Source: Amerikanın səsi

“Müdafiə xətti”: Avqustda da obyektivlik, qərəzsizlik və ədalətlilik təmin edilməyib

Təşkilat hesabat yaydı

“Son aylarda azadlıq, ədalətli mühakimə, şərəf və ləyaqətin müdafiəsi hüquqları, sərbəst toplaşmaq, vicdan, söz və fikir azadlıqları pozulub, qanunsuz cəzalandırmalar kütləvi xarakter alıb, xüsusilə, siyasi yüklü cinayət mühakimə icraatlarında qanunçuluq, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi, obyektivlik, qərəzsizlik və ədalətlilik təmin edilməyib”.

Bu fikirlər “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 2021-ci ilin avqust ayı üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatında yer alıb.

Bildirilir ki, ötən ay cəzaçəkmə müəssisələrində cinayət-hüquqi xarakterli tədbir kimi cəzanın məqsədlərinə nail olunması üçün səy göstərilməyib, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə optimal tədbirlər planı realizə edilməyib və ya buna maraq göstərilməyib.

“Avqustda sığınacaq almış şəxslərə qarşı polis zorakılıq törədib”

“Bu dövr Azərbaycan Respublikasının Konstitusiyasının, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiynın, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin, Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Paktın tələbləri əsasən gözlənilməyib, insan hüqüqları, xüsusilə, siyasi azadlıqlar kobud surətdə tapdanılıb”, - hesabatda deyilir.

“Müdafiə Xətti” tərəfindən aparılan monitorinqlər zamanı müəyyən edilib ki, avqustda qaçqın və ya sığınacaq almış şəxslərə qarşı polis zorakılığı müşahidə edilib, siyasi iştirakçılıqla bağlı sərt və ənənəvi məhdudiyyətlər aradan qaldırlılmayıb, hökuməti əhatə edən korrupsiya meylləri genişlənib. Hüquq siyasətinə məsul olan dövlət institutları insan hüquqlarını pozan vəzifəli şəxslər haqqında məsuliyyət tədbirləri görməyiblər.

“Müdafiə Xətti” vəkil Coşqun İsgəndərovun Şirvan Apelyasiya Məhkəməsində həmin şəhərin polis şöbəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalmasına diqqət çəkib.

“10-dan artıq aktiv vəkil Vəkillər Kollegiyasından qanunsuz xaric edilib”

Hesabatda qeyd edilir ki, 10-dan çox aktiv vəkil qanunsuz əsaslarla Vəkillər Kollegiyasından xaric edilib. Habelə, qanunvericiliyə 1 oktyabr 2017-ci ildə edilmiş dəyişikliyə müvafiq olaraq, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərə məhkəmədə nümayəndə kimi çıxış etmək qadağan edilib. Nümayəndəlik institutunun məhdudlaşdırılması ilə hüquq müdafiəçilərinın sayı kəskin şəkildə azalıb: “Son illər Azərbaycanda vəkillərin sayı (1844) artsa da, yenə Avropa ölkələrindən və qonşu Gürcüstandan çox geri qalır. Eyni zamanda, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər,- əgər Mülki Prosessual Məcəlləyə təklif edilən yeni - 174.5-ci maddə qüvvəyə minərsə. Qeyd edilən mürtəce norma qüvvəyə minərsə, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirliməsinə ciddi zərər vuracağına şəkk edilməməlidir”.

Feministlərə qarşı polis zorakılığı

Hesabatda bir qrup feministin Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin inzibati binası önündə keçirdiyi aksiyaya da toxunulub. Aksiyaya səbəb polisin avqustun 3-də əri tərəfindən başı kəsilərək öldürüldüyü deyilən 23 yaşlı Sevinc Məhərrəmovanın şikayətinin araşdırılmaması, zorakılıq törədən Füzuli Qarayevin vaxtında həbs edilməməsidir. Feministlər polis idarəsinin önündə “Sevincin qatili dövlətdir!“, “Qadın qətlləri siyasidir!” şüarları səsləndiriblər. İnzibati binanın giriş qapısına qan rəngi rəmzi olan qırmızı maye atıblar. Aksiyaçılar- Gülnarə Mehdiyeva, Sevgi İsmayılbəyli və Nərmin Şahmarzadə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Hər üç feministin bildirdiyinə görə onlara qarşı şiddət göstərilib, döyülüblər, təhqiramiz ifadələrə məruz qalıblar. Qadın haqları uğrunda mübarizə aparan fəallara qarşı zorakılıq göstrərən məmurların barəsində hər hansı məsuliyyət tədbiri görülməyib.

Cəzaçəkmə müəssisələrində məhkumlara münasibət

Hesabatda o da qeyd olunur ki, cəzaçəkmə müəssisələrində məhkumlara qarşı işgəncə verilir, qeyri-insani rəftar, ləyaqəti alçaldan davranış göstərilir. Bildirilir ki,

1 saylı Bakı İstintaq Təsridxanasında saxlanılan məhkumlar- Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli quru aclıq ediblər. Məhkum Babək Məmmədlinin anası Esmira Məmmədova “Müdafiə Xətti”nin həmtəsisçisi Rüfət Səfərova verdiyi məlumata görə quru aclıq edən məhkumları cərimə təcridxanasına (“kars”) keçiriblər, onları qandal ilə çarpayının dəmir dirəyinə bağlayıblar, sanitar qovşağına belə getmək yasaq edilib. Quru aclıq edən məhkumlar Suriyadakı vətəndaş müharibəsində qanunsuz silahlı birləşmələrin tərkibində iştirak ittihamı ilə həbs olunublar.

“Müdafiə Xətti” bildirib ki, ötən ay Müsəlman Birliyi Hərəkatının üzvü, vicdan məhbusu Abbas Hüseynə də saxlandığı 8 saylı cəzaçəkmə müəssisəsində işgəncə verilib.

Heyvansevərlərin həbsi

Heyvansevərlərin məhkəməyə verilməsi məsələsi də hesabatda əksini tapıb. Belə ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 nəfər heyvansevər 15 sutka inzibati qaydada həbs edilib. Qapalı keçirilən prosesdə aktivistlər -Nicat İsmayılov, Elxan Mirzəyev və Nicat Azayev İnzibati Xətalar Məcəlləsinin 510-ci (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə)maddələri ilə təqsirli biliniblər. Aktivistlər avqustun 6-da Fəvvarələr meydanı adlanan ərazidə meymunun foto üçün istifadə edilməsinə etiraz edəndən sonra saxlanılıblar.

Hökumətin siyasətini tənqid edən dindarlara münasibət

Hesabatda o da vurğulanır ki, hökumətin siyasətini tənqid edən dindarlara qarşı dözümsüz münasibət davam etdirilir:

“Bunun nəticəsidir ki, ölkədə onlarla vicdan məhbusu var. Baxmayaraq ki, Konstitusiya ilə hər kəsin vicdan azadlığı təminat altına alınır.

10 ildir cəmiyyətdən təcrid olunan, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınan Abgül Süleymanovun təklifi ilə öz ailəsi bir neçə mömin ailəsi və kimsəsiz uşaqlarla birlikdə Zığ qəsəbəsində yerləşən Polad Həşimov adına parkda şəhid şəkilləri ilə gəzintiyə çıxıblar. (Bu, Abgül Süleymanovun doğum günü ilə əlaqədar olub). Lakin polis müdaxilə edib, gəzintini dayandırıb. Bir neçə inanclı şəxs saxlanılaraq polis bölməsinə aparılıb, xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Xanımlar və azyaşlı uşaqlar təhqir ediliblər, zorla parkdan qovulublar. Bu barədə vicdan məhbusu Abgül Süleymanovun yaxınları “Müdafiə Xətti”nə məlumat verib”.

Eyni zamanda, ötən ay Biləsuvar Rayon Polis İdarəsinin əməkdaşları rayonda molla Kərbəlayi Hüseyn kimi tanınan Hüseyn Əhməd oğlu Qasımovu hüzr məclisində saxlayıb, polis idarəsinə aparıblar.

Həmçinin qeyd olunur ki, İslam Partiyasının sabiq sədr müavini, Qarabağ qazisi Hacı Mehdi Şamilli də inzibati qaydada 10 sutka həbs edilib.

Keçmiş səfir Eldar Həsənovun işi ilə bağlı

Müdafiə Xətti bildirir ki, Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənova da yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir:

“Daha əvvəl Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələrilə ittiham irəli sürülmüşdü. O, həbsinin və verilən ittihamların qanunsuz, əsassız, qərəzli və sifarişli olmasına etiraz olaraq bü günə qədər ifadə verməkdən imtina edir. Eyni zamanda, Eldar Həsənovun səhhəti ağırdır, saxlandığı Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında bir neçə dəfə öz üzərində nəzarəti itirib. Həbsdə cərahiyyə əməliyyatı keçirib. O, bağırsaq keçməzliyindən əziyyət çəkir”.

“Gəncə işi”nə görə həbs edilənlər

Təşkilat “Gəncə işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunmasından da danışıb. Bildirir ki, Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. O, Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilib. Ümumiyyətlə, “Gəncə işi”ndə təqsirləndirilən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyev 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahov 19, Cəfər Zalov və Ceyhun Qurbanov isə 18 il azadlıqdan mərhum edilib. Ağa Sərxani və Anar Bağırov öldüyünə görə işlərinə xitam verilib.

“Müdafiə Xətti”nin həmtəsisçisi Zəfər Əhmədov “Gəncə işi” üzrə məhkəmə proseslərini monitorinq edib. Bəlli olub ki, cinayət işi üzrə cinayət və cinayət-prosessual məcəllələrinin prinsiplərinə əsasən riayət olunmayıb:

“Qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət, humanizm, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi, şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi, hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi prinsipləri gözlənilməyib, işgəncəyə, qeyri-insani rəftara, ləyaqəti alçaldan davranışa məruz qalmamaq hüququ pozulub, təqsirləndirilən şəxslərə ailə üzvləri ilə görüşə şərait yaradılmayıb, bəzi hallardasa müdafiəçilərlə ünsiyyət əngəllənib, ümumiyyətlə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi təmin edilməyib”.

Aztəminatlı ailənin başçısı tənqidçi olduğuna görə zorlanacağı ilə hədələnib

Təşkilat bildirir ki, AXCP Xəzər rayon şöbəsinin üzvü Aqil Hümbətov barəsində cinayət işi qaldırılıb. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Polis məlumat yayıb ki, Aqil Hümbətov Zirə sakininə bıçaqla xəsarət yetirib.

“Aqil Hümbətov özünün “Facebook” hesabında davamlı şəkildə ölkə başçısı İlham Əliyevi və bütövlükdə hakimiyyəti kəskin tənqid edib. Əsas tələbi odur ki, hökumət tərəfindən uşaq pulu bərpa edisin. O, ailənin yeganə gəlir gətirəni olaraq zibil daşımaqla məşğul olub. Təqsirləndirilən şəxs Aqil Hümbətov vəkili Nemət Kərimli vasitəsilə “Müdafiə Xətti”nə məlumat verib ki, o, saxlandığı andan etibarən işgəncəyə məruz qalıb, etmədiyi cinayəti boynuna almaq tələb edilib, əks təqdirdə lüt soyundurularaq zorlanacağı ilə təhdid olunub. Aqil Hümbətov məcburiyyət qarşısında saxta izahat və ifadələrə imza atıb”.

İctimai-siyasi fəal prezidenti məhkəməyə verib

İctimai-siyasi fəal Bəxtiyar Hacıyev “Facebook”da onu blok etdiyinə görə Prezident İlham Əliyevi məhkəməyə verib. Siyasi fəal iddiasını onunla əsaslandırıb ki, Prezidentin “Facebook” səhifəsi onun şəxsi profili deyil, dövlət hesabına saxlanan və kontenti dövlət hesabına formalaşan resursdur. Prezidentin təminatı da dövlət hesabına həyata keçirilir, səhifədə özünün fəaliyyəti ilə bağlı məlumatlar paylaşır, insanlara bu fəaliyyəti bəyənmək, müzakirə etmək imkanı verir. B. Hacıyev indiki halda Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) və 14-cü (ayrı-seçkiçiliyin qadağan olunması) maddələrinin pozulduğunun qeyd edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/vyunbi

Most Viewed