Məhkəmə?

Məhkəmə. Foto: Meydan TV

Zərdüşt Əlizadə

Bu məhkəmə, xata-baladan uzaq, çox güman ki, baş tutmayacaq

Bakıda Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) üç sonuncu başçısı (Araik Harutyunyan, Bako Saakyan və Arkadiy Qukasyan) və Kremlin ara qarışdırmaq tapşırığı ilə Qarabağa ezam etdiyi Ruben Vardanyan silistə tutulur və dünyada xeyli insan onların açıq məhkəməsi zamanı aşkar edəcəkləri həqiqətləri eşitməyə hazırlaşır.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Fəqət sizin həqir bəndəniz əmindir ki, əvvəla, belə bir məhkəmə, çox güman olmayacaq, saniyən, olsa belə, bu məhkəmədə onlar insanların indinin özündə əla bildiyi məlumatdan savayı heç bir kəlmə tələffüz etməyəcəklər. Zəmanə o zəmanə deyil, insanlar o insanlar deyil, indi 1933-cü il deyil, məhkəmə alman məhkəməsi deyil, müttəhimlər kürsüsündə əyləşənlərin heç biri bolqar kommunisti Georgiy Dimitrov deyil ki, hakimləri və onu mühakimə edən quruluşu biliyi, cəsarəti və məntiqi ilə darmadağın və ifşa etsin. Məncə, bu məhkəmə prosesi, baş tutarsa, Qarabağ münaqişəsindən hədsiz siyasi və maddi mənfəət götürmüş insanların centlmen razılaşmasının təzahürü olacaq. Əminəm ki, nə Azərbaycan hakimiyyəti, nə özünü demokratik adlandıran şərti Qərb, nə də bəh-bəh həyatı hədsiz sevən müttəhimlər Leypsiq prosesinin Bakıda təkrarına əvvəla imkan verməzlər, saniyən bunu bacarmazlar. Qabiliyyətləri çatmaz. Əvvəlcədən şərti şumda kəsib məhkəmə prosesinin ssenarisini elə yazacaqlar ki, hər bir müttəhim verəcəyi ifadənin mətnini əzbərləyib rolunda yazılmışlardan bir qarış belə kənara çıxmasın. Azərbaycanda biz belə ssenarili məhkəmələri çox görmüşük.

Bilməyən oxucuya ərz etmək istərdim ki, 1933-cü ildə Leypsiq prosesində bolqar kommunisti Georgiy Dimitrov Almaniyanın Kommunist Partiyasını qadağan etmək məqsədilə Reyxstaqın yandırılması təxribatını təşkil etmiş faşist quruluşunu elə danılmaz sübutlarla ifşa etdi ki, sentyabrda başlamış məhkəmə prosesi dekabrda beş müttəhimə bəraət hökmü çıxarılması ilə nəticələndi. Əminəm ki, indi Bakının DTX təcridxanasında saxlanılan dörd hərəsi üç manata dəyməyən oğru, quldur, casus və əqidəsiz məxluqatın arasında mətin bolqar kommunisti Georgiy Dimitrova tay ola biləsi kimsə çətin tapılsın. Ümumiyyətlə, gəlin etiraf edək ki, bu növ insanları istehsal edən fabrik çoxdan yanıb, müasir zəmanədə belələrinə rast gəlmək çox çətindir, dönük və düşük insanlar sürü ilə gəzib dolaşır, əqidəsinə sadiq insanı gündüz çıraq ilə tapmaq mümkün deyil.

Açıq məhkəmə qurulsa, bu məhkəmə həqiqətin aşkarlanmasına deyil, pərdələnməsinə və gizlədilməsinə, rəiyyətə yedirdilən təbliğat horrasının tam bişməsinə xidmət edəcək. Odur ki, bu məhkəmə, xata-baladan uzaq, çox güman ki, baş tutmayacaq, bu dörd vələdu-z-zina isə hansısa siyasi və ya “humanist” bəhanə ilə boşlanacaq.

Bu, mənim təxminimdir, yanılsam, sevinərəm.

Bu təxmini mən hansı ehtimallar üzərində qururam?

Əvvəla, Qarabağ münaqişəsinin kökü 1980-cı illərin ortalarına deyil, daha qədim zamanlara, on doqquzuncu əsrin əvvəllərinə, iyirminci əsrin 20-ci illərinə gedib çıxır. Özü də bu rişələr İkinci cahan müharibəsindən sonra Sov.İKP MK-nın dəhliz və iclaslarına da işləmişdi. Bu qəziyyə ilə bağlı sənədlərin əksəriyyəti hələ də tam məxfi sayılır və onların açılması Rusiyanın xarici siyasətinin biabırçı ifşasına gətirə bilər. İndiki hakimiyyət Putin Rusiyasını açıq ifşa etməkdə, onunla məhrəm münasibətləri korlamaqda maraqlıdırmı?

İkincisi, münaqişənin başlanması qərarı veriləndə, icra məsuliyyəti qoyulmuşdu DTK-nın üzərinə. Bu DTK-da kimlər və hansı məqamlarda işləyirdi, hamıya məlumdur. DTK-nın üzərindən həya niqabı götürülsə, kimin əli kimin cibində idi, bilinəcək. Bu, kimə lazımdır?

Üçüncüsü, birinci Qarabağ savaşı zamanı çox həlləm-qəlləm işlər baş vermişdi, bu zaman Bakı ilə Stepanakert (Xankəndi) arasında məhrəm danışıqlar gedirdi, onların faş olmasında kim maraqlıdır?

Dördüncüsü, 26 il Azərbaycan sülhpərvərləri canlarını qoyurdular ki, münaqişənin qansız-qadasız dinc həllini tapsınlar. Bütün bu cəhdlərin qarşısını RF-nin Federal Təhlükəsizlik Xidməti öz yerli erməni və azəri həmkarları ilə birlikdə məharətlə, qətiyyətlə alırdı. Bu mütəşəkkil əlbir fəaliyyətin gizlinlərinin açılmasında kim maraqlıdır?

Beşincisi, erməni və azərbaycanlı tərəfi hansısa güzəştli sülh variantına yaxınlaşanda yenə həmin FSB RF işə düşürdü və münaqişədən faydalanan müqəddəs üçlük barışın yolunu təxribatlarla kəsirdi. Münaqişənin əbədiləşdirilməsi əməliyyatında Qərbin də öz payı var, və Qərb ilə yaxşı münasibətlərin qədrini bilən hakimiyyət bu Qərbin biabırçı əməllərinin üstünün açılmasına izn verərmi?  Qərbin ikiüzlü mövqeyi heç məhkəmə qurulmamış da cəmi-əhli-Azərbaycana bəllidir, dərinə gedib möhtərəm müsyoların və misterlərin niqabını cırmaq diplomatik qaydalara müğayirdir və bu, kimə lazımdır?

Qarabağ münaqişəsinin kökü 1980-cı illərin ortalarına deyil, daha qədim zamanlara, on doqquzuncu əsrin əvvəllərinə, iyirminci əsrin 20-ci illərinə gedib çıxır. Özü də bu rişələr İkinci cahan müharibəsindən sonra Sov.İKP MK-nın dəhliz və iclaslarına da işləmişdi. Bu qəziyyə ilə bağlı sənədlərin əksəriyyəti hələ də tam məxfi sayılır və onların açılması Rusiyanın xarici siyasətinin biabırçı ifşasına gətirə bilər.

Altıncısı, məhkəmədə bu beynəlxalq fırıldağın gizlinləri açılmağa və siyasi qumarbazların əsl siması görünməyə başlasa, kim zəmanət verə bilər ki, onlar da öz arxiv və digər məlumat mənbələrini açıb, indi hamıya yedirdilən milli vətənpərvərlik şorbasının həqiqi reseptini göstərməyəcəklər?

Odur ki, dünənki möhtərəm ali məqamlı dustaqların al-qolunu qandallamaq, onların başını silahlı mühafizəçilərin əli ilə əyib avam tamaşaçılarda ədalət zəfərinə inam oyatmaq olar, fəqət saysız təhlükələrlə zəngin məhkəmə oyununu sona qədər aparmaq cəsarəti tapılacaqmı sualına mərdü-mərdanə cavab vermək çox çətindir.

Ana səhifəMənim FikrimcəMəhkəmə?