Elnur Astanbəyli

Source: Foto: Meydan TV

Caption: Elnur Astanbəyli

Bir xəyal qırıqlığına sözardı

Biz uzun illərdir inadla, israrla nəticələr üzərindən mübahisə və müzakirə aparırıq

9 fevraldakı növbədənkənar seçki farsı xeyli adamı heyrətləndirib! Səbəb?

Səbəb xeyli sadəlövhcəsinədir: bir müddətdir ölkədə bəlağətli şəkildə hansısa islahatlar dalğasından bəhs olunur. Və belə görünür, bu, bəzilərini əməlli-başlı ümidləndiribmiş: onlar səmimi şəkildə inanırlarmış ki, 9 fevrala təyin edilən seçki əvvəlkilərdən yaxşı mənada xeyli fərqlənəcək. Lakin səsvermə günü ölkəboyu seçki məntəqələrində yaşananlar onları xəyal qırıqlığına uğradıb.

Kimsəni ümidləndiyinə görə qınamaq fikrində deyiləm. Hətta bu, ağlımın ucundan belə keçmir. Necə deyərlər, "bir müsibət yüz nəsihətdən yaxşıdır". Əgər adamlar başına gəldikdən sonra başmaqçı olmağa qərar verəcəklərsə, bunda pis heç nə yoxdur.

Ancaq yazmadan da dayana bilmirəm: axı bu "islahat nağılları" başlayandan bəri yazmaqdan əlimiz, söyləməkdən dilimiz qabar oldu: məsələn, hansısa yaşlı məmuru cavan bir kadrla əvəzləyərək həqiqi islahat mümkünsüzdür! Ya da bir nazirliyi digərinə birləşdirməklə, yaxud İTV-də "Dadaşlinski fenomeni"-zad yaratmaqla islahat olmaz! Əgər hakimiyyətdəkilər həqiqətən "ziyanın harasından qayıtsan xeyirdir" düşüncəsinə gəlib çıxıblar və yanlış idarəçilikdən əl çəkmək niyyətindədirlərsə, ilk növbədə təməl haqq və azadlıqlara hörmət nümayiş etdirməyə başlamalıdırlar.

Məsələn, həbsxanalarda bir nəfər belə siyasi məhbus qalmamalıdır.

Sərbəst toplaşmaq hüququ bərpa edilməlidir.

Söz azadlığı, fikir müxtəlifliyi "polisə müqavimət" maddəsi ilə assosiasiya olunmamalıdır.

Korrupsiya içində boğulan iri məmurlar vəzifədən azad edilərkən "Şöhrət" ordeni ilə, təşəkkürnamələrlə yola salınmamalıdır, onlarla qanunların tələbi nə cürdürsə, eləcə də davranılmalıdır.

Məhkəmələrin artıq məzhəkə olmayacağına təminat verilməlidir və s.

Bütün bunlarsız hansı islahatdan danışmaq mümkündür?

İstənilən real və köklü dəyişiklik yalnız güclü vətəndaş cəmiyyəti ilə, xalqın ictimai-siyasi prosesdə fəal iştirakı ilə mümkündür. Ancaq tənqidçi media yox dərəcəsindədirsə, kiçik istisnalarla QHT-lər hələ də özlərini HT kimi aparırsa, həqiqi müxalifət partiyaları düşmən cildində göstərilməyə davam edilirsə, güclü vətəndaş cəmiyyətindən danışmaq komediya deyilmi?

İnsanların qəlbinə siyasi xof hakim olmağa davam edirsə, mütləq əksəriyyət fərqli fikir səsləndirməkdən, sorğulayıcı olmaqdan çəkinirsə, xalqın ictimai-siyası fəallığı necə arta bilər? Xalqın ictimai-siyasi fəallığı yoxdursa, hakimiyyətin həqiqətən üzünü yanlış idarəçilik modelindən yeni, çağın ruhuna uyğun idaretmə standartlarına çevirəcəyinə hansı məntiqlə inana bilərik?

Nəhayət, bütün bunların fonunda 9 fevrala təyin edilmiş növbədənkənar parlament seçkisinin sadəcə növbədənkənar seçki farsı kimi yadda qalması, doğrudanmı, hələ də kimlərəsə təəccüblü gəlir?

Biz uzun illərdir inadla, israrla nəticələr üzərindən mübahisə və müzakirə aparırıq.

Səbəblər haqqında danışmamaqda, dartışmamaqda dirəşirik.

Unuduruq ki, köynəyin ilk düyməsini yanlış düymələdinsə, sonadək də bu cür davam edəcəkdir. Elementar hüquq və azadlıqlar təmin olunmadan başlayan istənilən proses xəyal qırıqlığı ilə, rüsvayçılıqla yekunlaşmağa məcburdur. Tutaq ki, məmurları dəyişib mahiyyəti dəyişmədən vəd olunan heç bir reform məntiqi sonluğa çata – fayda gətirə bilməz.

Fikir müxtəlifliklərinin bir ölkə üçün ən böyük zənginlik olduğunu qəbul etməyib islahatlardan danışmaq nağılbazlıqdır.

Məhkəmələri ədalətə, medianı azadlığa qovuşdurmadan yaxşı nəticələrə ümid bəsləmək filfilodur.

Müxalifətçini müqəssir gözündə görərək, doğruçuluğu düşmənçiliklə eyniləşdirərək Azərbaycanı irəli aparmaq xam xəyaldır.

Bunların əksini düşünə bilərsiniz, ancaq məni buna inandıra biləcəyinizə ağlım kəsmir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/iml0rk

Most Viewed