Source: Meydan TV

Məşum vəzifə: SAVAK direktoru

Əvvəlki məqaləmizdə şah İranında Milli Təhlükəsizlik və Kəşfiyyat xidməti (Sazman-e Ettela’at va Amniyat-e Keshvar və ya qısaca SAVAK) adlı təşkilatın yaranmasından və onun ilk direktoru Teymur Bəxtiyarın faciəli sonluqla bitən taleyindən bəhs etdim. Bu məqaləmizdə isə İran İslam inqilabına qədər SAVAK direktoru postunu tutan digər üç nəfər haqqında danışacağıq. Axı onlar da öz əcəlləri ilə ölmədilər. 

***

1961-ci ilin iyununda SAVAK direktoru postuna general Həsən Pakrəvan gətirildi. O, 1911-ci ildə zəngin, həm də aristokrat və intellektual ailədə doğulmuşdu. Atası Fətulla xan Qacar xanədanı və ilk Pəhləvi hökmdarı Rza şahın dövründə müxtəlif inzibati və diplomatik vəzifələr tutub. Fransız dili və ədəbiyyatından dərs deyən anası Əminə isə ana tərəfdən avstriya kökənli idi və hətta Avstriya-Macarıstan imperiyasını idarə edən Habsburqlar sülaləsi ilə qohumluq əlaqələrinə malikdi.

Atasını Qahirədəki səfirliyə təyinatı ilə əlaqədar Həsən Pakrəvan burada fransız litseyində təhsil alır. 1923-cü ildə valideynləri boşananda anası ilə Belçikaya yollanır və Lyejdə təhsilini davam etdirir. Daha sonra isə Fransada, Puatye və Fontenbloda artilleriya məktəbində oxuyur. 1933-cü ildə İrana dönən Pakrəvan cəmi 22 yaşı olmasına baxmayaraq, Tehran hərbi məktəbində artilleriya müəllimi vəzifəsinə götürülür.

Parlaq təhsilli Pakrəvan hərbi iyerarxiyada sürətlə yuxarı qalxır və 1951-ci ildə artıq İran hərbi kəşfiyyatının rəhbəri təyin olunur. 1953-cü ildə Baş nazir Müsəddiqlə şah arasındakı konfliktdə tərəf olmaq istəməyəndə isə vəzifəsindən istefa verir və əvvəlcə Fransadakı səfirliyə hərbi attaşenin müavini, bir il sonra isə Hindistana hərbi attaşe göndərilir. SAVAK yaranan zaman artıq general rütbəsini daşıyan Pakrəvan geri çağrılır və yeni təşkilatın direktor müavini təyi olunur. Dörd il sonra isə direktor oldu.

Onun direktorluğu dövrü İran  tarixinin həddindən artıq mürəkkəb dövrünü əhatə edirdi. Məhəmməd Rza şah Pəhləvi 1963-cü ildə "Ağ inqilab" adını verdiyi köklü islahatlar siyasətinə başladı. Bu addım İranda siyasi vəziyyəti xeyli gərginləşdirdi. Xüsusən ruhanilər Ağ inqilabın bəzi müddəalarından, əsasən də qadınlara seçib-seçilmək hüququnun verilməsindən narazı idilər.

Müxalif ruhanilərin ən radikal nümayəndəsi Ruhulla Xomeyni iyunun 3-də, Aşura günü Qum şəhərində etdiyi çıxışında şahı Əməvi xəlifəsi Yezidlə müqayisə etdi. İyunun 5-ə keçən gecə o, həbs edildi. Tərəfdarları buna "15 xordad üsyanı" (xordad İranda tətbiq olunan hicri-şəmsi təqvimində aydır, 22 may - 21 iyun günlərini əhatə edir) alan etirazlarla cavab verdilər. Hökumət Tehran və Şirazda hərbi vəziyyət elan etdi, açılan atəş nəticəsində hökumət mənbələrinə görə 86, əleyhdarlarına görə isə 400-ə qədər insan həlak oldu.

Xomeyni haqqında açılan cinayət işinin maddələri hətta edama qədər cəza nəzərdə tuturdu. Həsən Pakrəvan buna yolverilməz sayırdı, belə bir addımın İranda böyük etirazlara səbəb olacağına inanırdı. O, nüfuzlu ayətullah Şəriətmədari ilə əlaqə saxlayaraq vəziyyətdən çıxış yollarını arayır. Nəticədə, avqustun 5-də üç böyük ayətullah - Şəriətmədari, Milani və Gülpeyqani fitva verərək Xomeynini mərceyi-təqlid kimi tanıdıqlarını bildirdilər. İran Konstitusiyasına görə isə mərceyi-təqlid hüquqi immunitetə malik idi, onu nəinki edam, heç həbs və mühakimə etmək olmazdı.  

Belə olduqda, hakimiyyət bir neçə gündən sonra Xomeyninin həbsini ev dustaqlığı ilə əvəz etdi. 1964-cü ilin aprelində isə tam azad edərək Qum şəhərinə qayıtmasına icazə verildi. Lakin tənqidi çıxışlarına ara vermədiyini gördükdə oktyabr ayında ölkədən sürgün etdilər. Bir müddət Türkiyənin Bursa şəhərində yaşayan Xomeyni daha sonra İraqın Nəcəf şəhərində məskunlaşdı.

1965-ci ilin yanvarında İranın Baş naziri Həsən Əli Mənsur parlamentə önündə avtomobilindən enərkən "İslam fədailəri" təşkilatının 17 yaşlı üzvü tərəfindən güllələndi və bir neçə gün sonra vəfat etdi. Bu hadisə Həsən Pakrəvanın SAVAK karyerasına son qoydu. O, yeni yaradılan İnformasiya və turizm nazirliyinin ilk rəhbəri təyin edildi.

Nazir vəzifəsini bir il tutandan sonra general əvvəlcə Pakistanda (1966-1969), sonra isə Fransada (1969-1973) səfir vəzifələrini tutdu. Səlahiyyət müddəti başa çatdıqda təqaüdə çıxaraq ailəsilə birlikdə Parisdə yaşamaq istəyir.Amma şahın dəvətini rədd edə bilməyərək İrana qayıdır və Ədliyyə nazirliyində baş məsləhətçi işləyir, korrusiya ilə mübarizəyə başçılıq edir, 1977-ci ildə də istefaya gedir.

İslam inqilabı zamanı Pakrəvan bir çox yüksək ranqlı məmurlardan fərqli olaraq ölkəni tərk etmir. O, bəlkə də 16 il öncə Xomeyniyə etdiyi yaxşılığa arxayın olur. Ancaq ümidləri doğrulmur və inqilabın qələbəsindən bir neçə gün sonra, yeni hökumətin bir sıra nümayəndələrinin, o cümlədən Baş nazir Mehdi Bazərganın etirazlarına baxmayaraq həbs edilir. 

Deyilənlərə görə, ayətullah Xomeyni Pakrəvanın onu xilas etməsini xatırladanlara "biz onun səhvini təkrar etməməliyik" cavabını verir. İran inqilab tribunalının rəhbəri, özünün çoxsaylı edam cəzaları ilə məşhur olan ayətullah Sadeq Xalxalinin çıxardığı hökmə əsasən Həsən Pakrəvan 1979-cu il aprelin 11-də güllələndi.

***

SAVAK-ın üçünci direktoru general Nematollah Nəsiri oldu. O da öz sələfi kimi 1911-ci il doğumlu idi. Amma elə də zəngin ailədən çıxmadığından daha sadə təhsil almışdı. Orta məktəbi Tehranda bitirdikdən sonra hərbi məktəbə daxil oldu. Öz karyerasında ilk əhəmiyyətli vəzifəni 1949-cu ildə tutur: Kerman vilayətinin qubernatoru təyin edilir. 1951-ci ildə isə şahın mühafizə qvardiyasına rəhbərlik edir.

1953-cü ilin avqustunda Baş nazir Məhəmməd Müsəddiqin devrilməsilə nəticələnən "Ayaks" əməliyyatında Nematollah Nəssiri də iştirak edir. Vəzifəsindən azad edilməsi barədə şah sərəncamını Müsəddiqə çatdıran məhz o idi və buna görə Baş nazirə sadiq hərbçilər tərəfindən həbs olundu. Amma belə vəziyyət cəmi bir neçə saat çəkdi. Qəsd uğurla yekunlaşdı və Baş nazir devrildi. 

Əvəzində bu hadisə Nəssirini şahın ən etibarlı adamlarından birinə çevirdi və karyera yüksəlişini təmin etdi. Müxtəlif vəzifələrdən sonra 1965-ci ildə SAVAK-ın direktoru təyin olundu. Məhəmməd Rza şahın müxalifləri tezliklə liberal intellektual Pakrəvanın dövrünü həsrətlə xatırlamağa başladılar. SAVAK özünün qorxunc imicini məhz Nassirinin dövründə qazandı. 

1965-ci ilin aprelin 10-da şaha qarşı sui-qəsd baş verdi. Şahənşah qvardiyasının əsgəri Rza Şəmsabadi monarxı öldürməyə cəhd göstərdi. Lakin şahın bir neçə dəqiqə gecikməsi həyatını xilas etdi. Baş verən atışmada Şəmsəbadi iki mühafizəçini öldürsə də, özü də qətlə yetirildi.

Bu hadisə Nassiriyə SAVAK-ın yeni metodlarını göstərməyə imkan verdi. Sui-qəsdlə əlaqəli bilinən şəxslər SAVAK zindanlarında dəhşətli işgəncələrə məruz qaldılar, daha sona isə məhkəmənin hökmü ilə güllələndilər. Bundan sonra İranın üzərinə bir SAVAK xofu çökdü.

General Nəssiri SAVAK strukturunu  yenidən qurdu, onun  nəzdində 9 departament yaratdı. Ştatlı işçilərin sayı çoxaldı (onların dəqiq sayı mübahisə mövzusudur), yüzminlərlə iranlı casusluğa cəlb edildi. Onların arasında taksi sürücüləri, ofisiantlar, otel işçiləri kimi daha çox təmas imkanları olanlar üstünlük təşkil edirdilər.

Ərəb ölkələrində baş verən hərbi çevrilişlərdən dərs alan Məhəmməd Rza şah SAVAK-ın ilk növbədə orduya nəzarət etməsini istəyirdi. SAVAK hətta öz şefini də nəzarət altında saxlayırdı. Nematollah Nəssirinin telefon danışıqları yazılır və şaha ötürülürdü. İdarənin ən uğurlu əməliyyatlarından biri də özünün ilk rəhbəri Teymur Bəxtiyarın öldürülməsi idi ki, bu barədə əvvəlki məqaləmdə yazılıb.

İran cəmiyyətində SAVAK zindanlarındakı işgəncələr barədə dəhşətli məlumatlar dolaşırdı. İdarə iranlıların ən çox qorxduqları və ən çox nifrət etdikləri dövlət orqanı idi. Müvafiq olaraq, general Nematollah Nəssiri də ən çox nifrət edilən məmur idi. Onu da qeyd edək ki, general korrupsiyadan xali deyildi və qısa müddət ərzində İranın ən varlı adamlarından birinə çevrilmişdi. 

1977-ci ilin yanvarında ABŞ-ın yeni prezidenti Cimmi Karter öz vəzifələrinin icrasına başladı. Onun seçkiqabağı vədlərində bütün dünyada insan hüquqlarının müdafiəsinə diqqət xüsusi yer tuturdu. Məhz ABŞ prezidentinin təsiri ilə şah öz daxili siyasətində müəyyən yumşalmalara getməli oldu, o cümlədən cəmiyyət üzərində SAVAK basqısını azaltdı.

1978-ci ilin əvvəllərindən ölkəni kütləvi etiraz aksiyaları bütüdü. Repressiyalar və gülləbaranla bu aksiyaları dayandıra bilməyən şah bəzi güzəştlərə əl atmalı oldu. Onlardan biri də iyun ayında Nasserini SAVAK direktoru postundan azad edərək Pakistana səfir göndərmək oldu. Amma İrandakı etirazlar bununla səngimədi. Belə olduqda şah xalqın xüsusən nifrət etdiyi bir neçə məmuru həbsə alaraq məsuliyyətə cəlb etməyi qərara aldı. Onlardan biri də Nematollah Nəssiri idi. 

Şahdan Tehrana gəlmək əmrini alan Nəssiri nə üçün çağrıldığını bilirdi. Buna baxmayaraq, onun şaha sədaqəti o qədər güclü idi ki, qaçmayaraq geri qayıtdı və  həbs edildi. O monarxiyanın devrilməsini və islamçı hökumətinin qurulmasını da həbsxanada qarşıladı.

İran müxalif düşərgəsinin bütün cinahları (dindarlar, liberallar, solçular) Nəssiriyə nifrət məsələsində həmfikir idilər. Buna görə də yeni hökumət dövründə generalın ömrü  çox çəkmədi. İşgəncələrə məruz qaldıqdan sonra 1979-cu il fevralın 16-da güllələndi.

***

SAVAK direktoru vəzifəsini tutan dördüncü və sonuncu adam Nasir Müqəddəm oldu. O, 1921-ci ildə Tehranda anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra hərbi məktəbə daxil olub, daha sonra Tehran universitetində hüquq təhsili alıb. 1958-ci ildən etibarən orduda və kəşfiyyat strukturlarında xidmət edib. 

1960-cı illərin ikinci yarısında Müqəddəm SAVAK-ın III Departamentinə rəhbərlik edir. Bu şöbə daxili müxalifət və xaricdə oxuyan tələbələrə nəzarətlə məşğul olurdu. 1971-ci ildə isə şahın sərəncamı ilə İran ordusunun kəşfiyyat və əkskəşfiyyat bürosuna rəhbər təyin olunur. 

İranda etirazlar genişlənən zaman, 1978-ci ilin yazında məhz Nəsir Müqəddəm şaha məktub yazaraq "ölkənin rifahı üçün bəzi xüsusən korrupsiyalaşmış məmurların" qurban verilməsini təklif edir. Bundan iki ay sonra SAVAK-ın direktoru Nəssiri vəzifəsindən çıxarıldı və onun yerinə general-leytenant Müqəddəm təyin olundu.

Amma şahın bu cəhdləri bəz səbələrdən uğursuz oldu. Bu səbəblər barədə Meydan TV saytı üçün daha əvvəllər yazdığım "İran: inqilab öncəsi" adlı məqaləmdə bəhs etmişəm. 

Etirazlar zamanı insanların əsas nifrət obyektlərindən biri SAVAK ofisləri və nümayəndələri idilər. 1979-cu il yanvarın 11-də Şirazda etirazçılar SAVAK-ın yerli ofisinə hücum etdilər, gülləbaranla üzləşmələrinə baxmayaraq binanı ələ keçirdilər. Xeyli sənədlər yandırıldı, yerli təşkilatın sədr müavini kütlə tərəfindən döyülərək öldürüldü.

Hadisələrin idarəolunmaz şəkil aldığını görən şah yanvarın 16-da ölkəni tərk etdi. Fevralın 1-də Xomeyni İrana qayıtdı, on gün sonra isə ölkəyə nəzarəti tam ələ keçirdi. Bundan bir neçə gün sonra Nəsir Müqəddəm yeni hökumət tərəfindən həbsə alındı və aprelin 11-də Həsən Pakrəvanla eyni gündə edam olundu.

***

İslam inqilabından sonra SAVAK ləğv edildi onun yerinə SAVAMA (Sazman-e Ettelaat Va Amniat Melli Iran) təşkilatı yarandı.  İnqilabi radikalizmin yerini praqmatizm tutandan sonra çoxlu sayda SAVAK əməkdaşı yeni təşkilata cəlb edildilər. Tezliklə SAVAMA öz repressiyaları və işgəncələri ilə SAVAK-ı kölgədə qoydu. 

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ba6257

Most Viewed