Beynəlxalq media təşkilatları Sərhədsiz Reportyorlar (RSF) və Beynəlxalq Mətbuat İnstitutu (IPI) Toplum TV əməkdaşlarına verilən uzunmüddətli həbs cəzalarını tənqid edib. Hər iki təşkilat məhkəmə prosesini siyasi motivli adlandıraraq jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.
İyulun 28-də yayılan bəyanatlarda bildirilir ki, hökmlər Azərbaycanda müstəqil mediaya qarşı davam edən təzyiqlərin növbəti nümunəsidir.
“Bu jurnalistlər heç vaxt həbs edilməməli idi”
RSF xatırladır ki, hökm Toplum TV-nin Bakıdakı ofisinə 2024-cü ilin martında keçirilən polis basqınından iki ildən çox vaxt keçəndən sonra çıxarılıb. Həmin vaxt redaksiyanın əməkdaşları “valyuta qaçaqmalçılığı” ittihamı ilə saxlanılmışdı.
Jurnalistlər isə istintaq və məhkəmə boyu işin onların peşə fəaliyyətinə görə qisas məqsədi daşıdığını bildiriblər.
“Bu ədalətsiz qərar Azərbaycan məhkəmə sistemindən necə istifadə olunduğunu göstərir. Prezident İlham Əliyev ölkədə qalan son müstəqil media orqanlarını susdurmaq üçün məhkəmə sistemini öz nəzarəti altına alıb. Almaniyaya diplomatik səfəri zamanı onu narahat edən, rejim haqqında həqiqətləri üzə çıxaran jurnalistləri həbsxanaya göndərdi. 14 ilə qədər həbs cəzələri qalmaqallı dərəcədə ağırdır və ləğv edilməlidir”, – RSF-nin bəyanatında deyilir.
Təşkilat bildirib ki, həbs olunan jurnalistlər dərhal azad edilməli, Azərbaycanda media nümayəndələrinə qarşı təqiblərə son qoyulmalıdır.
“Təzyiqlər təkcə Toplum TV ilə məhdudlaşmır”
RSF qeyd edir ki, oxşar ittihamlarla Meydan TV və AbzasMedia əməkdaşları da həbs olunub.
Təşkilatın məlumatına görə, hazırda Azərbaycanda azı 26 media nümayəndəsi həbsdədir. Onların qeyri-insani şəraitdə saxlanıldığı, lazımi tibbi yardımdan məhrum edildiyi bildirilir.
RSF xüsusilə qalxanabənzər vəz xərçəngindən əziyyət çəkən Ələsgər Məmmədlinin vəziyyətinə diqqət çəkərək, onun həbsdə lazımi müalicə ala bilmədiyini və həyatının təhlükə altında olduğunu vurğulayıb.
IPI: “Bu, Toplum TV-nin fəaliyyətinə qarşı siyasi motivli məhkəmə idi”
Beynəlxalq Mətbuat İnstitutu da (IPI) eyni gündə yaydığı bəyanatda hökmləri pisləyib.
Təşkilat bildirib ki, Akif Qurbanov, Ruslan İzzətli, Ələsgər Məmmədli, Əli Zeynalov, İlkin Əmrahov, Ramil Babayev, Müşfiq Cabbar, Fərid İsmayılov və Elmir Abbasova 12 ildən 15 ilədək həbs cəzaları verilib.
“Jurnalistlər və media əməkdaşları maliyyə cinayətlərində ittiham olunublar. Bu, Toplum TV-nin müstəqil jurnalist fəaliyyətinə qarşı yönəlmiş siyasi motivli məhkəmə prosesi idi”.
Təşkilat xatırladıb ki, 2024-cü ilin martında polis Toplum TV-nin ofisinə basqın edib, əməkdaşları saxlayıb. Əvvəlcə onlara qaçaqmalçılıq ittihamı irəli sürülüb, sonradan ittihamlar ağırlaşdırılıb və daha altı maddə əlavə olunub. 2025-ci ilin yanvarında isə jurnalist Fərid İsmayılov da həbs edilib.
IPI bildirib ki, uzun müddətdir Toplum TV əməkdaşlarının azadlığa buraxılmasını tələb edir və Azərbaycanda həbsdə olan bütün jurnalistlərlə həmrəyliyini davam etdirir.
“Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platformasının məlumatına görə, Azərbaycan regionda jurnalistləri ən çox həbs edən ölkələrdən biridir və hazırda 30-a yaxın jurnalist həbsdədir. Onların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir, beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırırıq”, – deyə bəyanatda bildirilir.
İyulun 27-də Toplum TV əməkdaşlarına hökm oxunub. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaqla, Akif Qurbanov, Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli, Əli Zeynalov 14 il, Ramil Babayev, Müşfiq Cabbarov, İlkin Əmrahov 13 il, Fərid İsmayılov, Elmir Abbasov 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin Elmir Abbasov məhkəmə zalında həbs olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyətinin üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev var.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilmişdi. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs olunan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb.
Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.