Bu mənzərə Azərbaycan sərhədindən bir neçə kilometr aralıda yerləşən erməni kəndi Armaşda baş verir

Source: Neil Hauer

Caption: Bu mənzərə Azərbaycan sərhədindən bir neçə kilometr aralıda yerləşən erməni kəndi Armaşda baş verir

ARMAŞ, Ermənistan — “Davay! Gedək!”

Article was updated on :  7 October 2021

Originally published by Washington Examiner

Ermənistanda yaşayan, Rusiya və Qafqaz mövzusunda yazan kanadalı jurnalist Neil Hauer könüllü dəstələrin təlimlərindən reportaj hazırlayıb. Meydan TV həmin reportajı tərcümə edib.

Müvəqqəti milis dəstələri təpəyə hücum etməyə başlayır. Biri yeniyetmə, digəri 20 yaşlarında olan potensial silahlılardan ibarət iki qrup kollardan çölə çıxaraq səngərlərə girirlər.

Bu təlimə rəhbərlik edən, ABŞ Hərbi Hava Qüvvələrinin təlimatçısı və qazisi Aram bunu yaxından izləyir. "Gəlin görək hansı yanaşmanı seçiblər", - o deyir. "Çox güman ki, bu, Suriya terrorçularının taktikası olacaq: yığışmaq və dağılışma",- deyə gülür.

İki qrupdan birincisi daha açıq ərazidə irəliləyərkən səngərə yaxınlaşdıqda əyilir, iki gizli müdafiəçi boş Kalaşnikovları birbaşa gələnlərə tərəfə doğruldur.

"Dayan!" Aram qrupa qışqırır. "Hamınız birbaşa atəş xəttində tutuldunuz",- deyə o açıq ərazidə dayanan daha böyük hücumçu qrupuna qışqırır.

"Yan cinah mövqelərini tutarkən onları dayandırmalı və aşağı itələməli idiniz",- deyə o yol kənarında irəliləyən daha kiçik bir qrupa işarə edərək əlavə etdi. Bu, əsl müharibə olsaydı, hamınız ölmüş olardınız".

Bu mənzərə Azərbaycan sərhədindən bir neçə kilometr aralıda yerləşən erməni kəndi Armaşda baş verir. Bu, keçən ilin payızında Ermənistan-Azərbaycan müharibəsində döyüşən kiçik veteranlardan ibarət “Phoenix” Cəsarət Məktəbinin həyata keçirdiyi təlimin bir hissəsidir. Növbəti bir neçə ay ərzində, “Phoenix”in qurucusu və rəhbəri Aram, kəndlilərə müdafiə və döyüş texnikaları öyrədəcək ki, lazım gələrsə, özləri də istifadə edə bilsinlər.

Azərbaycanla son müharibə başa çatmış ola bilər, amma Ermənistanda çox az adam bunun sonuncu olacağına inanmır. İndi növbəti addım üçün hazır olduqlarına əmin olmaq istəyirlər.

Son illərdə şəxsi hərbi podratçıların sayının artması qlobal bir fenomenə çevrilib. Muzdlu ordu məsələsi müharibənin özü qədər uzun müddətdir var olan anlayışdır, lakin soyuq müharibə bitəndən bəri keçən onilliklər ərzində bu iş modeli kəskin şəkildə artıb. Bu gün baş verənləri ilk dəfə Birinci Qarabağ Müharibəsi (1991-94) daxil olmaqla, keçmiş Yuqoslaviyada və keçmiş SSRİ-də hərbi missiyalar həyata keçirən Sovet dövrünə məxsus vertolyotların pilotları həyata keçirib. Ancaq ilk "peşəkar" şəxsi hərbi podratçı, 1990-cı illərin əvvəllərində və ortalarında Anqola və Sierra Leonedəki vətəndaş müharibələrində aktiv olan Cənubi Afrikanın “ Executive Outcomes” adlı özəl hərbi şirkət olub. ABŞ, İraqdakı məşhur “Blackwater” kimi podratçıların səhmlərini istifadə edərkən, rus qrupları, xüsusən də məşhur “Wagner”, Suriyadakı əməliyyatları Mozambik və Venesuela kimi uzaq ərazilərə qədər genişləndirib.

İndi Ermənistan da bu trendə qoşulub. Sovet dövrünün taktikalarının üstünlük təşkil etdiyi Ermənistan ordusunda gördükləri təlimlərin və ordudakı hazırlıqların acınacaqlı vəziyyətdə olmasından məsyus olan bir qrup veteran öz təşəbbüslərini həyata keçirməyə başlayıb. "Yaşamaq sənəti" və ya "Dövlətçilik milli dəyər kimi” kimi çağırış edən adlarla ən azı altı fərqli hərbiləşmiş təşkilat ortaya çıxıb. Erməni dilində “VOMA” qısaltması ilə tanınan birinci təşkilat əslində müharibədən əvvəl ortaya çıxıb. Onlar döyüşlər zamanı müxtəlif könüllülər üçün təlim təşkil edib və cəbhəyə qoşun göndərib.

Aram ( əsl adı deyil) bu keçmişdən gəlir. Livan əsilli erməni olmasına baxmayaraq, o, 13 il ABŞ Hərbi Hava Qüvvələrində xüsusi təyinatlı zabit olaraq xidmət edib, İraq, Əfqanıstan, Mərkəzi Afrika və başqa yerlərdə hərbi missiyalarda iştirak edib. Keçən payız müharibə vətəninə çatanda Aram bu çağırışa cavab verib: müharibə başlayandan bir neçə gün sonra Yerevana uçub və könüllü dəstəsi ilə birlikdə Qarabağın cənubuna gedib.

O, gördüklərindən təsirlənməyib.

"Hərbiçilərin və könüllülərin çoxunun necə mübarizə aparacaqları barədə heç bir ideyası yox idi", - deyə “Phoenix”in Yerevandakı qərargahında Aram izah edir: "Düşmən haqqında heç bir məlumatları yox idi. Hətta generallar 1950-ci illərdən başlayaraq müharibə aparıblar".

Aram, döyüşün ən mübahisəli bölgələrindən biri olan, Qırmızı Bazar olaraq da bilinən Karmir Şukada bir dəstədə xidmət göstərib. Mövqelər tez-tez əl dəyişib, gərgin döyüşlərdə erməni qoşunları dəfələrlə azərbaycanlıların hücumlarını dəf edib. Hər iki tərəf ağır itkilər verib.

Aram, "Karmir-Şukdakı heyətimizdə təxminən 300 nəfər var idi",- deyir: "Yaxşı müdafiə mövqelərimiz var idi, amma dəstəyimiz olmadığına görə təxminən 3 kilometrlik ərazini itirdik. Çünki nə artilleriyamız, nə hava müdafiəmiz var idi".

"Komandamdakı bu adamların demək olar ki, hazırlıqsız olduğunu bildiyim üçün onları bu ərazini ələ keçirmək üçün lazım olan xüsusi əməliyyatlar taktikasını tətbiq etməyə məcbur edə bilməzdim", - Aram qeyd edib.

Aramın dediyi 3 kilometrlik ərazi Qarabağın ürəyində yerləşən, bir təpə şəhəri olan Şuşaya edilən hücumda Azərbaycan üçün tramplin idi. Noyabrın 9 -da Şuşanın süqutu müharibənin sonu və Ermənistanın məğlubiyyəti oldu.

Aram “Phoenix” Cəsarət Məktəbindəki müəllim yoldaşları ilə bu döyüşlər zamanı tanış olub. Təxminən on təlimçi arasında eyni sayda yerli və əcnəbilər: aralarında bir livanlı, fransız, rus, suriyalı və başqaları var.

Müharibədən sonra Aram tətilə çıxıb. "Belə zəhərli siyasətlə bacara bilmədim",- deyə o bilidirib. Sonra işə başlayıb.

“Phoenix” yanvar ayında qurulub. Aprelə qədər birinci kursantlar üç aylıq sürətləndirilmiş kursu bitirib, ikinci təlimə qoşulublar. Aram, Yerevandakı bazalarında "bir anda təxminən 40" təlim keçirdiklərini izah edir.

Amma əsas işlər başqa yerlərdə aparılır. Armaş kimi sərhəd kəndlərində, yerli əhali ordu uğursuzluğa düçar olsa, özlərini müdafiə etməyi öyrənmək üçün “Phoenix”ə müraciət edir.

Yay vaxtı Armaşın əsas meydanında gün batanda kursantlar bir yerə yığışır. Yaşları qırxdan başlayaraq yeniyetmə yaşına qədər dəyişən, bəziləri hətta daha gənc olan təxminən 40 nəfər var. Yaxınlıqdakı bələdiyyə binasında Aram və digərləri gün üçün planlar hazırlayır.

"Düşmənə çox yaxın olduğumuz üçün “Phoenix”ə yaxınlaşdıq",- deyə kəndin bələdiyyə sədri Hakob Zeynalyan bildirib. "Tigran onları “Facebook”da tapıb",- deyə sağdakı adamı göstərərək deyir.

41 yaşlı Tigran Matevosyan ciddi bir şəkildə onun yanında dayanır. "Kəndimiz 90-cı illərdə çox əziyyət çəkdi",- deyə o izah edir: “Mülki şəxslər öldürüldü və hökumət bu gün kəndin təhlükəsizliyini təmin etmək üçün ölçü götürməyə hazır deyil. Xoşbəxtlikdən bələdiyyə başçımız və Aram bunu başa düşür ".

Matevosyan da daxil olmaqla təlimlərdə iştirak edənlərin çoxu son müharibənin veteranlarıdır. 1990-cı illərdə Qarabağda gedən döyüşlər zamanı Armaşdan beş yerli sakin öldürülüb və son müharibədə isə daha beş sakin həlak olub. Keçən payızda alçaldıcı məğlubiyyət yaşanması Matevosyan üçün həyəcan siqnalı olub. "Bu müharibədə Artsaxda (Qarabağın erməni dilindəki adı) döyüşürmüş kimi görünmürdük",- deyə o əlavə edir: "Yalnız geri çəkilirdik, daim geri çəkilirdik".

"Armaşa qayıdanda nələrinsə dəyişdirilməli olduğunu anladım. "Phoenix”i tapanda bildim ki, onlar bu sualın cavabıdır",- deyə o əlavə edir.

İllərlə davam edən qarşıdurmanın nəsillər üzərindəki təsiri məlumdur. Orada qurulan qrupun ən gənc üzvü, qürurlu dayanan, xoşbəxt, lakin sakit bir gənc qız olan 12 yaşlı Amaliyadır. Əlli yaşlarında olan atası Birinci Qarabağ Müharibəsində iştirak edib. Qardaşı isə sonuncu müharibədə döyüşüb. O, heç vaxt evə qayıtmayan beş kənd sakinindən biridir.

"İndi qardaşının şərəfinə ilk yardım göstərməyi öyrənmək istəyir", - deyə Aram qeyd edir: "Əlbəttə ki, o, heç vaxt meydanda olmayacaq, amma hücum zamanı sığınağa düşsələr, bunun bir köməyi ola bilər".

Aram və Matevosyanın rəhbərliyi altında meydandakı kursantlar ən yaxın yamaca irəliləmək üçün yola çıxdılar. Quraq yamacda ötən müharibə zamanı döyüşçülərin qorunması üçün qazılan bir neçə səngər var. "Dünən eşitdik ki, Azərbaycan kəndin üzərində dron uçurur", - Aram əlavə edir.

Son aylarda təhlükəsizlik məsələsi daha da əhəmiyyət kəsb edir. Sərhəd bölgələrində erməni və azərbaycanlı qoşunlar arasında müntəzəm toqquşmalar may ayında bir neçə yüz nəfərdən ibarət azərbaycanlı əsgərin Ermənistan ərazisinin iki fərqli hissəsini işğal etməsindən sonra kəskin şəkildə artıb. İyuldan başlayaraq döyüşlər Armaşın qarşısında yerləşən Naxçıvan sərhəd bölgəsinə yayılıb. Azərbaycan qoşunları hər gün sərhədin hər iki tərəfində yerləşən qonşu Yerask kəndini bombalayır. Onlar indiyə qədər bir çox erməni əsgərini öldürüb.

Qrup səngərlərə yaxınlaşdıqca, digər bir “Phoenix” təlimçisi olan Raffi onları kiçik qruplara ayırır. Raffi Livan ordusunun və keçən ilki Qarabağ müharibəsinin Beyrut əsilli veteranıdır.

"Biz eşelon taktikası deyilən şeyi həyata keçirəcəyik",- Raffi deyir. "Bu, atəş altında qalan böyük bir sahəni qoruyarkən ərazini tez bir zamanda əhatəyə almağı hədəfləyən kiçik hərbi birliklərin taktikasıdır. Bu taktika NATO və İsrail qüvvələri arasında adi bir hal alıb".

O, dörd könüllünü işarə ilə göstərir. "Tigran, Arzum, Arman, Hayk!" deyə qışqırır. Bu dörd şəxs yoldaşlarının yarısını toplayır və kiçik qruplara ayrılır. Raffinin növbəti əmri ilə onlar güllə qoyulmamış “Kalaşnikov” avtomatlarını bir tərəfdən o biri tərəfə sallayaraq, təpəyə doğru dəstə-dəstə irəliliyərlər.

Bu təlimdə səngərin müxtəlif nöqtələrində gizlənmiş müdafiə qüvvələrinindən də istifadə olunur. "Bu, bir tələ taktikasıdır",- deyə Aram qeyd edir. "Müdafiə edən komandanın yarısı burada, digər yarısı da oradadır və hücum edənləri dərədəki ölüm nöqtəsinə doğru gerilətməyi hədəfləyəcəklər".

Bu dəfə hücum edən komanda qalib gəlir. Bir qrup arxadakı səngər fərq edilmədən hərəkət edir və təlimi tamamlayan açıq bir üstünlüklə səngərdən çıxır. "Onlar öyrənirlər",- Aram, inkişafdan razı qaldığını söyləyir.

Burada göstərilən taktika, erməni ordusunun tətbiq etdiyi Sovet taktikasındakı kütləvi piyada hücumlarından fərqlənir. Aramın sözlərinə görə, onlar müasir döyüş sahəsinə xas olan kiçik hərbi hissələr üçün nəzərdə tutulan taktikalara diqqət yetirirlər. "Müasir müharibə metodu 10 və ya 12 nəfərlik qrup şəklində hərəkət etməli olmanız deməkdir", deyə o əlavə edir: "NATO ordusu qruplaşma taktikasından fəal şəkildə istifadə edir və biz də (ermənilər) bu imkanlara sahib olmalıyıq”.

Aram tezliklə döyüşmək üçün hazırlıqsız bir milis dəstəsi toplayır. Bunlar təpənin başındakı bir sıra metal hədəflərdən istifadə etməklə həyata keçirilir. İlk təlimçi gedir: Diz çökən Aram könüllülərin birincisinə təhvil vermədən əvvəl, hər biri bir vuruşla, bir-birinin arxasınca polad kəsikləri asanlıqla vurur.

Silahlar atılanda Matevosyan bu təlimlərin önəmi barədə danışır. "Bu müharibə bizə bir şey öyrədibsə, bu da ətrafa səliqəsiz şəkildə yayılmaqdır", - o deyir. “Müharibə zamanı döyüşçülər həmişə 50-60 nəfərlik qruplar halında idilər. Bu, heç vaxt dəyişməyib və səbəbini də bilmirəm".

Erməni qoşunlarında bu qədər böyük məhvə yol açan Azərbaycan dronları bu dərsin əsas hissəsini təşkil edirdi. Demək olar ki, müharibənin hər günü Azərbaycan Müdafiə Nazirliyi, erməni tanklarını və maşınlarını və sonda əsgərləri məhv edən, dəqiq idarə olunan döyüş sursatlarını göstərən yeni videolar yayımladı. Azərbaycanın qoşunlarında ən dağıdıcı silah olan Türkiyə istehsallı “TB2 Bayraktar” təkbaşına ən azı 100 erməni tankını məhv edib.

Matevosyan deyir: "İlk gün hava hücumundan müdafiə sistemlərimizi məhv etdilər”. Bu müşahidəni açıq mənbələrdən alınan məlumatlar dəstəkləyir: "Bundan sonra Bayraktarlara qarşı yalnız tüfənglər var idi".

Aramın bu vəziyyətə necə düşdüklərinə dair öz düşüncələri var. "30 il ərzində biz [ermənilər] 1994-cü ildə qalib gəldiyimiz üçün xoşbəxt idik. Hazırlaşmadıq və uduzduq”, - deyə o şikayətlənir.

"İndi insanlar Ermənistanın Baş naziri Nikol Paşinyanın xain olduğunu və bizi satdığını söyləyirlər. Əslində isə 1991-ci ildən bu günə qədər olan hər bir hökuməti günahlandırmaq lazımdır",- deyə o əlavə edir.

"İnsanları da günahlandırmaq lazımdır",- deyə Aram əlavə edir: "Çünki biz ermənilər o qədər təkəbbürlü və o qədər qürurlu idik ki, bizi nəyin gözlədiyini unutmuşuq. Bu, bizim günahımızdır və heç kimin günahı yoxdur. Özümüzdən başqa heç kimə etibar edə bilmərik".

Diplomatik və ya hərbi yöndən olsun, birinci müharibədə Ermənistanın inanılmaz bir qələbə qazana bilməməsi Aramı çox kədərləndirir. "Bir fərqlilik edirsinizsə, bunun işə yarayacağından əmin olun", - o deyir: "İrəli iki addım ata bilərsiniz, amma bundan sonra hazır deyilsinizsə, 20 addım geriyə düşəcəksiniz. Bizdə də bu baş verib".

Yeri gəlmişkən, iki tərəf arasında şiddətli nifrətin fonunda, əvvəllər baş verənlərlə bağlı xatirələr dayanır.

"Mən uşaq ikən azərbaycanlılar burada [Armaşda] yaşayırdılar",- deyə Matevosyan bildirib. “Azərbaycanlı oğlanlardan birinin futbol topumu necə oğurladığını xatırlayıram. Demək olar ki, gəncliyimdən azərbaycanlılarla döyüşmüşəm”, - deyə o gülür.

Onun növbəti şərhi isə daha ciddi idi.

"O oğlanın atası böyük adam olub", - deyə əlavə edir: “Çox mehriban, vicdanlı adam olub. Azərilər buranı tərk etməli olanda ağladı. Mən Azərbaycanda yaşaya bilmərəm, oradakılar Ermənistanda yaşayan azərbaycanlıları sevmirlər dedi. Moskvaya getdi. Demək olar ki, özünü erməni hesab edirdi”.

Amma bu, uzun zaman öncə baş verib. Azərbaycan Prezidenti İlham Əliyevin ifrat irqçi "[erməniləri] iti qovan kimi qovuruq" ifadəsi ilə yanaşı, son müharibə zamanı törədilən müharibə cinayətləri iki xalq arasında bir vaxtlar mümkün olan dostluğu zəhərlədi.

Bu, hətta Ermənistanın kəndlərində də təsirsiz ötüşmədi. "O parkın Bakıda necə tikildiyini yəqin ki, görmüsünüz",- deyə Matevosyan Azərbaycanın Hərbi Zəfər Parkından bəhs edərək söyləyir: “Aprel ayında açılan sərgidə ölən erməni əsgərlərindən alınan dəbilqələr və erməni döyüşçülərinin təhrif edilmiş karikatur modellərindən ibarət eksponatları təqdim olunur”.

Matevosyan deyir ki, azərbaycanlılar övladlarını oraya modellərlə oynamağa, onları öldürürmüş kimi hərəkət etmək üçün gətirirlər. "Beləliklə, uşaqlar ermənilərə hücum edib bizi öldürməyin şərəfli iş olduğunu öyrənərək böyüyürlər. Allah xatirinə, belə insanlarla necə barışa bilərik?" - o soruşur.

17 yaşlı iki gənc könüllü - Hayk və Armen Matevosyanın fikirlərini bölüşür.

"Növbəti müharibəyə hazır olmaq istəyirik",- Hayk təlimlərə qatılmaq barədəki motivasiyası haqqında soruşduqda deyir. Armen əlavə edir: "Azərbaycanlılar bizimlə qonşu olduğu müddətcə müharibə olacaq. Onlar bizi insan kimi görmürlər".

Günəş Ararat dağının arxasında batmağa başlayır və təlim günü başa çatır. “Phoenix” təlimçiləri son təlimlər üçün yenidən könüllüləri meydanda toplayır.

Aram Naxçıvana baxaraq deyir: "Təxminən beş illik bir planımız var. Əvvəlcə buradakı kənd camaatını öyrədəcəyik, sonra cənuba doğru irəliləyəcəyik. Bir-birinin yanındakı hər bir kənd bir zəncir meydana gətirir və onu qırılmaz hala gətiririk".

Məqsədləri, hər il 2000-3000 yerli sakini, eləcə də Ermənistan ordusunun xüsusi təyinatlılarının bir hissəsini (Aramın fikrincə, "təxminən 150 nəfər") hazırlamaqdır. Hökumət müqavilələri artıq razılaşdırılıb. “Phoenix”in planının soyuq müharibədən sonrakı dövrdə digər hərbi podratçılardan fərqləndiyi məqam budur. “Blackwater” və ya Rusiyanın “Wagner” qrupundan fərqli olaraq, bu qrup növbəti qarşıdurmada yalnız muzdlulardan ibarət olmayacaq. Əksinə, erməni əhalisinin potensialını artırmaqla gücünü artırmaq istəyir. Məqsəd qazancdan çox vətənpərvərlik borcundan irəli gəlir.

Aram və “Phoenix” üçün bu, yalnız praktiklik məsələsidir.

"Sülh istəyirsənsə, müharibəyə hazırlaşmalısan",- o bildirir. “Mən optimist və ya bədbin olmaq istəmirəm. Hökumətimizin son 30 il ərzində təmin etmədiklərini edirəm".

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  7 October 2021

Originally published by Washington Examiner

Featured in:  
Shortlink:   http://mtv.re/dhdymo

Most Viewed