Bir sıra müxalifət nümayəndələri “Toplum TV işi” üzrə həbs olunan şəxslərə oxunan hökmü saxta və siyasi motivli adlandırıblar.
İyulun 27-də məhkəmənin hökmü ilə bu iş üzrə təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Əli Zeynalov, Ramil Babayev, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasov 12 ildən 15 ilədək azadlıqdan məhrum ediliblər.
Cəmil Həsənli: “İş hüquqi yox, siyasi məzmun daşıyırdı”
Milli Şuranın İdarə Heyətinin sədri Cəmil Həsənli məhkəmə prosesinin başdan sona qədər saxtakarlıqdan ibarət olduğunu bildirib:
“45-46 məhkəmə iclasının hamısında iştirak etmişəm. Ortada cinayət yoxdur. “Toplumçular” da “Abzasçılar” və “Meydançılar” kimi sifarişlə tutulublar. Məsələ absurda qədər saxtalaşdırılmışdı. Ələsgər Məmmədlinin evindən tapılan Tbilisi metrosunun nəqliyyat kartını bank kartı kimi sənədləşdirmişdilər. Pasportu olmayan 22 yaşlı İlkin Əmrahovu qaçaqmalçılıqda və pul bölüşdürməkdə günahlandırdılar, amma məhkəmədə kimsə bu suallara cavab verə bilmədi. Jurnalist Fərid İsmayılov və mikrafon taxmaqla, səs yoxlamaqla məşğul olan gənclər sadəcə peşə fəaliyyətlərinə görə 13-14 il cəza aldılar”.

Həsənli əlavə edib ki, hazırda saxta cinayət işləri istehsal edən müstəntiqlərin, prokurorların və hakimlərin sayı 1937-ci ildəki repressiya icraçılarının sayından çoxdur.
“Axtarışlar eyni şahidlərin iştirakı ilə aparılıb, hətta eyni şahid eyni gündə həm Bakıda, həm Sumqayıtda axtarışda olub. Əskinasların üzərində əl izləri tapılmayıb. Əgər qaçaqmalçılıq varsa, Gömrük Komitəsi də sorğulanmalıdır – bu vəsaitlər xaricdən necə gətirilib ki, gömrüyün xəbəri olmayıb? 9 nəfər uzunmüddətli həbslə 9 evin çırağı söndürüldü. 37-nin materialları ilə işləmişəm, əminliklə deyirəm ki, hazırda saxta cinayət işi istehsal edən müstəntiqlərin, prokurorların və hakimlərin sayı 37-ci ildən çoxdur. Bircə fərq var: o vaxt bu amansızlığı qeyri-azərbaycanlılar edirdi, indi isə özümüzünkülər edir”, – deyə Cəmil Həsənli yazıb.
Arif Hacılı: “Siyasətçilərin və jurnalistlərin həbsi cəmiyyətə vurulan zərbədir”
Müsavat Partiyasının keçmiş başqanı Arif Hacılı Meydan TV-yə deyib ki, cəza müddətindən asılı olmayaraq, ictimai xadimlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin və jurnalistlərin həbs olunmasının bütövlükdə cəmiyyətə vurulan ağır zərbədir.
O vurğulayıb ki, azad media və vətəndaş cəmiyyətinin sıradan çıxarılması ölkədə xaos yaradır və həmin yerlər Azərbaycanın maraqlarına zidd olan qüvvələr tərəfindən doldurulur.
Arif Hacılı keçmiş dövrlərlə müqayisə apararaq cəzaların kəskin ağırlaşdığını qeyd edib:

“Əvvəllər də həbslər olub. Heydər Əliyevin və İlham Əliyevin hakimiyyətinin ilk dövrlərində də siyasətçilər və jurnalistlər tutulurdu, lakin həbs müddəti əsasən istintaq dövrünə aid olurdu, ya da əfv fərmanları ilə tezliklə azadlığa buraxılırdılar. İndi isə iqtisadi cinayətlərdə günahlandırılan şəxslərə birdən-birə 14-15 il həbs cəzası verilir. Həbsxanalarda ən ağır cinayəti törətmiş, qəsdən adam öldürmüş şəxslərə 8, 10, 12 il cəza verildiyi halda, bu cür ağır hökmlərin çıxarılması cəmiyyəti şoka salır.”
Onun sözlərinə görə, hazırda ölkədə iqtisadi vəziyyət geriləyib və hakimiyyət islahatlar aparmaq əvəzinə avtoritar üsullardan istifadə edir.
“Müharibədə qalib gəlməyimizə və iqtisadi imkanların artmalı olduğu halda, vəziyyət pisləşməyə doğru gedir. Statistik məlumatlar da göstərir ki, iqtisadi artım dayanıb və geriləmə var. Bütün bunlar islahatlar aparmaq əvəzinə avtoritar üsullardan istifadə olunmasının nəticəsidir. Hal-hazırda hakimiyyət dairəsində qisasçılıq hissi praqmatik düşüncəni üstələyib. Yaxın vaxtlarda yumşalma gözləmirəm, lakin ölkədə vətəndaş həmrəyliyini bərpa etmək və demokratik islahatlar aparmaq üçün hələ də gec deyil”, – deyə Hacılı qeyd edib.
Beynəlxalq media təşkilatları – Sərhədsiz Reportyorlar (RSF), Beynəlxalq Mətbuat İnstitutu (IPI), Avropa Jurnalistlər Federasiyası (EFJ) və Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) də “Toplum TV işi” üzrə çıxarılan hökmləri pisləyərək, həbs olunan jurnalist və media əməkdaşlarının azad edilməsinə çağırıblar.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyətinin üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev var.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilmişdi. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs olunan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb.
Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.