“Paşa Holding”

Источник: google.az

Оглавление: “Paşa Holding”

Beynəlxalq Bankın milyonlarla qiyməti olan əmlakı ''Paşa Holding''ə necə verilib?

Hakim və prokuror şahidin ifadəsini yarımçıq kəsib

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin vəzifədən uzaqlaşdırılmasından bir neçə ay sonra ona yaxın şəxslərin də həbsi başladı. Onların arasında C.Hacıyevin dostu, keçmiş deputat Dünyamin Xəlilov da vardı. Keçmiş bankirlə dostu ayrı-ayrılıqda mühakimə olundular, C.Hacıyevə 15, D.Xəlilova isə 13 il həbs cəzası verildi.

Sonra onların hər ikisinin haqqında daha bir cinayət işi başladı. Yarım ildir ki, onlar birlikdə ikinci cinayət işi üzrə yenidən mühakimə olunurlar.

D.Xəlilov “General Construction” holdinqə rəhbərlik edib. Bu holdinqin həyata keçirdiyi layihələr üçün Beynəlxalq Bankdan kreditlər götürülüb. Bir müddət sonra holdinqin işçilərinin adına şirkətlər yaradılıb və o şirkətlərin də adına Beynəlxalq Bankdan kreditlər götürülüb, müəssisələr yaradılıb. İndi həmin şirkət rəhbəri olan işçilər də təqsirləndirilən şəxs qismində məhkəmə qarşısındadır. Amma C.Hacıyev, D.Xəlilovdan fərqli olaraq, onlar həbsdə deyil.

Onlar da deyir, D.Xəlilov da təsdiqləyir ki, şirkətlərə faktiki özü rəhbərlik edib. Sadəcə, rəsmi sənədlərdə rəhbər kimi onların adı gedib.

“General Construction”da aylıq 500-600 manat maaşa işləmiş həmin adamlar adlarına yaradılmış şirkətlərin Beynəlxalq Bankdan götürüb ödəmədiyi kreditlərə görə cinayət məsuliyyətinə cəlb olunublar. Həmin kreditlər hesabına həyata keçirilən layihələr, yaradılan müəssisələr də onların adına olub.

Kreditlər hesabına yaranan müəssisələrin əksəriyyəti onlardan alınıb, ya “Aqrarkredit” QSC-nin balansına verilib, yaxud da kiminsə adına keçirilib. 2015-ci ilin yayında prezidentin sərəncamıyla yaradılan “Aqrarkredit” Beynəlxalq Bankın əmlaklarının idarə olunması, problemli kreditlərin həlli kimi məsələlərlə məşğul olur.

C.Hacıyevin məhkəmədə dəfələrlə etiraz etdiyi məsələlərdən biri budur ki, həm bankdan götürülmüş kreditin ödəmək öhdəliyi qoyulur, buna görə insanlar cinayət məsuliyyətinə cəlb olunur, həm də həmin kredit hesabına yaradılmış müəssisələr adamların əllərindən alınır:

“Bizim dövrümüzdə verilən kreditlər hesabına yaradılan bir çox şirkət var ki, indi onları götürüblər, adlarını dəyişiblər, öz mülkiyyətləri kimi idarə edirlər. Adı dəyişməklə deyil axı… Belə şey ola bilməz ki, aktivləri götürəsən, passivləri yox. Aktivlərlə passivlər birlikdə olmalıdır. Aktivləri götürürlər, deyirlər, borcu siz ödəyin”.

Başqa sözlə, C.Hacıyev deyir ki, adamlardan həm krediti ödəməyi tələb edib, buna görə onu cinayət məsuliyyətinə cəlb edib, həm də o kredit hesabına onun yaratdığı şirkəti əlindən almaq ədalətsizlikdir. Onun sözlərinə görə, ya adamlara imkan verilməlidir ki, yaratdığı müəssisəni işlədib, aylıq kreditini ödəsin, ya da müəssisə əlindən alınırsa, ondan həmin pul tələb olunmamalıdır.

Bəs həmin müəssisələri kimlər və necə ələ keçirir? C.Hacıyev məhkəmədə bu barədə konkret danışmayıb. Amma prosesin gedişində bununla bağlı müəyyən məsələlər ortaya çıxıb.

“General Construction”da işləmiş, hazırda isə təqsirləndirilən şəxslər sırasında olan Sərxan Rəsulovun adına “Adelaide Park Holdings” yaradılıb. S.Rəsulov daha sonra bu MMC-nin direktoru olub. “Adelaide Park Holdings” MMC daha sonra Zaqatala Balıqçılıq Təsərrüfatının – “Olimp-LTD”nin 50 faizinə sahib olmuşdu.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Zaqatala Balıqçılıq Təsərrüfatının qalan 50 faizinin sahibi isə Mövsümova Akifə Şərif qızı olub. Lakin 2018-ci ildə “Olimp-LTD” hər biri 50 faiz paya malik olan sahiblərinin hər ikisindən alınıb.

Alqı-satqı müqaviləsi 28 iyun 2018-ci ildə Bakıda, 9 saylı notariat kontorunda imzalanıb. Müqaviləyə əsasən, Zaqatala Balıqçılıq Təsərrüfatı cəmi 1 milyon 232 min manata alınıb. Sərxan Rəsulov və Akifə Mövsümovanın hərəsinə 616 min manat ödənilib.

Müqavilədə alıcı kimi, Rasim Eldar oğlu Qasımovun adı göstərilib.

Məhkəmədə bu məsələyə səthi toxunulub. S.Rəsulov C.Hacıyevin suallarına cavab verərkən bu alqı-satqı ilə bağlı müəyyən məqamları açıqlayıb. Onun dediklərindən məlum olub ki, S.Rəsulov özü notariat kontoruna getməyib. Müqavilədə pay alqı-satqısının iyunda həyata keçirildiyi göstərilsə də, S.Rəsulov deyir ki, onu noyabr ayında (Beynəlxalq Bank işi üzrə istintaq başa çatarkən-red.) çağırıb, müəyyən sənədlərə imza atdırıblar. Onun sözlərinə görə, zəng eləyib çağıran “Aqrarkredit”in nümayəndəsi olub: “Dedi ki, mənim adıma olan 50 faizlik pay satılır. Gedib müəyyən sənədləri imzalamalıyam. Görüşdük, getdim, hansı sənədi dedilərsə, imzaladım. Mənə pul verilmədi. Sadəcə, sənədlərə imza atdım. Xahiş etdim ki, heç olmasa, o pulu mənim üstümdə olan kreditin ödənilməsinə yönəltsinlər, razılaşmadılar. Dedilər ki, mümkün deyil”.

Hüquqi baxımdan S.Rüstəmovun rəhbərlik etdiyi “Adelaide Park Holdings”in adına 2013-cü ilin mayında Beynəlxalq Bankdan 1 milyon 490 min manat kredit rəsmiləşdirilib. Amma bankdan nağd şəkildə iyul ayında 30 min bir, 10 min də bir olmaqla, cəmi 40 min manat götürülüb.

S.Rəsulov dindirilərkən məlum olub ki, o, heç Balıqçılıq Təsərrüfatının alıcısının kim olduğunu da bilmir: “Dedilər ki, “Paşa Holding” alır. Amma mənə heç nə göstərmədilər. Məni də imzalamaq üçün “Paşa Holding”ə aparmışdılar”.

Hakim və prokuror bu məsələnin məhkəmədə araşdırılan cinayət işinə aidiyyəti olmadığını deyərək, bu istiqamətdə sualları kəsib. Buna C.Hacıyev belə etiraz edib: “Milyonlarla dəyəri olan əmlak 616 minə niyə satılmalıydı? Sizə qəribə gəlmir?”

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/7fb994

Самое читаемое