansı tərəfimlə xatırlamasına, mən öz şəxsiyyətimə pərəstiş etmirəm, və bu məsələdə hissə qapılmamağa çalışıram – kimin məni necə xatırlaması ilə özümü məşğul etmirəm, çünki əbədiyyətə iddialı deyiləm. Kitablarımı gözləyən az sayda insan var, demək olar ki, hamısını şəxsən tanıyıram. Bunun özü də bir gözəllikdir.