Yadigar Sadıqlı

Source: Meydan TV

Caption: Yadigar Sadıqlı

Bayar-Menderes iqtidarı: çöküş

''Vali İlhan Engin mənə “İnönünü vuracaqsan” dediyi anda onun qollarından yaxalayaraq irəliyə doğru itələdim...”

1959-ci ili aprelin sonlarında İsmet İnönü Cümhuriyyət Xalq Partiyasından (CHP) olan 46 millət vəkili ilə birlikdə Egey bölgəsinə gəzintiyə çıxdı. Bu səfər zamanı Uşakda baş verən hadisələrlə Türkiyəni hərbi çevrilişə aparan yolun əsası qoyuldu.

İnönünün səfər planı aşkar olan kimi daxili işlər naziri Namik Gedik (1955-ci il 6-7 sentyabrda İstanbulda yunan talanlarına göz yumduğuna görə istefa verən bu adamı Menderes bir il sonra yenidən əvvəlki vəzifəsinə qaytarmışdı) təhlükəsizliyi təmin edə bilməyəcəklərini bildirərək ana müxalifət liderini planından vaz keçməyə çağırdı. Amma İnönü vaz keçmədi.

Uşak bölgəsinin Qurtuluş savaşında və şəxsən İnönünün hərbi karyerasında önəmli yeri vardı. Buradakı Karacahisar kəndi yaxınlığında İnönünün tabeliyindəki qüvvələr yunan ordusunun baş komandanı Nikolaos Trikupisi əsir almışdılar. İnönü onu Mustafa Kamal paşanın Uşak şəhərində yerləşən qərargahına gətirərək təhvil vermişdi. Üstəlik, Türkiyənin bütün qərb bölgəsində CHP-nin son seçkilərdə qalib gəldiyi yeganə vilayət Uşak idi.

Aprelin 30-da səhər qatarla Uşaka gələn İnönünü böyük bir qələbəlik qarşıladı. CHP lideri üstüaçıq avtomobildə kütlənin müşayiəti ilə şəhər mərkəzinə doğru irəlilədi. Hakim Demokrat Partiyanın yerli təşkilatının binasının önündən keçəndə DP-lilər onun əleyhinə şüarlar səsləndirməyə cəhd etdilər. Amma kütlənin “İsmət paşa, çox yaşa” qışqırması üzündən səsləri eşidilməz olduqda DP-nin ilçe başqanı Eşref Ögün avtomobilə bir stəkan atdı. Stəkan İnönüdən yan keçsə də, onu müşayiət edən jurnalsitlərdən birini yaraladı. Cavab olaraq, CHP-lilər binanı daşladılar və pəncərələri sındırdılar.

Bundan sonra İsmet İnönü CHP yerli təşkilatının qəragahında oldu, gənclər təşkilatının konfransında iştirak etdikdən sonra millət vəkili Rıza Salıcının evinə getdi. O, Qurtuluş savaşı zamanı qərargah kimi istifadə olunan evi də axşamüstü ziyarət etmək niyyətində idi. Amma Uşak valisi İlhan Engin əmniyyət müdiri Adnan Çakmakı (İnönünün köhnə rəqibi marşal Fevzi Çakmakın qardaşı oğlu) və jandarma komandiri Abbas Yavuzdemiri İnönün yanına göndərərək həmin evə getməməsini istədi.

Turhan Feyzioğlu və bir neçə CHP-li millət vəkili Uşak valisinin yanına gedərək həmin evə niyə getməməli olduğunu soruşdular. Vali bu tələbini azrulanmayan hadisələrin ola biləcəyi və İnönünü qorumaq istəməsi ilə izah etdi. İnönü isə “öz hürriyyətini qorumayan lider, vətəndaşları hürriyyət mücadiləsi apardığına necə inandırır?” deyərək tələbi qəbul etmədi.

Hərbi çevrilişdən sonra Uşak olayları araşdırılarkən valinin hətta İsmət paşa dayanmazsa, atəş açmaq əmri verdiyi iddia olundu. Adnan Çakmak bu haqda demişdi: “Vali İlhan Engin mənə “İnönünü vuracaqsan” dediyi anda onun qollarından yaxalayaraq irəliyə doğru itələdim və “Bax, odur, qarşıdan gəlir. Qanundan və tarixdən qorxmursansa, sən vur” dedim. Oradan qaçdı”.

İnönü saat 18.25-də indi “İsmetpaşa caddesi” adlanan küçədə yerləşən keçmiş qərargahı ziyarət etdi. Evin sahibi DP üzvü olduğundan evi tərk etmiş, paşanı anası və arvadı qarşılamış və içməyə portağal suyu vermişlər. Qısa müddət sonra ev sahiblərinə təşəkkür edən İnönü oradan ayrıldı və Rıza Salıcının evinə qayıtdı.

Ertəsi gün İnönü yenidən qatara minib Uşakdan ayrılmalı idi. Gecəboyu isə qonşu kəndlərdən DP üzvlərinin vilayət mərkəzinə daşınması, İnönüyə qarşı təxribat hazırlanması barədə xəbərlər gəlirdi. CHP-li millət vəkili Ali Rıza Akbıyıkoğlu partiya sədrinə 60 km məsafədə olan Eşme şəhərinə avtomobillə getməyi və orada qatara minməyi təklif etdi, amma paşa qəbul etmədi.

Qaldığı evdən dəmiryolu stansiyasına gedən yolda CHP liderini DP üzvlərindən ibarət qələbəlik müşayiət edirdi. Bir gün əvvəl İnönünü qarşılayan və alqışlayan kütləni dağıtmağa çalışan, gözyaşardıcı qaz istifadə edən polis indi bu kütləyə qarşı heç bir tədbir görmürdü. Stansiyaya yaxınlaşdıqda avtomobilin önü tamam kəsildi və irəli getmək mümkünsüz oldu. Bəzi CHP-lilər yolu açmaq məqsədilə irəli atıldıqda İnönü onlara “Siz çəkilin, mən yolumu açmasını bilirəm” söylədi və kütlənin üzərinə yeridi. Özünə yol açan paşa qatara tərəf irəlilədi.

Bu zaman atılan bir daş arxadan İnönünün başına dəydi. Paşa səndələdi və arxadan gələnlərin də ona toxunması səbəbindən yerə çökdü. Amma cəld şəkildə özü, heç bir kömək olmadan qalxdı və hərəkətini davam etdirdi. İnönü, CHP-li millət vəkilləri və jurnalistlər yerlərinə əyləşdikdən sonra vaqon daşa tutuldu, iki pəncərə sındı, iki jurnalist başından, biri də biləyindən yaralandı. CHP-li millət vəkilləri arasında olan iki həkim həm İnönüyə, həm də jurnalistlərə ilk yardım göstərdilər.

Həmin gün Manisaya çatan İnönü burada mətbuat konfransı keçirərək Uşakda baş verən hadisələrə görə hökuməti günahlandırdı. Amma həm bu ittihamların, həm də CHP Uşak təşkilatının baş verənlər haqqında bəyanatının mətbuatda yayılmasına qadağa qoyuldu. O zaman mövcud qanunlar belə qadağalara imkan verirdi.

Manisadan İzmirə keçən İnönünü böyük bir izdiham qarşıladı. Paşa burada CHP yerli təşkilatının konfransında çıxış edəcəkdi, amma İzmir valisi toplantılara qadağa qoydu. Mayın 2-də axşam saatlarında müxalifyönümlü “Demokratik İzmir” qəzetinin binası DP-lilər tərəfində hücuma məruz qaldı. Jurnalistlərə bu hadisələri də xəbər vermək qadağan edildi. Bu senzuraya etiraz olaraq mayın 3-də bir çox qəzetlər boş sütunlarla çıxdılar.

Mayın 4-də İnönü təyyarə ilə İzmirdən İstanbula uçdu. İzmir hava limanında önəmli bir hadisə baş verdi. Bu günlər ərzində polis və jandarmların açıq-aşkar düşmən münasibəti fonunda hava limanında olan hərbçilərin İnönüyə həddən artıq hörmətlə yanaşmaları jurnalistlərin diqqətindən yayınmadı.

İstanbulda Yeşilköy (sonralar Atatürk) hava limanında enən İnönü avtomobillə şəhərin mərkəzinə doğru hərəkət etdi. Topkapı həndəvərinə çatdıqda avtomobilin qarşısını dəyənək və daşlarla silahlanan kütlə kəsdi. Əllərində “Paşa, hayatın palavra”, “Paşa, başına taş değil, Allah’ın gazabı çarpsaydı” və başqa sözlər yazılan şüarlar tutan kütlə “”dəff ol”, “gəbər” qışqıraraq ətrafdakı polislərin tam laqeydliyi şəraitində avtomobili daşlandılar, şüşələrini sındırıldılar. İnönünün həyatına gerçək təhlükə yarandı.

Yalnız azsaylı əsgərlə oradan təsadüfən keçən Türhan Bayraktar adlı bir binbaşının (mayor) müdaxiləsi İnönünü xilas etdi. Hərbçilər paşanın maşınını əhatəyə alaraq mühafizə etdilər. Bəzi mənbələr Türhan Bayraktarın bu zaman havaya atəş açdığını da iddia edirlər.

Ana müxalifət lideri mayın 7-də Ankaraya döndü. Paytaxtda onu gəzinti zamanı baş verənlərə etiraz edən xeyli insan qarşıladı. Bu dəfə polis işə qarışdı, izdihama zor tətbiq edildi. Mövzu parlamentdə müzakirə olunanda da DP və CHP üzvləri arasında əlbəyaxa dalaşma baş verdi, xəsarət alanlar oldu.

İsmet İnönü başda olmaqla CHP qafiləsinin səfəri cəmi 9 gün sürdü. Amma bu gəzinti zamanı baş verən hadisələr ölkəni kökündən dəyişdi. Bayar-Menderes iqtidarı tamamilə məntiqsiz və bəsirətsiz yol seçmiş, özlərini dövlət adamı kimi deyil, qonşu davasına çıxan adam kimi aparırdılar. Nəticədə Türkiyə geriyə dönüşü olmayan bir yola girdi.

***

Bu dövrdə fasiləsiz basqı altında olan sahələrdən biri də müstəqil və müxalif mətbuat idi. DP iqtidarının ilk dörd ili mətbuat azadlığının çiçəkləndiyi dövr idi. Amma 1954-cü ildən bəri vəziyyət dəyişdi. Bir-birinin ardınca mətbuat azadlığını məhdudlaşdıran, boğan qanunlar qəbul edildi ki, bu haqda əvvəlki məqalələrin birində qismən bəhs etmişdik. Bunları edənlərin 1950-1954-cü illərdə mətbuata xeyli azadlıq bəxş edən həmin iqtidar olduğuna inanmaq çətin idi.

Mətbuata basqı siyasəti DP iqtidarının birinci dönəminin (1950-1954) sonlarında başladı. 1955-ci il “6-7 eylul olayları” adını alan yunan talanlarından sonra daha da kəskinləşdi. Dövlət struktularının müdaxilə etmədiyi, rəğbətlə yanaşdığı (bəzi iddialara görə, hətta təşkil etdiyi) bu hadisələri mətbuatın təhrik etdiyi iddia edildi.

Yeni dəyişikliklər jurnalistlərin hətta “isbat haqqı”nı əllərindən alırdı. Yəni hər hansı bir məmurun rüşvətxor olduğunu yazan jurnalistə, qəzetə qarşı məhkəmədə iddia qaldırılardısa, öz ittihamını sübut emək hüququ tanınmırdı. Yazılanın əsaslı olması belə onu cəzadan qurtarmırdı.

1957-ci ilin iyulunda müxalifət liderlərinin ölkəboyu səfərlərini işıqlandıran jurnalistlərə qarşı alınan tədbirlər Jurnalistlərin həmkarlar ittifaqının yaydığı bəyanatla pislənildi. Hökumət buna cavab olaraq “Türkiyənin beynəlxalq aləmdə etibarının zədələnməsi” bəhanəsi ilə təşkilatı qapatdı.

DP iqtidarının üçüncü dönəmində (1957-1960) azad mətbuata təzyiqlər daha da artdı. İndi bu təzyiqlərə iqtisadi çalar əlavə olundu. 1957-ci ilin noyabrından etibarən qəzetlərə kağız ayrılması inhisara alındı. 1958-ci ilin yanvarından etibarən isə qəzetlərə reklam və elanlar verilməsi də mərkəzləşdirirldi. Bundan sonra mədhiyyəçi media bolluca kağız alır, reklam və elanlar əldə edirdi, tənqidçi media isə öz tirajını azaltmalı olurdu, reklam və elan əldə etmək imkanları məhdudlaşdı.

1958-ci il iyulun 14-də İraqda baş verən çevrilişdən sonra da bir sıra qəzetlər cəzalandırıldılar. Onlar devrilən İraq monarxiyasının siyasətini tənqid edən yazılar yazmış, müxalifətçilərin eyni məzmunlu açıqlamalarına yer vermişdilər. İqtidar bunu çevrilişə haqq qazandırmaq cəhdi kimi qiymətləndirdi və onlara dava açdı.

Mətbuata qarşı genişmiqyaslı hücumlardan biri də “Pulliam davaları” adını alan olaydır. Amerikalı jurnalist və naşir Eugene Pulliam 1958-ci ilin yayında Türkiyəyə gəldi və ölkədəki vəziyyəti öyrəndi. Qayıdandan sonra “İndianapolis star” qəzetində “Türkiyədə on ikiyə on beş dəqiqə qalıb” adlı məqalələr silsiləsi dərc etdi.

Bayar və Menderes

Bayar və Menderes

Source: google.az

Bu məqalələrdə müəllif Türkiyədə siyasi sabitsizliyin hökm sürdüyünü, iqtisadi vəziyyətin ağır olduğunu, idarəçiliyin getdikcə avtoritarlaşmasını yazırdı. Ümumən obyektiv müşahidələrə əsaslanan yazılarda yəqin ki, Adnan Menderesin jurnalistlə görüşməkdən imtinasından doğan hikkə də öz sözünü deyirdi. Bu yazılar ABŞ-ın 72 mətbuat orqanında dərc edildi.

Türkiyənin müstəqil mətbuatı da həmin məqalələrə yer verincə “Pulliam davaları” başladı. “Akis”, “Kim”, “Altiok” jurnalları, “Vatan”, “Kervan”, “Ulus” qəzetləri qapadıldı. DP iqtidarının sonlarına qədər davam edən “Pulliam davaları”nda bir neçə jurnalist həbsə atıldı. O zaman gənc jurnalist olan Abdi İpekçi Pulliama yazdığı məktubda deyirdi: “Lütfən, bir daha Türkiyə haqqında yazı yazmayın. Çünki burada mətbuatın azad olduğunu düşünən bəzi məsləkdaşlarımız sizin yazılarınızı yayımlayırlar və həbsə düşürlər”.

Ümumilikdə, Demokrat Partiyasının iqtidarda olduğu ikinci (1954-1957) və üçüncü (1957-1960) dönəmlərdə mətbuata qarşı 2300-dən artıq dava açıldı və 287 jurnalist məhkum olundu.

***

İqtidar və müxalifət arasındakı bu gərginlik toplumun aşağı təbəqələrinə sirayət etmişdi. Kəndlərdə DP və CHP tərəfdarları eyni çayxanaya getmir, övladlarını evləndirmirdilər. Hətta tez-tez əlbəyaxa savaşlar baş verirdi. Belə olayların ən böyüyü Kayserini Yeşilhisar ilçesində baş verdi.

1960-cı il fevralın 16-da baş verən növbəti qarşıdurmanın sonunda CHP ilçe başqanı tapança ilə atəş açaraq DP ilçe başqanını ağır yaraladı. Bundan sonrakı bir həftə ərzində ilçedə DP-CHP savaşı başladı. İnsanlar bir-birini tutduğu yerdə döyürdü, evlərini və digər əmlaklarını daşlayırdı. Hadisələr bir qədər səngiyərkən, növbəti qığılcımdan yanğın törədi.

Fevralın 24-də baş verən hadisələrə görə saxlanılan DP-lilər və CHP-lilərin bir hissəsi azad edildi. Onlardan biri, CHP üzvü Mehmet Bozkurt çayxananın önünə gələrək “Baxın, məni işgəncə ilə bu hala saldılar” qışqırır. Qəzəblənən kütlə ilçe kaymakamının oturduğu binaya doğru yürüyür.

Bu arada hadisələrdən xəbər tutan CHP-lilər hücum edənlərin, DP-lilər isə müdafiə olunan kaymakam və polislərin köməyinə tələsirlər. Hökumət binasının ətrafı gerçək bir savaş meydanına dönür. Xeyli insan xəsarət alsa da, xoşbəxtlikdən ölən olmur. İlçeyə ordu qüvvələri yeridilir. Əksəriyyəti CHP-li olan 56 nəfər həbs edilir.

***

1960-cı ilin yazına doğru hakim Demokrat Partiyasında müxalifətə münasibət baxımından fikir ayrılığı yaranmışdı. Bir qrup erkən seçkilər keçirilməsini və bununla da gərginliyin zəiflədilməsini təklif edirdilər. Amma daha çoxsaylı qrup müxalifətə qarşı təzyiqləri artırmağın tərəfdarı idi. Onlara prezident Celal Bayar başçılıq edirdi. Baş nazir Adnan Menderes də müəyyən tərəddüddən sonra onlara qoşuldu. Mülayim xətt tərəfdarı olan ədliyyə naziri Esat Budakoğlu bununla razılaşmayaraq istefa verdi.

Aprelin 7-də DP-nin parlament qrupu bir bəyanat yayaraq CHP-nin “ölkədəki bütün dağıdıcı qrupları ətrafına topladığı, xalqı və ordunu iqtidara qarşı üsyana təhrik etdiyi”ni irəli sürdü. Bundan sonra, aprelin 18-də CHP-nin və mətbuatın fəaliyyətini araşdıracaq “Tahkikat komisyonu”nun yaradılması qərara alındı.

Bu komissiya 15 nəfər DP üzvü olan millət vəkilindən təşkil olunurdu və 3 ay fəaliyyət göstərəcəkdi. Dənizli millət vəkili Ahmet Hamdi Sancarın rəhbərlik edəcəyi komissiyaya həm sorğulamaq, həm də cəza kəsmək səlahiyyəti verilirdi. O, siyasi partiyaların, mətbuatın fəaliyyətini durdura, həbs cəzaları kəsə bilərdi.

Belə bir komissiyanın yaradılması həm konstitusiyaya, həm də hakimiyyət bölgüsü prinsipinə zidd idi. Əslində bu, parlament çoxluğu vasitəsilə dövlət çevrilişi etməkdən başqa bir şey deyildi. Təsadüfü deyil ki, sonralar demək olar ki, hamı Təhqiqat komissiyasının yardılmasını hərbi çevrilişə aparan son damla kimi qiymətləndirdi.

Komissiyanın yaradılması müzakirə olunan 18 aprel tarixli iclasda İsmet İnönü özünün ən məşhur çıxışlarından birini etdi və sözlərini xəbərdarlıqla bitirdi: “Belə davam etsəniz, sizi mən də xilas edə bilmərəm. Arkadaşlar, şərtlər uyğun olduqda millətlər üçün inqilab qanuni bir haqdır”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ft2w8m

Most Viewed