Hazırda həbsdə olan “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı saxlanıldığı Lənkəran Penitensiar Kompleksindən yazı göndərib. “AbzasMedia”da dərc olunan yazını olduğu kimi təqdim edirik:
“Abzas Media”nın tarixində bu mərhələ həmişə yadda qalacaq. Çünki onun əməkdaşları doğru xəbər verməyin bədəlini öz azadlıqları ilə ödəyiblər. Heyətdə zaman-zaman dəyişikliklər ola, yeni əməkdaşlar gələ bilər. Amma mən həmişə “Abzas Media”nın azad media kimi fəaliyyətini davam etdirdiyini görmək istəyirəm.
Yeni gələn hər kəs “Abzas Media”nın hansı ənənələrə sahib olduğunu biləcək. Biz istənilən çətinlik qarşısında təslim olmamağı seçmiş insanlarıq. Hətta həbsxana şəraitində belə yazılarımızı dayandıra bilmədilər. Həbsdə olsaq da, burada öz “ofisimizi” açdıq və insanların şikayətlərini yayımlamağa başladıq.
Məhbuslar bizə tez-tez deyirlər: “Bilmirik sizi niyə həbs ediblər. Çünki içəridə olsanız da, yenə yazırsınız”. Hətta Penitensiar Xidmətin əməkdaşlarından da “sizi tutmağın mənası yoxdur, onsuz da yazırsınız” sözlərini eşitmişik.
Həbsdə olduğumuz bu üç il ərzində məhbusların həyatında müsbət dəyişikliklərə nail olduğumuzu düşünürük. Onlara əvvəldən çatmalı olan, lakin verilməyən geyim, qida, avadanlıq və digər təminatlar barədə yazdıqdan sonra məhbuslar həmin məhsullarla təmin edilib.
Vəkillərdən biri söhbət zamanı bildirmişdi ki, məhkəməyə gətirilən məhbuslara günorta yeməyi almağı təklif edib. Məhbuslar isə cavabında artıq günorta konservləşdirilmiş qidalarla təmin olunduqlarını deyiblər. Digər bir vəkil də bildirib ki, “qızlar yazandan sonra məhkəməyə gətirilən məhbuslara günorta yeməyi göndərirlər ki, ac qalmasınlar”.
Bu, bizim üçün böyük xoşbəxtlikdir. Bu ölkədə ədalətli məhkəmə sistemi olmasa da, insanlar qanunsuz mühakimə edilsələr də, heç olmasa, onların təməl ehtiyaclarının təmin olunmasında bizim də rolumuz olub.
Penitensiar Xidmətin konvoy qrupunun əməkdaşlarından biri deyib ki, on ildir burada çalışır, amma indiyədək məhbusa konservləşdirilmiş balıq verildiyini görməyib.
Əvvəllər belə bir şey olmayıb. Məhbuslar səhər saat 8-dən axşam saat 20-dək məhkəmə bokslarında acqarına gözləyiblər. Heç kimin də vecinə olmayıb ki, onların qidalanmasını təmin etmək üçün dövlət büdcəsindən vəsait ayrılır. Bu vəsait mənimsənildiyinə görə məhbuslar ac gedib, ac da kameralarına qayıdıblar.
Bizim gözümüzün qarşısında onlara geyim, yorğan-döşək, alt paltarı və gigiyenik vasitələr verildi.
Azadlıqda olarkən görülən işlərin nəticələri uzun müddətdən sonra üzə çıxdığı üçün yazdığının, çəkdiyinin və göstərdiyinin hansı dəyişikliyə səbəb olduğunu bəzən hiss etmirsən.
Həbsxana isə elə bir yerdir ki, yazdıqlarının nəticəsini gözünün qarşısında görürsən. Biz yazırdıq və iki-üç gün sonra həmin yazıların nəticəsini görürdük. Bu da bizi daha çox həvəsləndirirdi. Nə yaxşı ki, həbsdə olduğumuz halda belə insanlara faydamız dəyir, qələmimiz kiminsə həyatında dəyişiklik yaradır.
Bu, həm də korrupsiya ilə mübarizənin tərkib hissəsidir. İndiyədək cəmiyyət üçün qapalı olan bu müəssisələrdə şəffaflıq və hesabatlılıq təmin edilməyib. Burada aparılan yoxlamalar da qapalı keçirilir. Buna görə ictimaiyyət məhbusların hansı şəraitdə saxlanıldığını, onlara ayrılan təminatların verilib-verilmədiyini bilmir.
Biz isə içəridə olduğumuz müddətdə bu vəziyyəti özümüz monitorinq etdik. Yazılarımızla həmin vəsaitlərin məhbuslara xərclənməsinə nail olduq, illərlə davam edən mənimsəmənin qarşısını aldıq. İllər sonra, jurnalistlərin həbsindən sonra məhbuslara çatmalı olan təminatlar onların özlərinə qaytarıldı.
Yazılarımız sayəsində qeyri-insani rəftar hallarının da qarşısı alınıb. Ülvi Həsənli Bakı İstintaq Təcridxanasında altı ay ərzində neçə məhbusa işgəncə verilməsi barədə hesabat hazırlamışdı. Həmin hesabatdan sonra o korpusda məhbusların döyülməsi dayandırılmışdı.
Belə xəbərlər eşitdikcə çox sevinirik. Kamera yoldaşlarımız da çatışmayan müxtəlif vasitələr barədə yazmağımızı təklif edirdilər. Onlar yazıların nəticə verdiyini görəndə həvəslənir, hətta zarafatla “yaxşı ki, sizi tutublar” deyirdilər.
Biz Bakı İstintaq Təcridxanasını tərk etdikdən sonra məhbuslar “Meydan TV” vasitəsilə müraciət etmişdilər ki, qızlar gedəndən sonra korpusda hər şey yenidən pulla satılmağa başlayıb.
Bu, jurnalistlərin rolunu bir daha göstərir. Harada ictimai nəzarətin olduğunu hiss edirlərsə, özlərini qanun çərçivəsində aparırlar. Jurnalist və kənar nəzarət olmayanda isə adət etdikləri qanunsuzluqları davam etdirirlər. Çünki onları izləyən, nəzarətdə saxlayan yoxdur və çəkinəcəkləri heç nə qalmır.
Cəmiyyətdə də artıq hökumətin çəkinəcəyi jurnalistlər yoxdur. Bu isə o deməkdir ki, hakimiyyət daha çox qanunsuzluğa əl atır. Fikirləşirlər ki, bunları çəkən və göstərən yoxdur, ictimai qınağa səbəb olacaq videolar və yazılar yayımlanmayacaq, onların hərəkətlərini heç kim görməyəcək və hər şey sirr olaraq qalacaq.
Azadlıqda hədsiz qanunsuzluqlar törədilir. Amma hazırda həbsxanalarda daha çox jurnalist olduğu üçün, heç olmasa, jurnalistlərin saxlanıldığı yerlərdə qanunsuzluq törətmək imkanları müəyyən qədər məhdudlaşıb.
Özümüz həbsdə olmasaydıq, məhbusların vəziyyətini bu qədər dərindən hiss edə bilməzdik. Buradakı idarəçilik sistemindən tutmuş məhbusların gündəlik qayğılarına, hansı çətinliklərlə üzləşdiklərinə qədər ümumi mənzərəni heç vaxt bu dəqiqliklə görə bilməzdik.
İndi həbsdəyik və onların problemlərini, yaşadıqlarını, üzləşdikləri hər şeyi bütün detalları ilə görür, hiss edirik. Yəqin ki, buna görə tutulmağımız lazım imiş.