Источник: Meydan Tv

Siyavuş Novruzov: Həbsxanada qadınlar qalmasın, qələbə münasibətilə əfv olunsun

Статья обновлена:  30 Декабрь 2020

Seksual qısnamaya görə sanksiyalar təklif edilir

“Azərbaycanda 5-17 yaş həddində qız uşaqları hər il orta hesabla 3 000-ə yaxın uşaq dünyaya gətirir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nı təqdim edərkən bu barədə məlumat verib.

2320 uşaq nikahsız doğulub

Sədr qeyd edib ki, gender bərabərliyi əsas göstəricilərdən biri olan reproduktiv sağlamlıq baxımından bu məsələ çox önəmlidir və ölkədə uşaq evliliyinin statistikasının aparılması ilə bağlı tədbirlər görülməlidir.

“Erkən yaşda evlilik halları dövlət qeydiyyatına alınmadığı üçün onların statistikası aparılmır. Lakin 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayını əsas götürməklə təxminən uşaq nikahları ilə bağlı rəqəmləri müəyyən etmək mümkündür”.

Bildirilib ki, statistikaya görə, 2011-ci ildə belə qadınlar tərəfindən doğulan uşaqların sayı 4392 idisə, 2019-cu ildə bu rəqəm 2320 olub. Bu isə rəqəmlərin iki dəfə azalması deməkdir.

Cinayət Məcəlləsinin 176-1-ci (Qadını nikaha daxil olmağa məcbur etmə) maddəsi ilə 2019-cu ildə yetkinlik yaşına çatmayan şəxsi məcbur etməyə görə cinayət işi başlanmayıb.

Evlilik məqsədilə qız uşağının oğurlanmasına görə 9 fakt üzrə cinayət işi başlanılıb.

100 qız uşağına 114 oğlan uşağı düşür

Sənədə görə, demoqrafik təhlillər onu göstərir ki, doğulan uşaqların cins nisbəti (hər 100 qız uşağına düşən oğlan uşaqlarının sayı) bioloji normaya uyğun olaraq 105-107 təşkil edir.

“Azərbaycanda diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur. Hazırda hər 100 qız uşağına 114 oğlan uşağı düşür. Cins nisbətinin pozulmasına görə Azərbaycan dünyada ikinci yerdə qərarlaşıb”.

Fiziki və cinsi zorakılıq

2019-cu ildə məişət zorakılığı ilə bağlı 1 308 cinayət törədilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında belə qeyd edilib.

Hesabatda qeyd olunub ki, bu cinayətlər üzrə 1 358 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Zərərçəkmiş qadınların sayı ümumilikdə 1038-dir. Onlardan 1 nəfəri hamilə qadın, 12 nəfəri isə yetkinlik yaşına çatmayan qız olub.

“Qeydə alnmış məişət zorakılığı əsasən fiziki zorakılıqla bağlı olur. Lakin sosioloji araşdırmalar göstərir ki, məişət zorakılığının ən geniş yayılmış forması psixoloji və iqtisadi xarakterli zorakılıqdır. Ailədə baş verən zorakılıq haqqında vəziyyətin ən son həddində polis orqanlarına məlumat verilir. Bir çox halda isə bu barədə uzun müddət informasiya verilmədiyindən zorakılığın ağır nəticələri ilə müşahidə olunan cinayətlər baş verir”.

Azərbaycanda fiziki, yaxud cinsi zorakılığa məruz qalan qadınların təqribən 70 faizi dövlət orqanlarına və ya rasmi xidmət müəssisələrinə heç vaxt yardım üçün müraciət etməyiblər.

Aparılan tədqiqatlara görə, müraciət edən qadınların bunu etməsinin səbəbi isə onların zorakılığa artıq dözə bilməməsi (63.6 faiz), yaxud çox ağır xəsarət alması (48.1) ilə bağlı olur. Zorakılıqdan xəsarət almış qadınların 36 faizi nəticədə tibbi yardıma ehtiyac duyub və 81 faizi tibbi yardım alıb. Qadınların 67.1 faizi tibb işçilərinə xəsarətin həqiqi səbəbini deməyiblər.

İdarəetmədə qadınların rolu

Sənəddə qeyd edilir ki, əvvəlki illərlə müqayisədə dövlətin idarə olunması və qərarların qəbul edilməsində qadınların təmsilçiliyində irəlilləyişlər əldə olunub.

2005-ci ildə üçüncü çağırış Milli Məclisdə qadınlar 14 nəfər (11,2 %) təşkil edirdisə, 2020-ci ildə altıncı çağırış parlamentdə 22 nəfər ( 18,2 %) olub. Qanunverici orqanın sədri qadın seçilib.

Bundan başqa, 1 nəfər qadın nazir vəzifəsinə təyin edilib, nazir müavini olan qadınların sayı 3 nəfərdən 8 nəfərə yüksəlib, 3 nəfər səfir və bir nəfər konsul qadındır.

Əksər yerli icra hakimiyyəti başçılarının müavinlərindən biri qadındır. 2013-cu ildə bu rəqəm 35 nəfər idisə, hazırda 76 nəfərə çatıb.

Məhkəmələrdə haklim qadınların sayı 78 nəfərdir, yəni 14 % təşkil edir.

Azərbaycanda kompüter istifadə edən qadınların sayı ötən illərlə müqayisədə artaraq 76,8 % olub. Ölkə üzrə internetdən istifadə edənlərin ümumi göstəricisi 79.8 %-dir. Bu sahədə gender bölgüsünə gəldikdə isə qadınlar 76 %, kişilər isə 83,7 % təşkil edib.

Hesabatda bildirilib ki, mobil telefondan istifadə edən qadınların xüsusi çəkisi 70,8 %, kişilərin xüsusi çəkisi 77,3 % olub.

Seksual qısnamaya görə sanksiyalar təklifi

Sənəddə Azərbaycanda seksual qısnamaya görə sanksiyaların müəyyən edilməsi üçün qanunvericilikdə dəyişikliklərin edilməsi təklif edilir.

Dövlət Komitəsi tərəfindən həmçinin ayrı-seçkiliyi əks etdirən iş elanlarına görə də sanksiyaların müəyyən edilməsi üçün qanunvericilikdə dəyişikliklərin edilməsi də təklif olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiya qərarı ilə "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı işçi qruplar yaradılıb.

İşçi qruplar prioritet istiqamətlər üzrə tədbirlərin vaxtında və səmərəli icrasına məsul olacaq. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaq.

Siyavuş Novruzov əfv və amnistiya təklif edir

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qadınlarla bağlı əfv imzalanması üçün ölkə başçısına müraciət ünvanlanmasını xahiş edib: “Həbsdə olan qadınlar da var. Pandemiya ilə əlaqədar olaraq, əfvlə bağlı məsələlər müzakirə edilməyib.

“Sahibə xanımdan və Ombudsmandan xahiş edirəm ki, qadınların əfv edilərək həbsxanadan buraxılması ilə bağlı cənab Prezidentə müraciət edin. Cənab Prezident hər zaman vətəndaşlarımıza qarşı humanistlik göstərib. Azərbaycanda qələbə münasibətilə həbsxanada qadın qalmasın. Hesab edirəm ki, gələcəkdə də parlament fəaliyyətə başlayan zaman geniş amnistiya aktı imzalanmalıdır”.

Razi Nurullayev: “Adi zorakılığı belə qadın hüquqlarının pozulması kimi qələmə verirlər”

Deputat Razi Nurullayev deyib ki, bəzi qruplar, özlərini qadın təşkilatı sayanlar gender bərabərliyi, qadın hüquqları ilə sui-istifadəni səhv salır və hesab edir ki, bu, bilərəkdən edilir:

“Bəziləri bilərəkdən bundan sui-istifadəyə çalışırlar. Adi zorakılığı belə qadın hüquqlarının pozulması kimi qələmə verirlər. Məişət problemlərini gender bərabərliyi kimi qələmə vermək doğru deyil. Hər bir kəsin - istər qadın olsun, istər kişi, hüququ pozula bilir”.

Deputat vurğulayıb ki, etik davranış prinsiplərini pozanlar olursa, ailə institutuna zərərli vərdişləri gətirmək istəyənlərə qarşı hər hansı davranış olursa, bu, gender bərabərliyinə qarşı olmaq deyil:

“Çünki bəzi feminist qadınlar bu prinsipləri pozmağa çalışır. İstər kişi, istər qadın olsun, nümayişkaranə şəkildə şərab içmək, siqaret çəkmək, bizim mədəniyyətimizin əksinə olan müxtəlif formalarda şəkillərlə sosial şəbəkələri bəzəmək, istirahət məkanlarında gənclərimizin əxlaqına təsir edəcək hərəkətlər etmək gender bərabərliyi sayıla bilməz. Ailə hakimiyyətinin əsaslarını sarsıdan hərəkətlər gender bərabərliyə daxil edilə bilməz. Həmin tip feminist qadınlar isə bütün bu kimi dəyərləri heçə endirmək, öz aləmlərində yenilik gətirmək istəyirlər. Avropada təhsil almaqla deyil. Bəzən qadınlar hesab edir ki, Avropa düşüncəsinin daşıyıcısıdır və ona görə də orada nə gördünsə, Azərbaycanda da onu təqlid etmək olar. Bunlar yolverilməzdir. Gender bərabərliyi əxlaqsızlığın təbliği deyil. Yəni gender bərabərliyi ilə əxlaqsızlıq bir tutula bilməz. Gender bərabərliyindən, qadın hüquqlarından sui-istifadə edib əxlaqsızlığı cəmiyyətə bulaşdırmaq olmaz. Gender bərabərliyi cəmiyyətin inkişafında qadınların məsuliyyətinin artırılmasıdır. Təəssüf ki, bəzi feminist qadınlar elə hesab edir ki, bərabərlik məsuliyyətsizlik, kişinin üzərində hökmranlıq etməkdir. Xeyr, tam əksidir. Cəmiyyətin, onun kiçik bir subyekti olan ailənin inkişafı, müasir bilik və tələblərə uyğunlaşmasında məsuliyyəti daşımaqdır”.

Fəzail İbrahimli: “Qadınların xüsusi haray salmasına ehtiyac yoxdur”

Deputat Fəzail İbrahimli deyib ki, gender bərabərliyində qadınlara üstünlük tanrı tərəfindən verilib və qadınların xüsusi haray salmasına ehtiyac yoxdur:

“Bir qızı 5 oğlan istəyir, seçimi edən qız tərəfidir. Gender bərabərliyini süni surətdə yaratmaq olmaz. Məsələn, seçkili orqanlarda gender bərabərliyi təbii seçim və proses olmalıdır. Elm sahəsində də süni şəraitdə gender bərabərliyinə dəyişiklik etmək olmaz. Gender bərabərliyinə təsir edə biləcək məsələlər sərəncamla, qərarlarla olur. Bu da ölkəmizdə var. Gender bərabərliyi ilə gender siyasətini qarışıq salmaq olmaz. Siyasətdə qırmızı xəttimiz hüququ pozulmuş qız uşaqlarının, qadınların hüquqlarını bərpa etmək olmalıdır”.

Spiker: Müzakirələri populist səviyyədə deyil, deputat səviyyəsində aparmalıyıq”

Spiker Sahibə Qafarova bildirib ki, gender bərabərliyi və gender siyasəti ayrı-ayrı terminlərdir: “Azərbaycanda gender siyasəti yüksək səviyyədədir. Ümumi gender və gender siyasəti ilə bağlı hamımızın öz baxışları var. Bu müzakirələri populist səviyyədə deyil, deputat səviyyəsində aparmalıyıq”.

Fəzail Ağamalı: “Valideynlərin təkidi, təzyiqi ilə yetkinlik yaşına çatmayan qız uşaqları ərə verilir”

Deputat Fəzail Ağamalı deyib ki, bu gün Azərbaycanda qadın-kişi bərabərliyində hər hansı problem yoxdur:

“Bizim qadınlara münasibətimiz digər xalqlardan tarix boyu fərqlənib. Bu gün bəzi valideynlərin təkidi, təzyiqi ilə yetkinlik yaşına çatmayan qız uşaqları ərə verilir:

“Son vaxtlar Avropanın transfer etdiyi qaydalar da Azərbaycanın ailə institutuna mənfi təsir edir. Rayonlarımızda hələ də qız uşaqlarının təhsil alması ilə bağlı mənfi münasibət özünü göstərməkdədir”.

Qüdrət Həsənquliyev: “Erkən evliliklər müəyyən mənada bizim dinimizdən də qaynaqlanır”

Deputat Qüdrət Həsənquliyev deyib ki, erkən evliliklər müəyyən mənada dindən də qaynaqlanır:

“Bu məsələdə təhsil qanununun da mənfi rolu var. Bizdə orta təhsil məcburi idi. Amma sonradan biz başqa qanun qəbul etdik. İndi kənd yerlərində qız uşaqları sanki ailəyə maddi yük hesab olunur, təhsildən yayındırılır. Bahar Muradova orta təhsilin icbari olması ilə bağlı Konstitusiya Məhkəməsi qarşısında məsələ qaldırmalıdır”.

O qeyd edib ki, inkişaf etmiş Avropa ölkələrində hər hansı cinsin nümayəndəsi idarəetmə orqanlarında 60%-dən çox ola bilməz və bu, Azərbaycanda da tətbiq edilməlidir.

Deputat bildirib ki, din amilindən də istifadə edilməlidir: “Din xadimləri həm qadın hüquqları, həm də qadınların təhsilə yönəldilməsi məsələsinə diqqət yetirsinlər”.

Müzakirələrdən sonra Milli Məclis ilk dəfə müzakirəyə çıxarılan “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında” məsələni qəbul edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı məlumatı parlament üzvlərinə Komitənin sədri Bahar Muradova təqdim edib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  30 Декабрь 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/0yz2ah

Самое читаемое