Источник: Meydan TV

Tamaşaçılar

Hər iki xalqın başına yekə bir daş düşüb

“Pərdə açılır, səhnədə müxtəlif hadisələr vaqe olur: sui-qəsdlər, təxribatlar, talanlar, qırğınlar, etnik təmizləmələr, müharibə... Dövlətlər dağılır, yeniləri təsis edilir, mitinqlər, köhnə qandalların yerinə yeni qandalların bağlanması... Tamaşaçılar baxır, hərdən narazı qalıb teatrı tərk edir, bəziləri bufetə gedib qəlyanaltı ilə kefini duruldur, bəziləri çəpik və ya fit çalır. Hərdən səhnədə hadisələr o qədər gur gedir ki, tamaşaçıların bir hissəsi özləri də istəmədən səhnədəki hadisələrin gedişinə cəlb edilir, bu zaman onlardan kimisə oturduğu yerindən qovurlar, kimisə hətta döyüb öldürürlər, lakin tamaşaçı kütləsinin əsas hissəsi buna fikir verməyib öz yerində möhkəm oturur, tamaşanı bəzən biganə, bəzən həvəslə seyr edir.

Azdaramada “Azərbaycan tarixi” tamaşası qoyulub. Pyesin müəllifi əcnəbidir, rejissoru yaddır, artistləri küçədən yığıblar, çoxu rolunun mətnini bilmir, hətta pyesin məzmunundan xəbərləri yoxdur. Amma oynayırlar. Bəziləri hətta səhnədəki qazamata belə düşür”.

Zənnimcə, ölkəmizdə son 30 ildə gedən hadisələrə əhalinin əsas hissəsinin münasibətini və təsirini yuxarıda yazdığım mətn çox düzgün əks etdirir. Sıravi azəri insanının ölkəmizin siyasi səhnəsindəki hadisələrə təsir etmək imkanları yox dərəcəsindədir.

Xoşbəxtlikdən, onların çoxu bunu anlamır, özlərini vətəndaş və bu ölkənin sahibi sayır. Tamaşaçıların bir hissəsi hətta xoşbəxtdir.

Məne-biçarə vəziyyəti belə anladığımdan əsla xoşbəxt deyiləm və hey tamaşaçı xalqıma müraciət edib onu qəflət yuxusundan oyanmağa çağırıram.

Bəli, görüşürəm bir dəstə gənclə. Mən qoca, köhnə əyyamın getməkdə olan nümayəndəsi, bu gənclər ingilisdilli, həyatda özlərinə layiq, çox güman ki, yüksək məqam tutmağa iddialı. Artıq əhəmiyyətinə görə milli gündəliyin beşinci-altıncı sətrinə dığırlanmış Qarabağ müşkülü barədə sual verirlər.

Nə deyim? Bu barədə yalan-doğru o qədər yazılıb-deyilib-çəkilib ki, nə isə təzə söz demək çətindir. Təzə söz bu münaqişənin köhnə mahiyyəti barəsində ola bilər, hansını ki, ciddi-cəhdlə malalayırlar. Lakin onun da, çox güman ki, bu gənclər üçün bir o qədər əhəmiyyəti yoxdur.

Onları maraqlandırmaq lazımdır. Soruşuram ki, nə üçün münaqişəni həll etmək istəmirlər? Sualın qoyuluşu qeyri-adidir deyə onların sifətində maraq yaranır. Necə yəni həll etmək? Deyirəm, cox sadə, müasir informasiya texnologiyalarından istifadə etməklə. Kompüterin dilini ki yaxşı bilirsiniz, haydı, girişin münaqişənin həllinə.

Maraq artır. Necə?

Deyirəm, məsələ çox sadədir. Üz-üzə dayanıb iki qüvvə. Bir tərəfdə böyük və qüdrətli Savaş ordusu durur, onun yüz minlərlə əsgəri-zabiti var, zirehli maşınları, təyyarələri, raketləri, qərargahları, pulu, nazirlikləri, vəzifəli və vəzifəsiz siyasətçiləri, radio-televiziyası, qəzetləri, casusları və peşəkar təxribatçıları var. Bu ordunun xeyrinə əsatir, qarğış, nifrət, inamsızlıq, cinayət, kin, intiqam, sərvət hərisliyi, saxta tarix kitabları və cəhalət kimi güclü amillər işləyir.

O biri tərəfdə kiçik bir Barış dəstəsi dayanıb. Pulu demək olar ki, yox dərəcəsindədir. Heç bir silah və imkanı yoxdur. Yeganə silahı zəkadır, xoş niyyətdir, cəsarətdir.

Münaqişəni xalqlara 30 ildir sırıyıblar. Hər iki xalqın başına yekə bir daş düşüb. Şəhidlər, didərginlik, xərabəzar olmuş yurdlar, ədalətsiz və zalım siyasi quruluşlar, gələcəyə ümidin ölməsi, itirilmiş müstəqillik. Hər iki ölkənin gəncliyi mühacirət barədə düşünür. Çünki hər iki xalq çıxış yolu görmür. Ədavət və savaş qaçılmaz görünür. Nə rəhbərlər, nə də vasitəçilər çıxış yolu göstərə bilmir.

Çıxış yolu var. Münaqişəni qansız-qadasız, adam balası kimi həll etmək mümkündür. Sadəcə adam balası olmaq lazımdır. Savaş ordusunun üstünə cəsarətlə getmək lazımdır.

Bunun üçün münaqişənin mahiyyətini anlayıb zəncirin əsas halqasından tutmaq, onu qətiyyətlə dartmaq lazımdır.

Hər iki bir birinə ədavətdən qovrulan, lakin münaqişənin ədalətli və dinc həllini qəbul etməyə hazır olan xalqlara demək və göstərmək lazımdır ki, sülh mümkündür. Sülhün nümunəsi var, baxın, öyrənin, əyninizə ölçün, uyğunlaşdırın. Bu nümunənin adı “Aland modeli”dir.

Birinci cahan müharibəsi ardınca Rusiya imperiyası dağılanda Finlandiya müstəqillik qazandı və Baltik dənizində, Fin və Botnik körfəzlərinin girişinin düz ortasında olan Aland adalarını öz ərazisi elan etdi. Adaları Rusiya vaxtilə İsveçdən almışdı və orada yalnız isveçlilər yaşayırdı. Onlar elan etdilər ki, Finlandiyaya deyil, İsveç krallığına birləşmək istəyirlər. Finlandiya dedi xeyr, adalar bizimdir, İsveç dedi yox, bizimdir, alandlılar dedi biz İsveçi istəyirik, Finlandiya dedi qələt eləyirsiniz... Klassik münaqişə yarandı.

Lakin bəşəriyyət təzəcə qanlı dünya savaşından çıxmışdı, heç kəs hərb və qan istəmirdi. Millətlər Liqası komissiya göndərdi, komissiya finlərlə, isveçlilərlə və alandlılarla görüşüb rəylərini öyrəndi və qayıdıb Parisdə Liqaya məruzə etdi.

Liqa qərar verdi: Aland adaları Finlandiyanın tərkib hissəsi qalır, fəqət alandlılara cox geniş muxtariyyət verilir. Helsinki Alandı şaquli idarə edə bilməz, bütün vacib işlərdə Aland sərbəstdir. Aland öz ənənəvi tərki-silah ərazi statusunu və dövlət dili kimi isveç dilini saxlayır, öz bayrağı, herbi, himni və fin pasportu ilə yanaşı öz pasportu olur, Skandinaviya dövlətlərinin beynəlxalq birliyi olan Şimal Şurasına üzv qəbul edilir. Finlandiya vətəndaşı Alandda mülkiyyət sahibi olmaq üçün orada beş il yaşamalı və isveç dilini öyrənməlidir. Müxtəsər, bu təklif edilən Aland qanununu kim qəbul etməsə, Liqadan deyil, bəxtindən küssün.

Çar-naçar bütün tərəflər bu heç kimin xoşuna gəlməmiş təklifi qəbul etməli oldular.

Yüz il keçəndən sonra indi Aland adalarının sakinləri çox şaddırlar ki, o vaxt İsveçin tərkibinə qatılmadılar. İsveçin min bir problemi var, onların alandlılara dəxli yoxdur. İsveçə turist kimi getmək xoşdur, amma onun problemləri ilə başı ağrıtmaq heç kəsə xoş deyil. Adalar turistlər üçün ən cazibədar məkandır, zira Avropa Birliyindən gömrüksüz tütün və içki ticarəti rüxsəti yalnız bu muxtariyyətə verilib. İndi Baltik dənizi hövzəsində yerləşən bütün dövlətlərin əhalisi ucuz içki və tütün dalınca şəhər avtobusu müntəzəmliyi ilə hərəkət edən bərələrə yüklənib Alanda gəlirlər. Turizm, ticarət, balıq ovu və Helsinkidən transfertlər nəticəsində arxipelaqda yaşayan 30 min əhalinin illik gəliri 30 min avronu xeyli üstələyib.

Aland nümunəsi həm Ermənistanın, həm Azərbaycanın danışıqlar zamanı irəli sürdüyü şərtləri təmin edir. Ay Yerevan, demirsən ki, Stepanakert Bakıya şaquli tabe olmasın? Olmasın. Lap Alanddakı kimi. Ay Bakı, demirsən ki, ərazi bütövlüyün tam təmin edilməlidir? Edilsin. Lap Alanddakı kimi.

Bu model münaqişəyə son qoya bilər. Ədavətə, ölüm-itimə, xaricdən asılılığa son qoya bilər. Məhz buna görə Savaş ordusu Aland nümunəsini yaxına buraxmır. Münaqişənin dinc həlli nə iki ölkə rəhbərliyinə, nə vasitəçilərə xeyirdir. Bəs kimə xeyirdir? Erməni və Azərbaycan xalqlarına.

Müasir zəmanədə kimdir xalqlardan soruşan? Xalqlar tamaşaçıdır, oturub zalda, səhnədə gedənləri sadəcə seyr edir.

Mən gənclərə təklif edirəm ki, bu mənfur oyunu pozsunlar. Sosial mühəndislik deyilən müasir məfhum var. Sadə insanlar özləri öz cəmiyyətlərini istədikləri kimi yeni əsaslarda qura bilərlər. Bunun üçün onlar öz ətrafına kifayət qədər coxsaylı tərəfdar toplamalı, ictimai şüura güclü təsir edə bilməlidirlər. Bunun üçün onlar öz həyatlarını heç bir təhlükəyə məruz qoymadan YOUTUBE kanalında öz videobloqlarını yaradıb həyata öz münasibətlərini bəyan edə bilərlər. O cümlədən Qarabağ münaqişəsinin savaşsız, barış yolu ilə Aland nümunəsi əsasında həllinin hər iki xalqa, bütövlükdə bölgəyə və dünyada əmin-amanlığa dəyərli töhfə ola biləcəyi fikrini cəmi tamaşaçılarına izah etməlidirlər.

Əminəm ki, belələrinin sayı əvvəl beş-on nəfər olacaq, lakin, atalar demişkən, “gəzən ayağa daş dəyər”, bu say əvvəl tədricən, sonra isə sürətlə artacaq, zira heç kəs nə özü, nə də əzizləri üçün ölüm istəmir.

Müəyyən anda bu kəmiyyət keyfiyyətə çevrilə bilər və Azərbaycan cəmiyyəti hamının eşidə biləcəyi uca səslə münaqişənin Aland nümunəsinin meyarları əsasında dinc həllini hakimiyyətdən tələb etməyə başlaya bilər. Əgər bu baş verərsə, biz deyə bilərik ki, xalqımız seyrçi və tamaşaçı statusundan çıxıb öz müqəddəratını özü təyin edən kamil xalq səviyyəsinə qalxa bilib. Bunun da əsas səbəbi gənclərin qəflət və biganəlik yuxusundan oyanıb öz vətəndaş mövqeyini sərgiləmək cəsarətinə sahib çıxması olub.

Soruşa bilərlər, yaxşı, bir tərəf barış istəyir, bəs o biri tərəf? Münaqişənin ki, iki tərəfi var və Ermənistan iki ayağını bir başmağa dirəyib iddia edir ki, “mənfur türk düşməni üzərində tarixi qələbəmizin nəticəsində azad etdiyimiz müqəddəs erməni torpaqlarını heç vaxt işğalçı Azərbaycana qaytarmayacağıq!”

Neynək, etiraf edək ki, bu xəstələnmiş və zəhərlənmiş millətin əksəriyyəti həqiqətən bu cəfəng təsəvvürlərin əsarətində yaşayır, necə ki, xalqımızın da xeyli hissəsi ermənilərə qarşı etnik nifrətdən qovrulur. Fəqət bilmək lazımdır ki, bu xəstə təfəkkürün doğurduğu əsatirlərdən düzəlmiş dəmir qəfəsin içərisində zillətdə yaşayan bu xalqın içində, lap bizdəki kimi, sağlam düşüncə sahibləri də var və onlar da qarşılıqlı güzəşt əsasında barışa çağırırlar. Lakin onlara da siyasi rəqibləri deyir ki, “siz hansı azərbaycanlılarla barış istəyirsiniz? Prezidenti Yerevan qədim azəri torpağıdır deyən xalqlamı?”

Bəli, Ermənistandakı barışmazlıq ruhunu Azərbaycandakı barışmazlıq ruhu qidalandırır və əksinə, ədavət qarşılıqlı ədavətə yol açır. Bu tilsimli dairəni qırmağın bircə yolu var. Bu yolu müdrik atalarımız göstərib: “biri dəli olanda, o biri ağıllı olar”.

Məncə indi məqamdır, hər iki tərəfin ağıllıları dəlilikdən birgə çıxmaq üçün yarışa girməli və kimin daha ağıllı olduğunu cəmi dünyaya göstərməlidirlər.

Gənclər məni dinlədilər və heç nə demədilər. Bilmirəm, onlar ətalətdən qurtulub vətənin taleyinə tamaşaçı qalmaq əvəzinə vətəndaş olmaq üçün özlərinə azca əziyyət verməyi rəva qılacaqlarmı? Heç olmasa ilk addım kimi onlara bağışlanmış Aland barəsində “Sülh adaları” kitabını oxuyacaqlarmı? Mənim çağırışıma cavab verib bu müstəsna nadir və faydalı örnək barədə məlumatı yaymağa başlayacaqlarmı?

Bilmirəm. Zaman göstərər.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/n1ds7l

Самое читаемое