Rövşən Hacıbəyli

Source: Meydan TV

Caption: Rövşən Hacıbəyli

Qaliblərin mühakimə olunduğu müharibə

18 gündür rus əsgəri Qarabağdadır, türk əsgəri də Türkiyədə...

Azərbaycan ərazisi olan Qarabağla bağlı 3 ölkənin 10 noyabr razılaşmasından sonra dartışılan başlıca mövzu Türkiyə sülhməramlılarının münaqişə zonasına gəlib-gəlməməsidir. Razılaşmanın ilk günündə Türkiyənin də sülhməramlı kimi prosesdə iştirak edəcəyi bildirilsə də, rəsmi Moskvanın Mariyası (Zaxarova) bəyanatda belə bir şeyin olmadığını dedi. Azərbaycan rəsmiləri susdu. Türkiyədənsə bir-birinin ardınca açıqlamalar verildi ki, biz prosesdə varıq, yaxın günlərdə kontingent Qarabağda olacaq.

“Rusiya əsgəri Qarabağda hansı şəkildə olacaqsa, türk əsgəri də elə olacaq”, – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri noyabrın 11-də demişdi. Bunun ardınca Türkiyə Böyük Millət Məclisi də qərarını verdi: Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə atəşkəsə əməl olunmasını yoxlamaq məqsədilə işğaldan azad edilmiş Azərbaycan ərazilərində ortaq bir mərkəz yaratmaq üçün qoşun göndərməyə icazə sənədi parlamentdə qəbul olundu. Türkiyənin Müdafiə naziri Hulusu Akar da bütün hazırlıqların görüldüyünü və türk əsgərinin yaxın günlərdə regiona gələcəyini bir neçə yol dedi. Yenə Rusiya rəsmiləri Türkiyənin Qarabağda olmayacağı barədə açıqlama verdi. Yeri gəlmişkən, ermənilər də rusun sözünü dedilər: türk qoşunu Qarabağda olmayacaq. Bizim rəsmilərsə yenə susdu. Baxmayaraq ki, prezidentdən üzüaşağı bütün rəsmilərimiz beynəlxalq qanunlara əsaslanıb Qarabağın Azərbaycan ərazisi olduğunu tez-tez təkrarlayır. Bəs onda niyə burada söz sahibi ola bilmirik? Niyə Qarabağla bağlı bütün məsələləri, güzəştləri (Kəlbəcər, Ağdərə, Laçın və s.) Paşinyan Putinlə razılaşdırır? Bəs niyə gözümüzün qabağında beynəlxalq hüquq cəhənnəmə gedir, gora gedir, gorbagor olur?

Qarabağdan erməni qoşunlarının çıxarılmasına birgə nəzarət olacaqdı, nə qoşun çıxır, nə də nəzarət var. Ruslar heç maşınları yoxlamır da, ermənidən soruşur ki, silah var maşında, o da deyir, yoxdur. Yoxlama bitir. Keç...

Bu, necə razılaşmadır ki, məğlub, kapitiulyasiya olunan tərəf (Ermənistan) onu addımbaşı pozur? O razılaşmada belə bir bənd vardımı ki, ermənilər 27 ildir işğal altında saxladıqları evlərimizi yandırıb qaytaracaqlar? Sənəd imzalanmamış ərazimizə soxulan “sülhməramlı”lar bəs nə üçün gəlmişdi Qarabağa? Ermənilərin törətdiyi yanğınlara, talanlara nəzarət etməkdən, yaxından baxmaqdan ötrü? 27 ilin talanları, yanğınları yetmədimi, ruslar ona baxmaqdan doymadımı? Bütün bunlara baxmağa çox həvəsliydilərsə, viran qoyulmuş Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı vardı, gedib baxardılar, onların ki bizdən fərqli olaraq, Qarabağda, bizim torpağımızda sərbəst hərəkət azadlığı var...

Bizsə razılaşmanın ardıcıl pozulmasına susuruq, qələbəni çal-çağırla, qol götürüb oynamaqla bayram edirik, gözümüzün qarşısında məğlubların evlərimizi yandırmasını, yağmalamasını çox normal bir addım kimi qarşılayırıq, səsimizi çıxarmırıq, guya sülh missiyası ilə gələnə bunu durdurmaqla bağlı söz demirik. Unutmayın, hər yandırılan ev bizim qayıdışımızı əngəlləyir, qaçqınlarımızın öz torpaqlarına qovuşmasını gələcək illərə ötürür, ermənisə “sülhməramlı”ların nəzarəti altında Xankəndidə artıq normal həyata qayıdıb, qayıdır, evləri də yerində; nə dağıdılıb, nə də yandırılıb...

“Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrini icra etməyə başlayacaqlar”, - bunu da Türkiyənin vitse-prezidenti Fuat Oktay noyabrın 28-də parlament qarşısında çıxışı zamanı deyib. Noyabrın 10-dan bəri verilən bu tip açıqlamaların sayını itirmişik, statistika həvəskarları internetdə qısa axtarış edib müəyyənləşdirə bilər, çoxdur. Prezidentdən üzüaşağı artıq neçənci Türkiyə rəsmisidir ki, belə açıqlama verir. Türk əsgərisə gəlmir, gələ bilmir, o sadə səbəbə görə ki, Qarabağda söz sahibi olan Rusiya, torpaqlarımızı işğal edən Ermənistan buna razı deyil. Bu həqiqətləri sosial şəbəkədə yazanda, müzakirəyə çıxarandasa trollar, trolkimilər fəsiləsindən olanlar, qələbə eyforiyasından ayılmayanlar çıxır ortaya, təhqirdən belə çəkinmirlər...

18 gündür rus əsgəri Qarabağdadır, türk əsgəri də Türkiyədə...

8 noyabr deyib (Şuşanın azadlığı günü) 7 noyabrda şəhid olan əsgərlərimizin ruhu xatirinə, öz torpaqlarımızda söz sahibi olun, Qarabağ, torpaq, Şuşa sevincimizi gözümüzdən gətirməyin!

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/7kiq0e

Most Viewed