Qiyas İbrahimov: Həbs qərarı olmadığı üçün məhkəməyə aparacaqlar

Qiyas İbrahimov ona səhər bölmənin rəisi sərbəst olduğunu, ancaq çağrılacağını deyib

Foto: Meydan TV


“Nə qərar olacaqsa, hazıram”

Gənc fəal Qiyas İbrahimov iyunun 10-da səhər saatlarında sərbəst buraxılıb. Bu barədə Qiyas İbrahimov özü Meydan TV-yə danışıb.

O bildirib ki, iyunun 9-da onu saxlayarkən həbs qərarı olmadığı üçün bu gün məhkəməyə aparılacağını söyləyiblər:

“Biz saxlamaq haqqında qərar olmadan bölmədə saxlanılmağımın qanunsuz olduğunu dedik. Polis razılaşmasa da, mən protokola etiraz yazdım. Polis protokola etiraz yazmağımı istəmirdi, səbəb də sənədin guya korlanması idi. Cavab verdim ki, sənəd korlanır deyə, hüququm korlanmalı deyil. Amma polis bildirdi ki, yazsan da, yazmasan da səni saxlayacağıq. Bundan sonra məni 25-ci Polis Bölməsinə apardılar, normal davrandılar”.

Qiyas İbrahimov ona səhər bölmənin rəisi sərbəst olduğunu, ancaq çağrılacağını deyib:

“İstənilən halda nə qərar olacaqsa, hazıram, qaçacaq deyiləm. Amma mən həbsimi qanunsuz sayıram,çünki cinayət törətməmişəm. Hələ gözləyirəm, məhkəmə olacaqsa, gedəcəm”.

Qiyas İbrahimov saxlanılan zaman müsadirə olunan əşyalarını qaytarmadıqlarını bildirib.


Qiyas Ibrahimov

iyunun 9-da polis zorakılığına etiraz aksiyası keçirib. Yaşadığı binanın damına çıxan fəal üzərinə “Bəsdir əyildin. Susma, sən də din!” şüarı yazılmış plakatı asıb. O, bununla polisin iyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binada keçirdiyi “zibil əməliyyatı“na etirazını bildirib.

Elə dünən onu Nizami Rayon Polis İdarəsinin əməkdaşları həbs ediblər. Sonradan hüquq mühafizə orqanları Qiyas İbrahimovun intihar etmək istədiyini, lakin polis əməkdaşları tərəfindən xilas olunduğunu bildiriblər.

Ana səhifəSiyasətQiyas İbrahimov: Həbs qərarı olmadığı üçün məhkəməyə aparacaqlar