Zümrüd Yağmur

Source: Foto: Meydan TV

Caption: Zümrüd Yağmur

Toplumsal depressiya və “cavabsız” suallar...

Son dövrlər “bizə nə oldu, niyə bunlar baş verir, elə bil vəhşiyə dönmüşük” kimi suallara tez-tez rast gəlirik

Məncə, bir insanın yaxın birini itirməkdən başqa, bu dünyada yaşaya biləcəyi ən ağır şey xəyanətdir. Sevdiyin, güvəndiyin, bütün həqiqətlərini, duyğularını onunla şəkilləndirdiyin, dəyərlərini onun dəyərlərinə uyğun formalaşdırdığın və həyata onun gözü ilə baxdığın biri birdən- birə sənə xəyanət edir. Hətta xəyanəti yalanlarla süstləyib sənə sevgi adı ilə sırımağa çalışır. Sənin gərəksiz və lazımsız olduğunu üzünə çırpır, sanki biri sənin gözlərini məcburən iyrənc bir mənzərəyə baxmağa məcbur edirmiş kimi əzab çəkirsən. Bildiyin həqiqətlərlə üzləşməyə gücün yetmədikcə, beynin “niyə?” sualının fırtınasına düşür. Dünyan yıxılır... Qarşısındakının “mən”i bütün eqoistliyi ilə sənin “mən”ini əzib keçir. Bütün həqiqətlərin sırıflanır. Başın sənə yad melodiyaların havasına havalanır, hər şey, sanki hər kəs səni "sən" olmaqdan çıxarmaq üçün iblisin qaladığı tonqala odun daşıyır. Xəyanət sənin varlığını varkən yox saymaqdır. Xəyanət sənə sənin gərəksiz olduğunu qırmızıcasına diktə etməkdir. Bunun acısını yaşamaq, bütün dünyaya nifrət etmədən bu ağır sınaqdan çıxmaq elə ağırdır ki, ancaq yaşayanlar bilər. Adətən belə hal yaşayan insanlar ya “baş verənlər məni öldürmədisə, daha güclü etmək üçün baş vermiş” deyir, ya da sınır, depressiyaya düşür. İnsanlara inamını qoruyub saxlaya bilmək, içində zədələnmiş insanlığını yenidən şəkilləndirmək və yürüyə bilmək... Duyğularına, hətta vicdanına, iradənə belə vurulmuş yaraların sağalması üçün özün-özünə məlhəm olmaqdan ötürü çabalayırsan. Amma gecənin qaranlığına "sən güclü olmalısan, dik durmalısan" deməkdən başqa "sarğı" yox! Bir də gündüzün gəlməsini səbrlə gözləmək var!

Bu fərdin yaşadığı acılardır.

***

Bir də toplumsal depressiyalar var

İnanıram ki, fərd nə yaşayırsa, xalqlar, bizə mücərrəd görünən cəmiyyət də eynisini yaşayır. Xəyanətlərə uğrayır, yalanlarla bütün bildiyi gerçəklər zorlanır, varkən heçə sayılır, ona verilən vədlər, sözlər unudulur, yalanlar hədiyyə kimi bəzədilib ona sırınır və hətta bu “hədiyyənin” əvəzinə onu verənə minnətdar olmaq da tələb olunur.

Beləcə, eynən fərd kimi, xalqlar da depressiyaya düşür.

Son dövrlər “bizə nə oldu, niyə bunlar baş verir, elə bil vəhşiyə dönmüşük” kimi suallara tez-tez rast gəlirik. Doğrudan da, bizə nə olub?

Bizə olan olub. Ölkədə toplumsal depressiya var.

Azərbaycan xalqının inamı, güvəni, həqiqətləri, bildikləri, arzu və xəyalları illərdir ki, zorlanır. Siyasi baxımdan düz 30 ilə yaxındır ki, davamlı xəyalları yıxılan bir xalq var. Keçən əsrin ortalarında müstəqillik deyib meydanlara axışan xalq milli hakimiyyətini formalaşdırdıqdan sonra qurduğu xəyallar yerlə yeksan oldu. Əbülfəz Elçibəy bildiyimiz və bilmədiyimiz səbəblərdən bu xəyalları gerçəkləşdirə bilmədi və bundan sonra Heydər Əliyev dönəmi başladı.

Amma Heydər Əliyev zülməti çökmədən insanların ümidini sıfırlanmamışdı hələ, yenə də ona inanırdı, “Heydər Əliyev güclü siyasətçidir, o, ölkəni bu durumdan çıxaracaq”, deyib xəyallarını yenidən formatlaşdırdı.

Amma Heydər Əliyev xalqı, ölkəni deyil, ailəsini “xilas etdi” və əliyevlərin bəxtinə günəş doğarkən Azərbaycan xalqının xəyallarına qar yağdı.

Beləcə, toplum sevdiyi, güvəndiyi siyasətçilərin bu və ya digər şəkildə xəyanətinə uğradı.

Bütün bunlar xalqın psixologiyasına, mənəvi durumuna təsirsiz ötüşmədi.

Bizə məhz bunlar oldu!

Siyasi oyunlar, verilən vədlərin boşa çıxması, yalan və talançılıqlar ölkədə toplumsal depressiyanı tətikləyən hallardır. İnsanların artıq heç bir siyasətçiyə, nə iqtidara, nə də müxalifətə inamı qalmır. Toplumun qulağı o qədər yalanla dolur ki, artıq kimin düz, kimin yalan danışdığını ayırdı etməyə belə həvəsi olmur. Hələ Azərbaycan kimi ölkələrdə, “kimin əli kimin cibindədir” bilinməzliyini də bu güvənsizliyin üstünə gəldikdə durum daha da vahiməli olur.

Azərbaycanda sosial, iqtisadi, ictimai güvənsizlik siyasi güvənsizlikdən az deyil. Hər gün eşidilən əsgər ölümləri, şəhid xəbərləri, qadınların döyülməsi, uşaqların qətl edilməsi, iş yerlərinin olmaması, sosial ədələtin yoxluğu, müstəqil olmayan məhkəmələr və ən başlıcası da rüşvətin tüğyanı insanların sabaha olan inamını tamamən sarsıdıb.

Sabaha inanmayan, nə olacağını düşünmək istəməyən, kasıblıqdan, carəsizlikdən və haqsızlıqlardan yorğun düşmüş vətəndaş bu günün bir tikə çörəyi ilə qayıllanmağa (razılaşmaq) üstünlük verir.

İnanmadığı, ümid etmədiyi sabah üçün savaşmaq, bir araya gəlmək ona məntiqli gəlmir.

Ölkə vətəndaşı nəyə ümid bəsləyə bilər?

Onun haqqı pozulanda üz tutacağı azad və müstəqil, rüşvətsiz işləyən məhkəmə, hüquq-mühafizə orqanları varmı?

Savadlı olmağa çalışdıqda nəyə nail olacaq?

Qohumbazlığın ayaq tutub yeridiyi bir ölkədə savadına güvənib özünü reallaşdıracağına inam varmı?

Xəstələndikdə tibbi sığortanla normal tibbi xidmət görəcəyinə inana bilərmi?

Övladını göndərdiyin uşaq bağçasına, məktəbə çoxmu arxayın ola bilərsən?

İş axtaranda qabiliyyətinə və arzuna uyğun iş yeri tapacağına çoxmu inanır vətəndaş?

Bu və digər suallara cavabın bir mənalı “yox” olduğu bir toplumun sağlam ola bilməsi mümkündürmü?

Kimsənin bir-birinə güvənmədiyi, birinin digərindən təhlükə gözlədiyi ölkədə insanların bir araya gəlməməsi bəlkə də normaldır?!

İllərdir eyni yolu tutmuşuq. Eyni dəsti-xətt... Xalqı tənqid edirik. Edilməldir. Amma həm də xalqın düşdüyü bu durumu da ona izah edib, bizi bu hala salanların məhz elə bunu istəməsini də onlara anlatmalıyıq. Fərdlərin bu hallarda müraciət etdiyi psixoloqlar olur. Toplumların gözləntiləri də adətən ziyalılardan, yazarlardan, həm də siyasilərdəndir. Bu üzdən toplumun “psixoloqlarının” müalicə əvəzinə davamlı hər şeyin pis olduğunu deməsi doğrudurmu?!

Bəlkə bir də düşünüb yenidən yol alaq! Yeni, bambaşqa bir yol!

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/uppoqx

Most Viewed