Zərdüşt Əlizadə

Source: Meydan TV

Caption: Zərdüşt Əlizadə

Özülsüz bina

Ermənistanda keçiriləcək seçkilərə baxış

Bəxtim elə gətirib ki, siyasi hadisələrin cərəyanının səmtini və aqibətini əvvəlcədən görürəm. Görürəm və susmuram, deyirəm. Dediklərim adətən nəhs aqibət barədə olur və heç kəsin xoşuna gəlmir. Bəd aqibət öncəgörmələrimə görə mənə pis gözlə baxırlar.

Camaatın əksəriyyəti günahsız bayquşları sevirmi? Onların günahı nədir ki, insanların tərk etdiyi xarabalıqlarda yuva qurmağa üstünlük verirlər? Gəlib şəhərin və ya kəndin mərkəzində, prezident sarayının və ya icra nümayəndəsinin inzibati binasının damında yuva qurası deyillər ki?

Müxtəsər, hadisələrin cərəyan səmtini ona görə dəqiq görürəm ki, ictimai hadisələri elmi meyarlarla ölçürəm, ictimai elmləri cavanlıqda diqqətlə oxuyub öyrənmişəm və siyasi təhlil üsullarının səmərəsini dəfələrlə sınaqdan uğurla keçirmişəm.

Məhz buna görə 2018-ci ilin Ermənistandakı “velvet” inqilabından sonra erməni həmkarlarımla görüşlərdə onların fərəhdən və qürurdan az qala göylə uçduqlarını görəndə ürəyimdə fikirləşmişəm ki, “bir azdan guppultu ilə yerə dəyəndə sizə baxaram”. Belə düşünmüşəm, ona görə yox ki, əzəldən ermənilərdən zəndeyi-zəhləm gedir və onların uğursuzluqları məni sevindirir. Əsla yox, mən beynəlmiləlçiyəm, dünyada heç bir xalqa mənfi baxmıram, sadəcə hər bir xalqın şüur səviyyəsini, mədəni inkişafının tövrünü görüb həmin gəncliyimdən qavradığım ictimai-siyasi təhlil cihazını işə salıram və cox qısa bir zamanda bu cihaz mənə bildirir ki, “işlər fənadır, bu xalqı yaxın zamanda acı aqibət gözləyir”.

Erməni xalqını gözləyən acı aqibət barədə qənaətimi özlərindən razı erməni həmkarlarıma demirdim. Anlayırdım ki, desəm, sözlərimi onların analoqu olmayan inqilablarına avtoritar ölkədə yaşayan zavallı insanın bəslədiyi həsədin təzahürü sayarlar.

Fikrimi yalnız əziz dostum Georgiy Vanyana deyirdim, o da mənimlə tam razı olurdu, çünki erməni cəmiyyətinin içində yaşayır və hamının cikini də, bikini də bilir.

Qısaca deyim, nəyə görə, hansı səbəbdən məxməri erməni inqlabının məşum sonluğuna əmin idim. Çünki hər hansı cəmiyyətdə köklü ictimai-siyasi dəyişikliyin uğur qazanması üçün əsas şərt bu dəyişikliyi istəyən mütəşəkkil siyasi qüvvənin mövcudluğudur. Erməni cəmiyyətində belə sağlam və təşəkkül tapmış ictimai-siyasi qüvvə yoxdur. Küçələrə tökülüşüb bağırışan, yürüş və mitinqlə dövlət cihazını iflic edən, kabab yeyib rəqs edən qara kütləni belə sağlam və mütəşəkkil qüvvə saymaq olmaz. İctimai-iqtisadi inqilabın məqsədlərini mövcud qanunların gücü və mürtəce qurumların əlilə həyata keçirmək istəyi Məşədi İbadın kirələdiyi qoçuların “aç qapını, gəlib səni öldürək” mahnısını xatırladır.

1970-ci illərin əvvəllərində mərhum Salvador Alyende eyni minvalla Çilidə məxməri inqilab həyata keçirmək istəmişdi və aqibətini dəxi hamı bilir deyə dübarə yazıb başınızı ağrıtmaq istəmirəm.

Ermənistanda demokratik dəyişiklik mümkün deyil, çünki demokratik vətəndaş yoxdur. İfrat millətçi var, xəstə mini-imperialist var, çörəyi yaltaqlıq və talançılıqdan çıxan fürsətçi var, şirin xəyal-plovla dolanan ac-yalavac romantik var, başını aşağı salıb ibtidai heyvan həyatı sürən obıvatel var, lakin şüurlu inqilabçı, ardıcıl və düşünülmüş, uzun müddətli siyasi fəaliyyətlə məşğul olmağa qabiliyyəti çatan ictimai qüvvə yoxdur. Bu ölkədə dərin siyasi kökləri olan yeganə partiya nasist Daşnaksutyun partiyasıdır ki, onun demokratiyaya əsla dəxli yoxdur. Erməni vətəndaşının orta illik gəliri demokratiya yoluna qədəm qoymuş digər sabiq avtoritar ölkələrin vətəndaşlarının orta illik gəlirlərindən xeyli aşağıdır. Allah kasıbçılığın üzünü qara eləsin, kasıb və ac-yalavac insan demokratiya nədir, qana bilməz. Ermənistanda siyasi münasibətlərdə demokratik qayda və qanunlara riayət, qanunun aliliyi ənənəsi heç yoxdur.

Yeganə şəffaf və ədalətli seçki 1990-cı ildə sovet əyyamında olmuşdu, onda da rəhbərliyə “Qarabağ Komitəsi”nin DTK mətbəxində hazırladığı millətçi dəstəsi gəlmişdi. Həmin seçkidən sonra Ermənistandakı bütün seçkilər kobud pozuntu və fırıldaqlarla keçirilmişdir.

Paşinyan varçapet seçiləndə onun şəxsi reytinqi o qədər yüksək idi ki, qanun qadağan etməsəydi, deputat mandatlarının 90%-ni götürərdi.

Ermənistanda siyasi rəqiblərin qətlə yetirilməsi demokratik prosedurlarla müqayisədə qat-qat cox rast gəlinən təzahürdür. Parlament sədri, baş nazir, nazirlər, şəhər başqanları, varlı iş adamları... daha kimlər bu ölkədə terror qurbanı olmayıb? Öldürülən siyasi fəallar barədə söhbəti heç açmağa dəyməz.

Demokratiya quşunun uçması üçün onun iki qanadı olmalıdır: sağ və sol qanadlar. Ermənistanda sağ qanad, yəni iş adamlarının müstəqil və nüfuzlu təşkilatı, palatası yoxdur. Erməni varlıları da öz sərvətlərinə sahib çıxmaq üçün vəzifəli məmurların himayəsinə sığınmalı olublar və heç bir vəchlə müstəqil deyillər.

Ermənistanda muzdlu əməkçilərin müstəqil həmkarlar təşkilatları və onların siyasi mənafeyini ifadə edə biləcək güclü sol partuya yoxdur.

Bu səbəbdən Nikol Paşinyana və onun “Soros övladları” dəstəsinin inqilabi potensialına dərin inamsızlıqla yanaşırdım, bu barədə son iki ildə beş-altı məqalə də yazmışdım..

Rusiya və onun erməni əlaltıları Nikol Paşinyanı laxlatmaq və devirmək üçün bütün daxili imkanları səfərbər etdilər, nəticə hasil edilmədi. Nikol siyasi bacarıq və hiylə sahəsində digər erməni rəqiblərindən daha məharətli, daha üzlü olduğunu bu iki ildə dəfələrlə sübut etdi.

Axırda Rusiya öz qürurunun həddini kiçiltməyə məcbur oldu və çoxdan girəvə hərləyən Azərbaycana dedi ki, “vur onu!”

Azərbaycan da vurdu. Ardını özünüz bilirsiniz.

İndi erməni xalqı seçkiyə gedir. İyunun 20-də səsvermə keçiriləcək. İki qütb var. Bİr qütbdə Pobert Köçəryan, ətrafında oğurluqları və xəyanətkarlıqları heç bir şübhə doğurmayan əski kadrlar, o biri qütbdə xalqın dünən sinov getdiyi, səcdə etdiyi, olmazın ümidlər bağladığı, fəqət bu ümidləri doğrultmamış Nikol Paşinyan, başının “Soros övladları” ilə.

Erməni xalqı kimə səs verəcək? Oğurluğu və qatilliyi çoxunda şübhə doğurmayan Robert Köçəryana, ya xalqda ümid qırıqlığı yaratmış Nikol Paşinyana?

Səsvermə bir daha sübut edəcək ki, qum üzərində, özül olmadan demokratiya binasını tikmək mümkün deyil.

Təki mən yanılım. Səhvimə cox sevinərdim. Ancaq təcrübəm deyir ki, yanılmayacağam.

Erməni xalqını elə aldatmayıblar ki, ağlı səlis işləsin. Bu xalqı 200 ildir Qərb, Rusiya və öz ziyalıları iblisanə məharətlə ovsunlayıb aldadır, onun beynini şirin əsatirlərlə, xəyal-plovlarla doldurur.

İkinci Qarbağ müharibəsi onun bütün bu şirin xülyalarını dağıtdı, puç etdi.

Ona oyanıb dünyaya ayıq gözlə baxmaq fürsəti verildi.

Bu fürsətdən istifadə etsə, düşdüyü dərin quyudan çıxa biləcək, xarici ağaların məkrli tələsindən qurtulacaq, mədəni və dinc inkişaf yoluna qədəm qoya biləcək.

Qoyarlarmı? Bacararmı?

Az qalıb. Seçki günü biləcəyik.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/b8wylq

Most Viewed