Source: Meydan TV

Əli İnsanov: Ölkə ağlar vəziyyətdə, insanlar dilənçi durumda, xalqın 70 faizi işsizdir

Article was updated on :  21 August 2019

Sabiq səhiyyə naziri Əli İnsanov: Azərbaycanda insanlar dilənçi vəziyyətdədir

“...Güc strukturlarının heç birinin nə gücü, nə cəsarəti məni həbs etməyə çatmazdı”

Müsahibimiz 1993-2005-ci illərdə Azərbaycanın səhiyyə naziri olmuş, 14 il həbs həyatı yaşamış Əli İnsanovdur. Sabiq nazir 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il azadlıqdan məhrum olunub. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb, Azərbaycan məhkəmələri hökmü dəyişdirməyib. Azad olunmasına 9 gün qalmış İnsanov təkrar müxtəlif maddələrlə 7 il 5 gün azadlıqdan məhrum edilib. O, 2019-cu ilin martında imzalanan əfv sərəncamıyla azad olunub.

Əli İnsanovla söhbətimizdə nazir olduğu illər, həbs olunması, məhkəmə və digər məsələlərlə bağlı sual yaradan məqamlara aydınlıq gətirməyə çalışdıq.

- Əli müəllim, söbətimizi sizə qarşı ittihamdan başlamaq istərdim. Həbs olunanda dövlət çevrilişi ittihamı əsas yer tuturdu, sonra nə dəyişdi ki, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olundunuz?

- Çox maraqlı sualdır. Əvvəla, mən Azərbaycanı bugünkü ağır duruma salacaq İlham Əliyevin bütün fəaliyyətinə qarşı YAP-ın daxilindəki müxalifət qanad səbəbindən həbs olundum. Zamanında rəhmətlik Ziya Bünyadov, Sirus Təbrizli kimi adamlarla vaxtaşırı tənqidi fikirlərimizi səsləndirirdik. Əgər 2005-ci ildəki ictimai-siyasi durumu, o zaman iqtidarda olanların kim olduğunu xatırlasanız, aydın şəkildə görərsiniz ki, güc strukturlarının heç birinin nə gücü, nə cəsarəti məni həbs etməyə çatmazdı. Ona görə də mənim həbsim birbaşa İlham Əliyevin göstərişi ilə həyata keçirildi və bu, bir siyasi qərar idi. Burda başqa motiv yox idi. Xalqı inandırmaq və insanlarda mənə qarşı nifrət yaratmaq üçün 3 dövlət orqanı – Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi birgə bəyanat yaydılar. Guya biz dövlət çevrilişinə cəhdə rəhbərlik etmişik. Qısa müddətdə belə bir şeyin olmadığı aydınlaşdı, ittiham təsdiqdini tapmadı və onlar məni həbsdə saxlayaraq iqtisadi cinayət axtarışına çıxdılar. 16 ay Səhiyyə Nazirliyi, ümumilikdə bütün sistemi yoxlamağa başladılar. Bu, dünyada görünməmiş bir hadisədir. İnsanın bir nöqsanı, bir təqsiri tapılar, ona görə də həbs olunar və istintaq aparılar. Ortada heç nə yox, dövlət çevrilişi təsdiq olunmadı və iqtisadi cinayət axtarışına çıxdılar. 16 aydan sonra düşündülər, 5 mindən çox səhiyyə işçilərini, rəhbər şəxsləri istintaqa dəvət edərək onlardan müxtəlif ifadələr almağa cəhd edib bu iqtisadi cinayətləri ortaya qoya bildilər. Halbuki, heç biri məhkəmədə təsdiqini tapmadı. Dəvət olunanlardan bir nəfər də məhkəmədə üzümə dayanmadı ki, mənə rüşvət verib, yaxud iqtisadi cinayətə bulaşıb. Beləliklə, bu ittiham da iflasa uğradı. Sonra ittihamın əsassızlığı Avropa İnsan Haqları Məhkəməsində öz təsdiqini tapdı. Yəni qərəzli, qondarma ittihamlar, istintaq və ədalətsiz məhkəmə çox açıq şəkildə Avropa İnsan Haqlarının Məhkəməsinin qərarı ilə təsdiqləndi.

- Dövlət çevrilişinə cəhd ittihamına yenidən qayıtmaq istərdim, çünki sizin həbsinizdən sonra mətbuatda bu barədə müxtəlif informasiyalar yayıldı. Birinci, sabiq nazir Fikrət Yusifovun dindirmələri yayıldı, eyni zamanda başqa adamlar çevriliş hazırlığının olduğu, ancaq Rusiya vasitəsilə qarşısının alındığını dedilər. Guya sizin telefon danışıqlarınız dinlənib, məsələn, sabiq təhsil naziri Misir Mərdanova demisiniz ki, ya mənimləsən, ya da... Dediklərim olubmu?

- Hamısı qondarma söhbətlərdir, qətiyyən belə şey olmayıb. Əlbəttə, mənim üzümə dayanan bəzi adamlar əleyhimə danışdılar, bunlar hamısı öyrədilmiş, qurama söhbətlər idi.

- Həbsiniz hansı şəraitdə həyata keçirildi? Deyilənə görə fiziki təzyiq olub...

- Heç bir təzyiq olmadı. Milli təhlükəsizlik nazirinin müavini və başqa bir şəxs mənim yanıma gəlib nazirliyə dəvət etdilər. Orda bir neçə saat söhbət etdik, ardınca həbs olunmağım haqda qərar verildi. Həbsin əsas səbəbi dövlət çevrilişinə cəhd göstərildi, amma bu ittiham öz təsdiqini tapmadı. Bilirsiniz, sadə məntiqi sual yaranır, əgər məni məhv etmək fikirləri var idisə, elə elan etdikləri dövlət çevrilişə cəhd ən ağır ittiham idi. Təsdiq edə bilsəydilər, üzərində dayanardılar, heç bir beynəlxalq təşkilat da məni müdafiə etməzdi, nəticədə ən ağır cəzaya layiq görülərdim. Sual olunur, nə əcəb əllərinə düşən bu məqamdan istifadə etmədilər? Çünki ortada belə bir şey yox idi.

- Bəs Rəsul Quliyevin Bakıya gəlmək istəyi, aksiyaların təşkili, sizinlə və Fərhad Əliyevlə telefon danışıqları...?

- Mənim Rəsul Quliyevlə telefon danışıqlarım olsaydı, çoxdan mətbuata çıxarıb ictimailəşdirərdilər. O dövrdə mənim Rəsul Quliyevlə nə görüşüm, nə əlaqəm olub.

- Başqa bir məqam, deyilənə görə kabinetinizdə 2 diplomat pul olub və sizdən bu vəsaitin mənbəyini soranda, çatacaq yerin olduğunu demisiniz, onunla məsələ bağlanıb...

- Yalandır. Mənim kabinetimdə heç nə tapılmayıb. Birinci, həbs olunmazdan bir gün əvvəl xaricdən qayıtdım, kitabım İspaniyanın paytaxtında mükafata layiq görülmüşdü, səfir Məmməd Əliyev də tədbirdə iştirak edirdi. Franfurktdan sonra vərəm haqda kitabım ikinci mükafat aldı, mükafatı İspaniyanın elm və təhsil naziri təqdim etdi. 17 oktyabrda mükafatı alıb 2 gün sonra, 19 oktyabrda Bakıya qayıtdım. Oktyabrın 20-də səhər tezdən həbs olundum.

- Bu iki gündə siz həbs olunacağınız haqda informasiya almadınızmı?

- Bilirsiniz, Bakıya zəng edəndə qarışıqlıq olduğu deyilirdi, filan şeylər var, bunlar məni narahat etmirdi, çünki özümdə günah, təqsir görmürdüm. Ona görə də rahat şəkildə vətənə qayıtdım. Mən Madriddə olarkən Fərhad Əliyev və qardaşı həbs olunmuşdu, yəni hansısa bir şey olsaydı vətənə qayıtmazdım, başqa yol tutardım. Bəli, onun həbsinə çox təəccübləndim, nəyə görə onu tutdular?!

- Özünüzlə bağlı heç bir şübhəniz yox idi?

- Xeyr, nə şübhəm ola bilərdi?!

- Həbsinizdən sonra İlham Əliyevə 30.10.2005 tarixdə yazdığınız müraciət 2 il sonra, 2007-ci ildə “525-ci qəzet”də “Cənab prezident, qarşınızda xəcalət çəkirəm” başlığı ilə yayıldı. Belə bir müraciət yazmısınızmı, yazmısınızsa, hansı şərtlər əsasında olub?

- İlham Əliyevə heç bir müraciət yazmamışam, bunlar hamısı qondarmadır.

- Müraciətin əlyazması da yayılmışdı...

- Soruşa bilərsiniz, cinayət işimdə belə bir məktub varmı? Xeyr, yoxdur. Bilirsiniz, hardansa düzüb-qoşub istənilən məktubu yazıb çıxarda biliblər.

- Bəs əlyazma nə idi?

- Heç vaxt İlham Əliyevə müraciət etməmişəm.

- O zaman başqa bir sual, həbsinizin ilk günlərində sizinlə hər hansı danışıqlar oldumu?

- Xeyr. Həbsimin ilk günlərində mənimlə heç bir danışıq getmədi. Sonrakı dövrlərə gəlincə, vəkillərim bir çox yerə müraciət edirdilər, ola bilər ona da müraciət etsinlər.

- Prezidentə də...?

- Bəli. Mən xəstəydim, müalicə etmirdilər, xəstəxanaya göndərmirdilər, olduqca ağır şəraitdə saxlayırdılar. Hətta vəkillərimi belə yanıma buraxmırdılar. Çox ciddi təzyiqlər var idi, bunların hamısı məni sındırmağa, qorxutmağa yönəlmişdi, bunların heç biri baş tutmayanda, biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdik və yeni qərarı onlar verdi. Qərarda mənim təcili müayinə və müalicə ilə təmin olunmağım göstərilirdi. Ondan sonra onların təzyiqi ilə məni xəstəxanaya göndərdilər. Yenə deyirəm, həmin ərəfədə vəkillərim çox yerə müraciət etmişdilər.

- Əli müəllim, bütün hallarda sual açıq qalır, yəni vəkilləriniz sizə belə bir müraciətin yayıldığı haqda məlumat verdilərmi? Məktubda “böyük günah iş tutmuşam, aldanmışam” deyə bildirmisiniz. Çünki siz tərəfdən təkzib gəlmirdi...

- Bağışlayın siz səhv edirsiniz. O zaman vəkillər məni məlumatlandırdı və məhkəmə çıxışlarımda yalanladım. Özü də məhkəmədə belə dedim: əgər elə bir məktub varsa, surətin yox, əslini ortaya çıxartsınlar. Həm də cinayət işimdə həmin məktubu axtarsınlar.

- Siz YAP-ın daxilində müxalif qrupdan danışdınız, Sirus Təbrizli həmin vaxt sağ idi. Amma hakim partiyanın daxilində müxalif qrupun olması maraq doğurur...

- Mən sizə bunun formasını deyim. Rəhmətlik akademik Ziya Bünyadovdan başlamış Sirus Təbrizli, mən və bəziləri - YAP-ın tərkibində müxalif qrup adlandırdığımız qanad gizli deyildi. Orda açıq-aşkar müxalif mövqe tutan insanlar vardı. Yəni verilən qərarlarla razılaşmayanlar, başqa təklif verənlər, öz fikirlərini açıq səsləndirənlər... Onlardan biri də mən idim. Mən bunu YAP daxili demokratiya kimi başa düşürdüm və düşündüklərimi ölkəmizin gələcəyi naminə fikirlərimi bölüşürdüm. Biz qərarlarla razılaşmayaraq müxalif fikirlər səsləndirirdik. Sonrasını da bildiniz.

- Həmin qrupun Cəlal Əliyevə və Sevil Əliyevaya bir bağlılığı var idimi?

- Xeyr. Onlar partiyada aktiv fəaliyyət göstərmirdilər və onlarla elə bir əlaqəmiz də olmurdu. Biz bu söhbətləri İdarə Heyətinin iclasında açıq danışırdıq, gizli deyildi.

- O zaman prezidentlə görüşə cəhd edirdinizmi?

- Prezidentlə daim görüşürdük, niyə görüşmürdük ki?!

- Bəs tənqidləri ona çatdırırdınızmı?

- Mən keçən müsahibələrimin birində dedim ki, YAP-ın III qurultayından əvvəl İdarə Heyətində çox kəskin danışdım. Eyni zamanda, partiyanın yeni binasının açılışı günü İdarə Heyətinin iclası keçirildi, iclası Heydər Əliyev aparırdı və İlham Əliyev də iştirak edirdi. Ordakı çıxışımı mətbuata açıqlamışam, biz açıq danışırdıq və bunu partiyadaxili demokratiya sayırdıq.

- Siz məhkəmə proseslərinin birində İlham Əliyevə xitabən belə bir açıqlama verdiniz: sizi ölü, məni isə diri prezident vəzifəyə təyin edib. Əgər 2003-cü ilin avqustunda hər şey sizə bəlliydisə, niyə vaxtında açıqlamadınız? Bəlkə açıqlasaydınız indiki şərait yaranmaz, siz də həbs olunmazdınız. Siyasi icmalçı Rauf Mirqədirov mənə demişdi ki, Əli İnsanov zamanında o barədə danışsaydı, Azərbaycanda monarxik sistem qurulmazdı.

- Bilirsiniz, məsələ deyilən kimi olmayıb. Heydər Əliyev Gülhanə xəstəxanasına getdi, vəziyyəti bir qədər pisləşmişdi, həmin gün də mən İrana rəsmi səfərə getdim. Sonra Bakıya qayıtdım, Heydər Əliyev də Gülhanədə qaldı. Bir müddət sonra onun vəziyyəti bir az da pisləşdi və təyyarə ilə Klivlendə apardılar. Yəni biz onun vəziyyətinin necə olduğunu bilirdik. Ancaq bayaqkı ifadələri mənim adımdan kimsə işlədib.

- Yəni siz həmin açıqlamanı verməmisiniz?

- Mən elə bir ifadə işlətməmişəm.

- Çünki qəzetlərin manşet xəbəri oldu həmin ifadə...

- Bilirsiniz, kimsə belə düşünə bilərdi. Ancaq onu demək mənə yaraşmazdı.

- Bu barədə suallar da verilib, həbsdə olanda məqalələr də yazılıb: səhiyyədə korrupsiya, bəli, indi də var. Ancaq mənim üçün maraqlıdır: səhiyyədə rüşvət, korrupsiya sistemini siz yaratmışdınız, yoxsa Heydər Əliyevin qurduğu idarəçilik sistemin tərkib hissəsiydi?

- Korrupsiya Heydər Əliyevin vaxtında başlamamışdı, korrupsiya, rüşvət Azərbaycanda hər zaman, uzun onilliklər olub. Bəli, o başqa məsələ ki ağır iqtisadi vəziyyət həmişə olub, bəzi adamlar da bundan istifadə edib. Bu barədə hər şeyi danışmışam, amma bir məsələni danışım. Məsələn, 1996-cı ilin büdcəsini qaldırıb baxsanız, il ərzində Azərbaycanın hər bir vətəndaşının müalicəsi üçün Səhiyyə Nazirliyinə 1 dollardan bir qədər artıq vəsait ayrılıb. Həkimlərin aylıq maaşı isə 6.5 dollar idi. Nəticə çıxarın, rüşvət və neqativ hallar elə bir mühitdə mütləq yarana bilərdi. Bizim ona göz yumub mübarizə aparmamağımız mümkün deyildi. Biz çox ciddi mübarizə aparmışıq. Təkrar edirəm, apardığım administrativ mübarizə kimisə işdən çıxart, yaxud cəzalandırmaq bu problemi həll edə bilməzdi.

- Nəticə vermirdi?

- Verə də bilməzdi. Çünki sistemin dəyişməsinə ehtiyac vardı.

- Sistemin dəyişməsi deyəndə nəyi nəzərdə tutursunuz?

- Bilirsiniz, sistemin dəyişməsi belədir ki, ölkədə demokratik cəmiyyət qurmaq lazımdır və bu cəmiyyətin içərisində hər şey var. Əgər o zamankı iqtisadi vəziyyətlə indiki durumu müqayisə etsək, bir neçə kəlmə ilə deyə bilərəm. Yəni bizi dinləyənlər sual edə bilər ki, Əli İnsanov niyə bir proqram ortaya qoymur, təklif vermir ki, necə olacaq...

- Doğrudan da, iqtisadi gedişatda gözləntiləriniz necədir? İqtisadçılar hər gün durumun ağırlaşdığını və mövcud vəziyyətin neft borusundan asılı olduğunu deyirlər, sizin yanaşmanızı bilmək istərdik...

- Fransa Kralı XV Lüdovikin müdrik fikri vardı, “məndən sonra istər dünyanı su bassın”, yəni dünya alt-üstə çevrilsin. Çünki XV Lüdovik krallığın bütün büdcəsini eyş-işrətə xərclədiyindən böyük borclar yaranmışdı, yaxınları onu irad tutanda, həmin ifadəni səsləndirmişdi. Bu gün Azərbaycanı idarə edənlər də belə düşünür. Yaxud İngiltərədə IV Henri kimi yaramaz, yersiz tikintilərə vəsait xərcləyən kral olub, bunun nəticəsində ölkə böyük borca düşmüşdü. Nəhayət, suala gələk, vəziyyət necə düzələcək, necə edək ki, yaxşı olsun?! Problemin həllinin sadə yolları var, 1762-ci ildə ağır iqtisadi-sosial durumda olan Rusiyada II Yekaterina hakimiyyətə gəldi, ağıllı alman qadınının ilk işi korrupsiya və monopoliyaya qarşı mübarizə oldu. Və Rusiya qısa müddətdə Avropanın aparıcı dövlətlərindən birinə çevrildi.

- Ancaq onun özünün də həyatı eyş-işrətlə doluydu...

- O başqa şey idi. Başqa bir misal, həmin mübarizə yolunu qonşu Gürcüstanda Mixail Saakaşvili tutdu. Hakimiyyətə gələn kimi korrupsiya və monopoliyaya qarşı mabarizəyə başladı. Nəticədə qısa zamanda Gürcüstanın büdcəsi 12 dəfə artdı. İndi həmin şeyləri Azərbaycanda etmək lazımdır, bax, mənim proqramın bundan ibarətdir. Əgər Azərbaycanda korrupsiya və monopoliyanın qarşısı alınsa, qısa müddətdə büdcəni 15-16 dəfə də artırmaq olar. Çünki Azərbaycanın imkanları Gürcüstandan çoxdur. Beləliklə, Azərbaycanın büdcəsi 15-16 milyard yox, 200-250 milyard olar. Mən bunu hesablamışam. Ona görə İlham Əliyev insanların maaşının 5 min manat olmasını niyə istəmir deyəndə, bunu nəzərdə tuturam. Bəs niyə istəmir, çünki ona sərf etmir. Korrupsiya və monopoliyanın başında kim dayanır, Azərbaycanda bu gün hakimiyyəti ələ keçirib idarə edən rejim rəhbərləri. Mövcud idarəetmə nəticəsində dövlətin büdcəsi artmır və biz 200 manata işləyib pensiyaya çıxırıq. Bilirsiniz, proqram gələcəyin işidir. Sədi Şirazinin iki gözəl əsəri var, “Bustan” və “Gülüstan”. Birinci əsərdə dünyanın, cahanın necə olacağını, necə görmək istədiyini yazır, əsərdə dünya bugünkü demokratik cəmiyyəti xatırladır. Biz gözəl proqram da yaza bilərik, təkliflər də verərik, ancaq konkret iş görmək lazımdır. İş ondan ibarətdir ki, korrupsiya və monopoliyanın qarşısı təcili alınmalıdır. Bu, baş versə, Azərbaycanın büdcəsini 15-20 dəfə artırmaq olar, bununla da insanların rifahı yaxşılaşacaq.

- Konkret suallara keçək, sizin nazir olduğunuz zaman MAQATE-nin nəzarətində olan Səhiyyə Nazirliyinin Radiologiya Şöbəsi söküldü, yaxud Topçubaşov adına Ekspremental Xəstəxanasının həyətinin bir hissəsində bina tikildi, orta ağıl da deyir ki, bunlar Səhiyyə Nazirliyinin icazəsi olmadan mümkün deyildi...

- MAQATE-nin nəzarətində olan həmin şöbə bizdə olmayıb, AMEA-ya tabe idi. Sadəcə, nazirliyin mütəxəssisləri bu işlərdə iştirak edirdi. Xəstəxananın ərazisinə gəlincə, rayon icra hakimiyyətinin başçısı öz qərarı ilə ərazini vermişdi. Yəqin uzun müddət orda direktor olan akademik Böyükkişi Ağayevin yadında olar, mənim tapşırığımla, o, xeyli müddət yazışmalar apardı, kollektivi qaldırdı, etirazlar bildirdi ki, ərazi azad olunsun. Yəni biz buna qarşı mübarizə aparmışıq.

- Gücünüz çatmadı?

- Həmin dövrdə bir az parakəndilik vardı, 1996-cı ildə prezidentin sərəncamı ilə nazirliyin əmlakı Əmlak Komitəsinə verildi, nəticədə nazirlik də kirayənişin kimi qaldı. Heç nə Səhiyyə Nazirliyinin ixtiyarında deyildi.

- Bütün hallarda səhiyyədə korrupsiya sözünə görə xalqın qarşısında özünüzün məsuliyyətini hiss edirsinizmi?

- Əlbəttə ki, mən nazir olaraq məsulam xalq qarşısında. Səhiyyədə ümumi cəmiyyətdə olduğu kimi korrupsiya və rüşvət olub. Təbii ki, mən buna məsulam, yaxamı kənara çəkə bilmərəm. Amma başqa məsələ odur ki, mən buna qarşı mübarizə aparmışam, yoxsa göz yumub, sakit baxaraq müşahidə etmişəm. Xeyr, biz müşahidə aparmamışıq. Həmin dövrdə kollegiya qərarlarını qaldırıb baxsanız nə qədər insanların bununla bağlı cəzalandırıldığının şahidi olarsınız.

- Məsələn, hazırda Gürcüstanda həbsdə olan Fərman Ceyranlı sizin vaxtınızda cəzalandırılıb. Bildiyimə görə yaxın təmasda olmusunuz, bəs niyə münasibətləriniz kəskin pisləşdi, kim girdi araya? Siz həbsdə olanda Fərman müəllimlə görüşmüşdüm, sizə hörmətini də saxlayırdı...

- Fərman Ceyranlı Moskvada təhsil alıb elmlər doktoru olan çox gözəl cərrah və bacarıqlı bir insan idi. Mən onu həmin instituta direktor təyin etdim. Bir müddət sonra təəssüf ki, bəzi səhvlərə yol verdi, bu, korrupsiya və rüşvətlə bağlı deyildi. Sadəcə, idarəçilikdəki səhvlərə görə onu işdən azad etdim. Sonra bir müddət keçmiş biz yenə münasibətdə olduq, o da başa düşdü, mən də təəssüf ki, başqa cür edə bilməzdim, nazir lazımı vaxtda lazımı qərar verməlidir. Bu gün də ona münasibətim çox müsbətdir və həbsinə də təəssüflənirəm. Elə bir bacarıqlı cərrah, vətənpərvər insan çox təəssüf ki, həbs olunub.

- Nəhayət, yekuna gələk, yaşınız 73-dür, hazırda nə 2005, nə də 1993-cü ildir, zaman sürətlə dəyişir, nəsillər dəyişir, texniki tərəqqi inkişaf edir, Bundan sonra Əli İnsanovun hakimiyyətə gəlmək perspektivi nə qədər realdır?

- Yaşıma işarə vurursunuzsa, bir şey deyim.

- Yəni Heydər Əliyevin də bu yaşda hakimiyyətə gəlməsini deyəcəksiniz?

- Heydər Əliyevi neynirsiniz?! Amerika prezidenti Reyqan SSRİ-ni 78 yaşında dağıdıb. Mən bunu yaşa görə deyirəm, prezident olacağıma yox. Demişəm, harasa gəlmək fikrim yoxdur. Sadəcə, yaşımı vurğulayırsınız, İtaliyanın sabiq Baş naziri Berluskonu 81 yaşında siyasətlə məşğul idi, hələ bu gün də qalır. Həddən artıq çox saylı adamlar var ki, fəaliyyətdədir. Bu gün ABŞ-ın prezidenti elə mənimlə yaşıddır.

- Ancaq yeni nəsil var ki, köhnə düşüncələri qəbul etmir...

- Mənim yeni nəslə böyük məhəbbətim və hörmətim var. Bilirsiniz, təcrübədən istifadə etmək lazımdır, onu qapamaq olmaz. Savad, dünyagörüş, məktəb var, 15 il Heydər Əliyevlə işləmiş adam var, yəqin nəyisə bilir, məsləhət verə bilər. İkinci də sizin yəqin mənim səhhətimdə elə bir şübhəniz yoxdur. Hər səhər idman edir, fəal həyat yaşayıram.

- Bununla bərabər belə bir fikir var, 1988-ci ildən mübarizə aparan xalq 1993-cü ildən sonra 70-ci illərə qaytarıldı, yaltaqlıq baş alıb getdi, yəni biz yenidən bunları yaşamayacaqmı?

- Siz bu məsələyə toxunmaq istəyirsinizsə, mən şəxsiyyətə pərəstişə nifrət edirəm. Həmkarlarım deyə bilərlər, nazir olanda tribunaya çıxıb mənə cənab nazir söyləyəni yerində oturdurdum, birinci xahiş edirdim mənə Əli müəllim desinlər, nə cənab nazir, nə akademik desinlər. İkinci, mən imkan vermirdim ki, yanımda üzümə kimsə tərifləsin, yaltaqlığı da sevmirəm. Mən belə düşünürəm, hər bir tərifin kölgəsində bir riyakarlıq var, gizli tənqid var. Bilirsiniz, siz bir nəfəri tərif edəcəksiniz, o da qəbul edəcək, ürəyinizdə bir fikir yaranacaq ki, baxın, mənim ona layiq olmayan sözləri qəbul edir, ikrah hissi yaranacaq.

- Düzdür, Heydər Əliyev də belə addımlar atırdı, Zəngilanın icra başçısını ürəyini ona vermək istəməsinə görə işdən çıxartdı. Amma sonra yaltaqlıq dayanmadı, yenə çiçəkləndi...

- Siz bu proqnozları verməyin, başqa proqnozlar versəniz yaxşıdır. Kim gəlib özünü təriflədəcək, heykəl qoyduracaq, bu, düzgün mövqe deyil. Jurnalist kimi düşünün, perspektivə baxın, bu məmləkət çox ağır durumdadır, üzdə olan və müəyyən təcrübəsi olan insanlar, kimlər bu vəziyyəti düzəldə bilər, önə çıxa bilər, yaxud dəyişər, bunları araşdırın. Yoxsa kimsə gəlib özünü təriflədəcək, bizim bu gün tərifi müzakirə etmək vaxtımızdırmı? Ölkə ağlar vəziyyətdədir, insanlar dilənçi durumdadır, xalqın 70 faizi işsizdir, 200 manat maaşla doyunca çörək yeyə bilmirlər, sosial təminatlar ödənilmir, gedişat olduqca gərgindir rejimi idarə edənlər də bol-bol yalanlarla danışırlar ki, hər şey qaydasındadır. Siz jurnalistsiniz, əgər siz də belə düşünürsüzsə, mənim sözüm yoxdur. Bu vəziyyətdən çıxmaq lazımdır.

- Ölkəni bu vəziyyətdən çıxartmaqma özünüzdə güc görürsünüzmü?

- Mən gücümü də, savadımı da, biliyimi də ancaq bir şeyə sərf edə bilərəm: Azərbaycanda demokratik cəmiyyət qurulsun. Hakimiyyətə kimin gələcəyi xalqın işidir, bu işdə əlimdən gələni etməyə hazıram və inanıram ki, çox şey edə bilərəm.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  21 August 2019
Featured in:  
Shortlink:   http://mtv.re/eicgcn

Most Viewed