Tszyan Tsin: “Mən Maonun itiydim”

Tszyan Tsin

Tszyan Tsin

(ikinci hissə)

“Madam Mao” bu bandanın əsas fiquruydu.

“Mədəni inqilab” (1966-76) dövründəki repressiyaların ilhamvericisi və təşkilatçısı məhz “Dördlüyün bandası”olmuşdu. Mao Tsedunun ölümündən sonra (1976) Çin hökuməti dördlüyü ölkədə böyük sosial xaos yaratmaqda ittiham etmiş, məhkəmə Tszyan Tsinə ölüm hökmü kəsmişdi.

****

Mao Tsedundan repressiya “lisenziyası” almış Tszyan Tsin ölkəboyu cəza kampaniyasına strat verir. Yaradıcı ziyalılara qarşı hücumlar başlayır. Amma professorlardan tutmuş sadə adamlara qədər heç kim təmizləmə maşınını cəngindən sığortalanmamışdı. Kütləvi həbslər və hətta qətllər törədilirdi.

Teatr repertuarlarına, filmlərə, mahnılara, radio verilişlərinə senzura tətbiq olunurdu. Tszyan Tsizn ancaq inqilabi mövzuda əsərlərin səhnələşdirilməsinə icazə verir, hətta opera librettolarını özü yazırdı. Tamaşanın kulminasiya nöqtəsində qadın qəhrəman “Mən Sədr Maonu sevirəm” oxuyur, zaldakılar riqqətlə onu alqışlayırdılar.

“Mədəni inqilab” bütöv bir nəslin taleyini məhv etməkdəydi, həm də təkcə taleyini yox - bəzi mənbələrə görə, o illərdəki amansız təmizləmə əməliyyatlarında 20 milyona qədər insan canından olmuşdu.

Müasir Çin tarixinin ən böyük fəlakətlərindən biri olan “mədəni inqilab” əslində heç bir “dərin məna” daşımırdı, həm Mao, həm də arvadı bu “inqilabdan” şəxsi hesablaşmaları üçün istifadə edirdilər:

“Mən ideologiya cəbhəsində Sədr Maonun sıravi əsgəriyəm. Keşikdə durmuşam və aşkar etdiyim hər şeyi Sədrə xəbər verəcəm” deyən “madam Mao” hunveybinləri öz keçmiş tanışlarının - onu 30-cu illərdən tanıyan, onun xətrinə dəyən adamların evinə axtarışlara göndərir, onlardakı sənədləri və şəkilləri məhv etdirir, özlərini isə həbsə atdırırdı.

Çin Xalq Respublikası Dövlət Şurasının ilk rəhbəri, xarici işlər naziri Çjou Enlayı isə Tszyan Tsin ölkədəki və xaricdəki nüfuzuna görə sevmirmiş, onu özünə rəqib hesab edirmiş. 1968-ci ildə “qırmızı keşikçilər” Çjounun qızlığı Sun Veyşini (bəzi mənbələrə görə, oğulluğu Sun Yanı da) öldürürlər. Tszyanın tapşırığıyla Sunu Jenmin Universitetinin zirzəmisəndəki gizli həbsxanada 7 ay saxlayıb işgəncə verir, öldürəndən sonrasa cəsədini yandırırlar.

Bəzi iddialar görə, həmin il Tszyan Tsin Çjou Enlayı öz qardaşının həbsi üçün order imzalamağa məcbur etmişdi.
Pekin stadionunda keçirilən böyük mitinqdə Tszyan Tsin onun ikinci əriylə ailə qurmuş, Mao Tsedunun özünəvurğunluğunu və mənəm-mənəmliyini hədəfə alan satirik oçerklər dərc etmiş redaktor Fan Tsinə qarşı “güləş seansı” təşkil etmişdi. Bundan bir az sonra həmin qadın həbs olunmuş və tezliklə həbsxanada vəfat etmişdi. Bəzi araşdırmaçılar hesab edilər ki, Maonun üçüncü arvadının psixiatrik xəstəxanaya salınması da, Tszyan Tsinin işidir.

Bundan başqa, Maonun əvvəlki evliliklərindən olan bir neçə övladını və ya onların arvadlarını da Tszyan Tsin tutdurmuşdu. Onun öz övladına qarşı da çox amansız davrandığı barədə məlumatlar var – deyilənə görə, qızı Li Nanın sadə fermerlə ailə qurmasını “həzm” edə bilməyən keçmiş aktrisa onu zorla ərindən boşatdırır, buna görə ciddi əsəb sarsıntı keçirən Li Na dəli olur.

“Madam Mao”nun öz əsəbləri də “yerində deyilmiş”. Gün ərzində sakitləşdirici dərmanlar qəbul edir, yuxuya getməkçünsə 3 ədəd yuxu həbi içirmiş. Xidmətçilər villada və onun ətrafında tam səssizlik təmin etməliymişlər.

Onlar binanın içində ayaqqabısız gəzməli, paltarlarının xışıldamamasına çalışmalı, villanın ətrafındakı quşları qovmalıymışlar. Temperatur dəyişikliyi də Tszyanın əsəblərinə pis təsir göstərirmiş, buna görə də o, qış aylarında villada istiliyin 21,5, yayda 26 dərəcə olmasını tələb edirmiş.

Həmin dönəmdə “madam Mao” artıq hakimiyyətin pik zirvəsindəydi, Çinin ən nüfuzlu fiqurlarından birinə çevrilmişdi. Amma Mao sanki bunları görmür, onun canfəşanlıqlarını qiymətləndirmirdi.

****

Günlərin birində Tszyan Tsini rezidensiyasından çıxarıb Pekin ətrafındakı hökumət şəhərciyinə yerləşdirirlər. Mao göstəriş verir ki, bundan sonra arvadı onunla ancaq partiyanın Mərkəzi Komitəsinin icazəsiylə görüşə bilər (Ona görə Çində hətta bu gün də çoxu inanır ki, “mədəni inqilab” zamanı törədilənlərdən Maonun xəbəri olmayıb).

O dönəmdə “böyük rəhbərin” yanında 18 yaşlı Çjan Yuyfen vardı – xüsusi təyinatlı qatarda bələdçi işləmiş bu qız Maonun katibəsiydi, onun icazəsi olmadan heç kim sədrə yaxın düşə bilmirdi.

Maoyla əlaqələrini bərpa etmək üçün Tszyan hikkəli katibəylə dostlaşmağa çalışır, ancaq buna nail ola bilmir. Sonra sədrin yanında gənc aktrisa Men peyda olur, Mao tapşırıqlarını Tszyana onun vasitəsilə çatdırır. Bu durum “madam Mao”nu çox incidir, amma deyilənlərin hamısını ən yüksək səviyyədə yerinə yetirməyə çalışır. Maonun ona etibar etməsi Tszyan Tsini qürurlandırır, ərindən sonra hakimiyyətə özü sahiblənmək barədə düşünməyə başlayır. Qərbdə onu artıq “qırmızı imperatriça” kimi görürlər. Amma proseslər fərqli istiqamətdə inkişaf edir.

****

“Mədəni inqilab” öz işini yüksək göstəricilərlə başa vurur - Maonun bütün rəqibləri məhv edilir. Bundan sonra “Böyük rəhbər” çıxış edib deyir ki (1972), onu düz başa düşməyiblər, inqilabı lazım olduğundan çox qəddarlıqla həyata keçiriblər. Kommunist Partiyasının rəhbər heyəti sədrin eyhamını başa düşür, ölkəni “qaniçən Tszyan” haqqında şayiələr bürüyür. Maonun razılığıyla onu həm də şəxsi mövzularda “vurmağa” başlayırlar, söz çıxarırlar ki, Tszyan Tsin sədri sevmir, ona xəyanət edir. Son zərbəni də Mao özü vurur:

“O, cahilin biridir, heç nədən başı çıxmır! Dərhal onu Siyasi Bürodan atın! Biz boşanacağıq, hərə öz yoluyla gedəcək!” Amma Fortuna artıq ondan da üz döndərmişdi – tezliklə Mao xəstələnir.

5 sentyabr 1976-cı ildə “böyük rəhbərin” səhhəti pisləşir, budəfəki ürək tutması əvvəlki ikisindən daha ağır olur. Tszyan Tsin dərhal əyalət səfərindən Pekinə qayıdır. Mayın 7-sində Maonun vəziyyəti ağırlaşır, arvadı israr edir ki, onun kürəyini ovxalayıb əl-ayağını hərəkət etdirsinlər. Deyilənlərə görə, bu arada o, Maonun üstünə ağ toz səpirmiş. Həkimlər xəstənin ağ ciyərlərinin bundan zərər görəcəyini desələr də, Tszyan onları dinləmir, əksinə, tibb bacılarına tapşırır ki, özü gedəndən sonra bu “əməliyyatı” bir də təkrar etsinlər.

Ertəsi gün xəstəxanaya gələndə Tszyan Tsin Maonun sol böyrü üstə çox yatdığını deyib əmr edir ki, onu indi də sağ böyrü üstə yatırtsınlar. Növbətçi həkim Li Çjisui etiraz edir, bildirir ki, xəstə ancaq o vəziyyətdə nəfəs ala bilir, amma Tszyan inadından əl çəkmir. Maonu sağ böyrü üstə çevirəndə onun ürəyi dayanır, üzü göyərir. Həkimlər təcili reanimasiya tədbirləriylə Maonu dirildirlər. Siyasi Büro üzvü və milli təhlükəsizlik naziri Hua Qofen Tszyan Tsini həkimlərin işinə müdaxilə etməməyə çağırır. Amma daxili orqanları sıradan çıxmış “böyük rəhbər” komaya düşür, Tszyan Tsin və digər hökumət üzvləri onu dəstəkləyici aparatdan ayırmaq haqda qərar verirlər. Sentyabrın 9-da Mao Tsedun vəfat edir.

****

Maonun ölümündən sonra Kommunist Partiyasının sədri və Baş nazir vəzifələrini icra edən Hua Qofen çox da böyük nüfuza sahib deyildi. Bəzi mənbələrdə qeyd olunur ki, xəstəxanadan yazdığı məktubda Mao ona çətinə düşəcəyi halda “Tszyan Tsinlə məsləhətləşməyi” tövsiyə edib.

“Böyük rəhbərin” arvadı statusunun ona kömək edəcəyini düşünən Tszyan birinci şəxs kimi davranmağa başlayır. Ambisiyaı davranışları və təcrübəli inqilabçılara qarşı sayğısızlığı “madam Mao”nun Mərkəzi Komitədəki tərəfdarlarının sayını azaldır.

Məşhur general Tszyanin “Xüsusi alay”ın komandiri Van Dunsin və Hua Qofenlə görüşür, toplantıda madam və tərəfdarlarının həbs edilməsi qərara alınır. 6 oktyabr 1976-cı ildə Tszyan Tsin, Çjan Çuntsyao, Van Hunven və Yao Venyuanı tuturlar. Şahidlərin dediyinə görə, həbs zamanı “madam Mao” çox danışmır, evindən çıxarılıb aparılanda xidmətçilərindən biri onun üzünə tüpürür.

“Dördlüyün bandası”qansız çevrilişlə hakimiyyətdən uzaqlaşdırılandan sonra onlara qarşı dövlətə xəyanət, əks-inqilabi fəaliyyət və Pekinlə Şanxayda hakimiyyəti hərbi çevrilişlə ələ keçirmək ittihamları irəli sürülür. Kommunist Partiyası “mədəni inqilabın” ağır nəticələrinə görə məsuliyyəti “Dördlüyüyn banda”sına yükləyir, “agent və xəyanətkar” olduğu bildirilən Tszyan Tsin və digər 3 nəfər “günah keçisi” elan edir. Televiziyalarda “mədəni inqilabın” dəhşətli nəticələri haqqında sənədli filmlər göstərilir. Xalq baş verənləri böyük sevinclə qarşılayır, Çinin bütün böyük şəhərlərində bayram mitinqləri keçirilir. Həmin mitinqlərdə insanlar xorla qışqırırlar: “Tszyan Tsini 10 min tikəyə parçalayın!”

****

Hakimiyyətin ən yüksək zirvəsindən böyük sürətlə yerə çırpılan, vəzifəsiylə birlikdə azadlığını da itirən “madam Mao” Tsinçen həbsxanasına göndərilir və 5 il orda saxlanır.

1980-ci ildə “Dördlüyün bandası”na məhkəmə qurulur. Proses bütün ölkəyə canlı translyasiya edilir. Tszyan Tsin və digər 3 nəfər “mədəni inqilab” dövründə ağır cinayətlər törətməkdə günahlandırılırlar. İttiham aktında göstərilir ki, həmin dövrdə 727 420 nəfər təqibə məruz qalıb, 34 274 nəfər öldürülüb. Əsas qurbanlardan biri – keçmiş prezident Lyu Şaotsi Quanmeyin 12 il həbsdə saxlanmış arvadı prosesdə müşahidəçi kimi iştirak edir.

Amma yekun ittiham aktında Tszyan Tsin silahlı çevriliş cəhdlərində iştiraka görə yox, “mədəni inqilab” zamanı yaradıcı ziyalılara qarşı sistematik təqiblərə görə günahkar elan olunur. Bundan başqa, qeyd edilir ki, “madam Mao” Şanxayda 40 “quldura” pul verərək “qırmızı keşikçilər” adı altında onları yazıçı və aktyorların evlərinə basqınlara göndərib.

Məhkəmə zamanı Tszyan Tsin günahlarını boynuna almır, təyin edilmiş vəkillərindən imtina edib özü özünü müdafiə etməyə başlayır, axıra kimi israr edir ki, gördüyü işlərin hamısı sədr Mao Tsedunun müdafiəsinə xidmət edib, vurğulayır ki, hər şeyi ərinin tapşırığıyla edib: “Mən sədr Maonun itiydim. O, kimi dişləməyimi istəsə, onu da dişləyirdim”.

****

1981-ci ildə Tszyan Tsin haqqında icrası 2 il sonraya təyin edilən ölüm hökmü çıxarılır. 1983-cü ildə bu qərar ömürlük həbslə əvəz edilir. Həmin müddət ərzində o, ərinin balzamlanmış nəşinə baş çəkmək üçün bir neçə dəfə Kommunist Partiyasının Mərkəzi Komitəsinə müraciət edir, amma rədd cavabı alır. Türmədə ona xərçəng diaqnozu qoyulur, Tszyan Tsin müalicədən imtina edir. 1991-ci ildə onu səhhətinə görə həbsdən azad edirlər. Xəstəxanaya yatırılan “madam Mao” orda Lyu Runtsinq adıyla qeydə alınır. 14 may 1991-ci ildə 77 yaşlı Tszyan Tsin xəstəxanın hamam otağında özünü asır.

Vida məktubunda inqilabın xəyanətkarlar tərəfindən oğurlandığını yazan Tszyan son sözlərini ərinə ünvanlayır: “Sədr, Sizin şagirdiniz və döyüşçünüz Sizə qonaq gəlir!”

Hakimiyyət “madam Mao”nun doğulduğu şəhərdə basdırılmaqla bağlı vəsiyyətini yerinə yetirmir – baş verə biləcək vandalizm aktlarından ehtiyat edərək onu Pekindəki nisbətən təhlükəsiz Futyan qəbirstanlığında dəfn edirlər. Tale burda da onunla “zarafat edir”: tarixə “qırmızı imperatriça” kimi düşmək istəyən Tszyan Tsinin məzar daşına onun məktəb illərindəki adı yazılır: “Ölmüş ananın məzarı, Li Yunhe, 1914-1991”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/7vlmpj

Самое читаемое