İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Toplum TV xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə bu dəfə təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov son söz deyib.
A.Qurbanov çıxışının əvvəlində ittiham aktını hazırlayan və işi aparan şəxslərlə problemi olmadığını, əsas etirazının mövcud idarəetmə sisteminə yönəldiyini bildirib.
“Diktaturalarla demokratiyanın fərqi nədir? Diktatura mərkəzində dayanan səhvin olduğunu qəbul etmir. Bu tarixi sənədlərdə təsdiqini tapır. Nümunə Stalindir. Sadəcə diqtə etdikləri əməllərdən həz alırlar. Faktiki olaraq bu gün ölkəmizdə kommunist rejim hökm sürür. Özlərini komsomolçu kimi aparırlar. Eləcə də İlham Əliyev. Bu gün komandasında olan şəxslər komsomolçuların bioloji xələfləridir. Fuad Ələsgərov, Kamran Əliyev və s. Demokratiyanın fərqi odur ki, səhv qəbul edilir. Azad seçki olmalıdır ki, səhvlər üzə çıxsın, səhvlər düzəldilsin”, – o qeyd edib.
A.Qurbanov daha sonra hakimiyyət bölgüsü və respublikaçılıq ənənələri barədə danışıb. O, Məhəmməd Əmin Rəsulzadənin fikirlərinə istinad edərək dövlətin nailiyyətlərinin ayrı-ayrı şəxslərin adına yazılmasının doğru olmadığını vurğulayıb.
Çıxışında ölkə konstitusiyası ilə bağlı da fikirlərini bölüşən A.Qurbanov bütün hakimiyyət səlahiyyətlərinin bir mərkəzdə cəmləşdiyini vurğulayıb. Onun sözlərinə görə, bu model müstəqil institutların fəaliyyətini məhdudlaşdırır.
A.Qurbanov həbs olunmalarının səbəbini fəaliyyətlərinin əsasının millətə xidmət olması ilə əlaqələndirib. O bildirib ki, müstəqil media və məhkəmə sistemini müdafiə etdiklərinə görə təqib olunublar.
“İstəyirlər media müstəqil olmasın, məhkəmə müstəqil olmasın. Bizim bu sistemə tabe olmaq fikrimiz yoxdur. Bu yaxınlarda “AzTV”-də İlham Əliyevin Donald Trampa ABŞ-nin 250 illiyi ilə bağlı yazdığı məktubu haqda eşitdim. ABŞ-nin demokratiyanın beşiyi olmasından danışırdı. Necə oldu ki, biz bunu, demokratiyanı təbliğ edəndə o, milli vətənpərvərlikdən və s. danışırdı?”, – o sual edib.

A.Qurbanov sosial-iqtisadi məsələlərə də diqqət çəkib.
“Hər il büdcədən milyardları yeyirlər, amma vətəndaş hər ay soyuducusunu daha az doldurur. Marketlər kimindir? Özlərinin. Ölkənin birja dəyəri 110 milyarddır. Onun 43 milyardı “Paşa Holding”ə məxsusdur. Şirkət kimindir? Özünün. Bir sahibkar göstərə bilərsinizmi ki, müstəqildir, heç kimə bağlılığı yoxdur, amma işğaldan azad olunmuş ərazilərdə iş qursun. Şuşa ancaq bir məhdud qrupundur. Minlərlə insan şəhid və qazi oldu. Bu torpaq vətəndaşın deyil?”, – o qeyd edib.
Son sözünün davamında A.Qurbanov məhkəmə prosesinin ədalətli olmadığını iddia edib və “normal istintaq aparılsaydı, məhkəmənin fərqli şəkildə keçə biləcəyini” söyləyib.
Daha sonra o, ittihamların səbəbləri kimi qiymətləndirdiyi altı məqama toxunub. A.Qurbanov 2009-cu ildə Mərkəzi Seçki Komissiyasında fəaliyyəti, 2013-cü il prezident seçkilərindən sonrakı mövqeyi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirdiyi layihələr, “Toplum TV”-nin yaradılması, faktyoxlama fəaliyyətləri və III Respublika Platformasının təşkili barədə danışıb.
“Toplum TV” ilə bağlı danışan A.Qurbanov bildirib ki, platforma peşəkar jurnalistikanın inkişafı üçün yaradılmışdı və onun əməkdaşlarının əksəriyyəti hazırda həbsdədir. O, həmçinin “FaktYoxla” layihəsinə toxunaraq, dezinformasiyaya qarşı mübarizə aparan jurnalistlərin təqib olunduğunu iddia edib.
Çıxışının sonunda A.Qurbanov onunla birlikdə mühakimə olunan digər şəxslərin adlarını çəkərək, onların cinayət deyil, ictimai və peşə fəaliyyətlərinə görə həbs edildiklərini düşündüyünü bildirib. O, Ələsgər Məmmədli, Ruslan İzzətli, Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov barədə ayrıca danışaraq, onların fəaliyyətini qiymətləndirib.
“Əsrlərlə çalışsalar da, cümhuriyyət ideyalarını silə bilməyəcəklər”, – deyə o, çıxışının sonunda bildirib.
Növbəti proses iyulun 27-nə təyin olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyətinin üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev var.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs olunan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb.
Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.