“Jamnews”un materialı
Gürcüstanın Daxili İşlər Nazirliyi Axalsixe şəhərində mesxeti türkü olan imamın və onun ailə üzvlərinin döyülməsi ilə bağlı araşdırmaya başlayıb.
Zərərçəkənlərin sözlərinə görə, iyulun 18-də baş verən hadisə zamanı ondan çox şəxs yerli məscidin imamı Şevket Dvalidzeyə və onun ailə üzvlərinə hücum edib. Hadisə barədə məlumatı Gürcüstanın “Batumelebi” nəşri yayıb.
Nəşrin məlumatına görə, münaqişə imamın oğlu ilə Türkiyədən onlara qonaq gəlmiş yetkinlik yaşına çatmayan qohumunun öz aralarında türkcə danışmasından sonra başlayıb.
Mesxeti müsəlmanları — mesxeti türkləri və ya Ahıska türkləri kimi də tanınan, Gürcüstanın cənub-qərbindəki tarixi Mesxeti bölgəsindən olan türkdilli etnik qrupdur.
İmamın ailə üzvlərinin bildirdiyinə görə, naməlum şəxslər əvvəlcə onlarla mübahisə edib, türkcə danışdıqlarına görə təhqiramiz ifadələr işlədiblər. Daha sonra mübahisə fiziki qarşıdurmaya çevrilib.
Zərərçəkənlər deyirlər ki, hücum edənlər onların arxasınca evə qədər gedib və ailə üzvlərini evin həyətində amansızcasına döyüblər.
Hadisə zamanı Axalsixe məscidinin imamı Şevket Dvalidze xüsusilə ağır xəsarətlər alıb. O, sonradan xəstəxanaya yerləşdirilib.
“Batumelebi” yazır ki, hadisədən sonra Dvalidzeyə polisə verdiyi şikayəti geri götürməsi də təklif olunub.
Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin fiziki zorakılıqla bağlı 126-cı maddəsi üzrə araşdırma başlandığını açıqlayıb.
Ayrı-seçkilik motivinin araşdırılması tələb olunur
Hadisəyə Gürcüstanın “Sosial Ədalət Mərkəzi” də münasibət bildirib. Təşkilat hakimiyyəti işi vaxtında və səmərəli şəkildə araşdırmağa, hücumun mümkün ayrı-seçkilik motivini də lazımi qaydada qiymətləndirməyə çağırıb.
Təşkilatın məlumatına görə, zərərçəkənlər hücumda kimliyi müəyyənləşdirilən 10–12 nəfərin iştirak etdiyini bildiriblər. Buna baxmayaraq, yalnız iki nəfər saxlanılıb. Sonradan məhkəmə onların hər ikisini girov müqabilində azadlığa buraxıb.
“Sosial Ədalət Mərkəzi” hesab edir ki, hadisənin təfərrüatları təkcə fiziki zorakılığa deyil, həm də nifrət zəminində törədilmiş cinayətə işarə edə bilər. Hücumun dil, etnik mənsubiyyət və dini dözümsüzlük səbəbindən baş verdiyi ehtimal olunur.
Təşkilat bildirir ki, istintaq hücumun zərərçəkənlərin etnik, dini və ya dil mənsubiyyəti ilə bağlı olub-olmadığını araşdırmalı və bu hallara müvafiq hüquqi qiymət verməlidir.
Mərkəzin fikrincə, hadisənin nifrət cinayəti kimi düzgün tövsif edilməsi yalnız hüquqi nəticələr baxımından əhəmiyyət daşımır. Bu, həmçinin dövlətin cinayətin əsl mahiyyətini tanıması və gələcəkdə oxşar hadisələrin qarşısını alması üçün vacibdir.
Təşkilat Gürcüstanın Daxili İşlər Nazirliyini və Prokurorluğunu hücumda iştirak edən bütün şəxslərin kimliyini müəyyənləşdirməyə çağırıb. Bildirilir ki, istintaq yalnız saxlanılan iki nəfərin məsuliyyətini araşdırmaqla kifayətlənməməlidir.
Bundan başqa, zərərçəkənə polisə verdiyi şikayəti geri götürməsi üçün mümkün təzyiq göstərilməsi faktının da ayrıca araşdırılması tələb olunur.
“Sosial Ədalət Mərkəzi” Gürcüstan hökumətini, eləcə də Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin Aparatını mesxeti müsəlmanı olan ailəyə qarşı dil və dini mənsubiyyət zəminində törədildiyi ehtimal edilən zorakılığı açıq şəkildə pisləməyə çağırıb.
Təşkilatın bəyanatında qeyd olunur ki, Axalsixedə mesxeti müsəlmanlarının yaşadığı icmalarda bərabərliyin qorunması, qarşılıqlı etimadın bərpası və mədəni müxtəlifliyin dəstəklənməsi istiqamətində dövlət siyasəti gücləndirilməlidir.
Eyni zamanda mesxeti müsəlmanlarının repatriasiyası və Gürcüstan vətəndaşlığı alması ilə bağlı mövcud maneələrin yenidən nəzərdən keçirilməsi tələb olunur.