None

Source: 

Dövlət qurumlarının narkotik ticarətçisi ilə ortaqlığı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İslam həmrəyliyi təbliğatını narkotik vasitələrinin satışı və istifadəsi ilə məşğul olan şəxsə həvalə edib.

DQİDK-in maliyyələşdirdiyi və sözügedən şirkət tərəfindən həyata keçirilən ən son fəaliyyət 2017-ci ilin iyunun 12-də baş tutub. Seminar-müşavirə Heydər Əliyev Mərkəzində Sabirabad rayon İcra Hakimiyyəti ilə birlikdə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda keçirilib.

Tədbirin təşkilatçısı olan “Qen Tex Servis” adlı şirkət 2015-ci ilin sentyabrında təsis olunaraq Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 23A ünvanında qeydiyyatdan keçirilib. Şirkətin rəhbəri Sumqayıt sakini 45 yaşlı Cabir Qayıbovdur.

2017-ci ilin aprel ayında “Qen Tex Servis” müşavirələrin təşkili üçün Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən elan edilən 115,000 min manat dəyərində olan ($67,600) tenderlərin qalibi olub.

Amma həmin ilin iyunun 16-sı, Heydər Əliyev Mərkəzində keçirilən müşavirədən 4 gün sonra Qayıbov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2018-ci il yanvarın 11-də, Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov il ərzində “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda 27 seminar-müşavirənin keçirildiyini bildirib.

2017-ci ildə seminarlar təşkil edən “Qen Tex Servis”, 2016-cı ildə də DQİDK üçün seminarların təşkilinə 134,000 ($78,800) min manat dəyərində olan müqavilə imzalayıb.

DQİDK bu şirkətlə işləyən tək şirkət deyil. 2016-cı ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyası şirkətə eyni məbləğdə vəsait ödəyib. Dövlət qurumlarının satınalmalarının dövlət reyestrindəki məlumata görə, bunun 84 min manatı (təxminən $49,380) akademiyanın kitabxanasına kitab, dərslik, jurnal və digər nəşrlərin alınmasından ötrü, qalan 50,000 manatı ($29,390) xarici ölkələrlə mədəni əlaqələr və xarici qonaqların qəbulu üzrə tədbirlərin təşkilinə sərf olunduğu iddia olunur.

DQİDK-in rəhbərliyi “Qen Tex Servis” şirkətinin müqavilə üzrə işinin nədən ibarət olması, şirkət rəhbərinin narkotik vasitələrin saxlanılması ittihamı ilə həbs olunmasından sonra əməkdaşlığa davam etdirilib-etdirilməməsi ilə bağlı medianın informasiya sorğusuna cavab verməyib.

Polis Akademiyasının rəhbərliyi də digər qurum kimi “Qen Tex Servis” şirkəti ilə bağlı ünvanlanan sualların heç birini cavablandırmayıb.

Adını çəkməkdən imtina edən, ancaq özünü şirkətin rəhbəri kimi təqdim edən şəxs məsələ ilə bağlı “çay süfrəsi arxasında söhbət etməyi” təklif edib. Kommersiya qurumlarının dövlət reyestrində həbsdə olan Cabir Qayıbov şirkətin direktoru kimi göstərilir.

 

Qayıbova bağlı digər şirkətlər

“Qen Tex Servis” MMC-nin Bakıdakı ünvanında qeydiyyatdan keçirilən “Marsan” MMC və “Marsan Service” MMC-nin də 2015-2018-ci illərdə digər dövlət qurumları ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də müxtəlif xidmətlər göstərdiyi bildirilir. Təkcə DQİDK tədbirlərin keçirilməsi üçün “Marsan” və “Marsan Services” MMC 71 min manat ($41,700) əldə edib.

Qayıbovun şirkətləri bununla bitmir. Vergilər Nazirliyinin bazasında onun daha üç şirkəti: “Kontakt Servis PR”, “Smart Poliqraf” (VÖEN 1201423051) və “Cardinal Servis” MMC barədə məlumat var. Sonuncu, Qayıbovun Sumqayıtdakı ev ünvanında- 51-ci məhəllədə qeydiyyatdan keçib.

“Qen Tex Servis” MMC ilə təxminən eyni günlərdə qurulmuş bu şirkətlərin fəaliyyəti haqda hər-hansı açıq bilgi yoxdur.

“Marsan” MMC-in rəhbəri İlahim Mehralıyev, Qayıbovun şirkəti ilə eyni adda olan “Smart Poliqraf” MMC-yə (VÖEN 2903444981) rəhbərlik edir.

Mehralıyevin şirkətlərinin 13 min manatadək ($7,640) borcu yığılıb qalıb. Onun 2016-cı ildən ölkədən çıxışına qadağan qoyulub.

 

Cabir Qayıbov kimdir?

45 yaşlı Qayıbov bir ildən çoxdur ki, həbsdədir. Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları keçən il martın 10-da C.Qayıbova məxsus olduğu bildirilən 2 kq 45 qr çəkidə heroin və 3 kq 170 q çəkidə qurudulmuş marixuana tapıblar. C.Qayıbov həmin gün saxlanılarkən üzərindən “qara rəngli sellofana bükülmüş 0,965 qram çəkidə heroin” götürülüb.

“Qen Tex Servis” şirkətinin nümayəndəsi Qayıbovun narkotik ittihamı ilə həbsindən sonra DQİDK ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirələrin təşkil edilməsi üçün müqavilə imzalayıb. Müqavilənin altında kimin imzasının qoyulduğu isə müəmma olaraq qalır.

Qayıbovun həbs müddəti 11 ildən 10 ilə azaldılıb.

Sumqayıt Apelyasiya Məhkəməsində məhkum deyib ki, “həbs edildiyi andan mənəvi və fiziki işgəncələrə məruz qalıb, ilkin ifadələrini müstəntiq və təhqiqatçının şəxsi maraqlarına uyğun formada verməyə məcbur edilib”. Apelyasiya Məhkəməsində hakimlər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ədalətsiz və nisbətən sərt sayaraq, cəzanı 11 ildən 10 ilə endiriblər. Apelyasiya Məhkəməsində hakimlər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ədalətsiz və nisbətən sərt hesab edib.

Qayıbov Mərəzə kəndində anadan olmasına baxmayaraq, ailəsi ilə birlikdə Sumqayıtda yaşayıb.

Cabirin qardaşı Elxanın həyat yoldaşı Firəngiz xanım qapını açaraq jurnalistə Cabirin narkotik vasitələrdən asılı olduğunu bu evə 9 il öncə gəlin köçəndən bildiyini deyib.

“Narkotikə görə buna qədər də həbsdə olub, bununla bağlı müalicə də alıb. Adında şirkətlərin olduğunu ilk dəfə sizdən eşidirəm”, - deyə bildirib.

Qayıbovun qardaşı arvadı deyir ki, Cabir orta təhsillidir və evlərdə kafel vurmaqla məşğul olub. Onun sözlərinə görə, ailə Cabirin şirkətləri haqqında heç nə bilmir və bununla bağlı ondan heç gəlir də görməyiblər.

“Nə bilim, bəlkə tanışları olub, adına şirkət-filan açıblar, amma bizə bu haqda bir söz deməyib. Anası, qardaşı xəstədir, vəzifədə olan imkanlı qohumumuz da yoxdur ki, deyim şirkət onlarındır” - Firəngiz deyib.

Yaxınlıqda metal qəbulu ilə məşğul olan Samir adlı gənc deyir ki, Qayıbov sakit və qonşularla əlaqə saxlamayan biri olub.

Ötən il məhkəmə C.Qayıbov barəsində məcburi narkoloji müalicə təyin etmişdi. Evdə bu qərarın icrası haqda heç nə bilmirlər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/zy19yv

Most Viewed