Zərərçəkənlərin həkim nəzarətinə götürüldüyü bildirilir
Fevralın 18-də 42 saylı Yol İstismar İdarəsinin əməkdaşlarının Tərtər rayonunda minaya düşdüyü deyilir.
Xəbəri “Report” Minatəmizləmə Agentliyinə istinadən yayıb.
Bildirilir ki, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.
1963-cü il təvəllüdlü Alışan Səfərovun və 1965-ci il təvəllüdlü Faiq Səfərovun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Məlumata görə, zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər.
Sonuncu dəfə yanvarın 18-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında təsərrüfat fəaliyyətilə məşğul olan Vüqar Məmmədov minaya düşmüşdü.
Nəticədə 26 yaşlı Vüqar Məmmədovun sol ayağı amputasiya olunub.
2020-ci il noyabrın 10-da Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılması barədə razılaşmanın imzalanmasından bu yana 200-ə yaxın adam minaya düşərək həlak olub və ya xəsarət alıb.
Onların da əksəriyyəti mülki şəxslərdir.
ANAMA-nin son məlumatına görə, fevralın 7-dən 12-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 23, tank əleyhinə 11 mina və 43 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.