Aktivlərin deklarasiyası

Foto: OCCRP

İctimai rəsmilərdən gəlirləri və aktivləri haqqında tələb olunan deklarasiyalar araşdırmaçı jurnalistlər üçün olduqca dəyərli ola bilər. Sərvət və onun qaynaqları haqqında informasiya korrupsiya hallarının üzə çıxarılmasında da həlledici rol oynamağa qadirdir. 

ABŞ-da aktiv deklarasiyası formasının nümunəsi.

Rəsmi bəyannamələr çox zaman “klassik pulun izi ilə get” hekayəsi üçün başlanğıc nöqtəsi kimi çıxış edir. Lakin deklarasiya haqqında qanunlarda boşluqlar olur və ictimai qeydlər həmişə həqiqəti tam surətdə əks etdirmir. 

Rəsmilər bəzən hər şeyi açıqlamırlar. Buna görə də jurnalistlər onların həqiqi maliyyə imkanlarını və onun mənbələrini üzə çıxarırlar. Tədqiqat maraqlar münaqişəsini aşkar edə bilər. Bu işdə faktları yoxlamaq və dəqiqləşdirmək lazım gəlir. 

Bu bələdçidə GIJN aktiv deklarasiyaları harada aşkar etmək və nəyə diqqət yetirmək haqqında geniş resurs bazası təqdim edir. 

Aktivlərin deklarasiyası haqqında qanunlar kimə aiddir?

Deklarasiya qanunları adətən spesifik ictimai rəsmilərdən maliyyə və biznes maraqlarını bəyan etməyi tələb edir. 

Bu şəxslərə “siyasi cəhətdən ictimai fiqurlar”, ingiliscə “politically exposed persons”- PEP kimi istinad edilir. 

 Maliyyə Aksiyası Missiyasına (FATF) əsasən, PEP “mühüm vəzifəyə etibar edilmiş fərddir”.  PEP dövlət başçısı, mərkəzi bank və ya ali məhkəmə kimi təsisatın şura üzvü və hətta yüksək vəzifəli şəxsin ailə üzvü ola bilər. Onlar həm də məhkəmə hakimləri və ya parlament üzvləri ola bilərlər. Nüfuz sahibi olmaları səbəbindən PEP-lərin pulların yuyulması, rüşvətxorluq və korrupsiya kimi hərəkətlərlə məşğul olması təhlükəsi yüksəkdir. Lakin nəyin və kimin PEP sayılması ölkədən ölkəyə dəyişir. Buna görə də, jurnalistlər mütləq işlədikləri hər bir qanun mühitində tətbiq olunan hüquqi tərifləri anlamalıdırlar. 

Foto: Skrinşot

“OpenSanctions” pulsuz və tam axtarış apara bilən və müntəzəm olaraq yenilənən PEP siyahısı təqdim edir. Bu məlumat bazasında 190 mindən çox siyasətçinin, 28 min onlara yaxın adamın, terrorizmlə bağlı 120 şəxsin və “casus” kimi göstərilən 5 fərdin adları var. “Wikidata”da PEP-lərin profilləri daha bir məlumat mənbəyidir. Bu mənbə dünyanın hər yerində şəxsin nüfuzlu vəzifədə işləyən kimi göstərildiyi siyahıları izləyir.  “Forbes” dərgisinin 2023 il rusiyalı milyarderlərin siyahısı (rus dilində) daha bir yararlı mənbədir. 

PEPChecker də bir milyondan çox siyasi cəhətdən ictimai fiqurun 240-dan çox ölkə və ərazidəki siyahısını tərtib edir. İstifadəçilər burada pulsuz olaraq məhdud sayda axtarış apara bilərlər. “OpenSanctions” kimi, PEPChecker də müvafiq qurumların rəsmi siyahılarında göstərilən sanksiyaları da məlumat bazasına daxil edir. PEPChecker-də axtarış fərdin adı ilə aparılır. 

Deklarasiyada nə göstərilməlidir?

Beynəlxalq razılıqlara görə, ölkələr aktivlərin deklarasiyalarını tələb etməlidirlər. 

 Dünya Bankının 2017-ci il hesabatına əsasən, 160-dan çox ölkədə maliyyə deklarasiyası sistemləri mövcud idi. Lakin o vaxtdan bəri Dünya Bankı deklarasiya sistemləri məlumat bazasının işini dayandırıb və hazırda tam siyahı mövcud deyil. 

Ölkələrin qanunları deklarasiyaların detalları və hansı fasilə ilə təqdim edilməsi baxımından bir-birindən çox fərqlənir.  Bundan başqa, bu qanuna əməl edilməsinə nəzarətin olub-olmaması da vacibdir. Buna görə aydındır ki, əvvəlcə ayrı-ayrı deklarasiya qanunlarının nüanslarını öyrənmək lazımdır. 

Böyük Britaniyada siyasətçilər gəlir deklarasiyalarına işlədikləri yerləri və qazancları, hədiyyələri, qonaq olan zaman onlara göstərilən xidmətləri, sahib olduqları torpaq və əmlakı, ailə üzvlərini işə götürüb parlamentin onlara ayırdığı büdcədən onlara əmək haqqı verməsi barədə məlumatları və şirkətlərdə səhmləri haqqında informasiyanı daxil edirlər.  

Gürcüstanda  deklarasiyada daşınmaz əmlak, avtomobillər, gəlir, fərdin ölkə daxilində və xaricində banklarda və kredit institutlarında saxladığı maliyyə sərvəti göstərilməlidir. 

Lakin  deklarasiya haqqında qanun çox nadir hallarda bütün boşluqları bağlaya bilir və bir çox ölkələrdə anomaliyalar mövcuddur. 

Məsələn, Cənub-şərqi Avropanın İnkişaf və Düzgünlük uğrunda Rəhbərlik təşkilatının doqquz ölkədə apardığı müqayisəli təhlilinə əsasən,  bu regionda yaxın ailə üzvündən verilən hədiyyəni açıqlamaq tələb olunmur.  Macarıstanda fərdlərdən alınan borclar bəyan edilməyə bilər. Şimali Makedoniyada PEP vəzifəsini tərk edən kimi aktivləri barədə deklarasiya verməyə borclu deyil.  

Aktivləri başqalarının adına keçirmək və ya onların adına almaq yoxlamadan yayınmağın klassik yollarıdır. Bu açıqlama qanunlarında çoxlu boşluqlar  olduğundan jurnalistlər onların zəifliklərini üzə çıxarmaq imkanı əldə edirlər. 

Qeyd: Seçki kampaniyalarına verilən kontribusiyaların açıqlanması başqa cür idarə olunur və onlara dair ayrı məlumat bazaları var. Lakin belə pul payları təbii ki, siyasətçilərin hərəkətlərini və əlaqələrini araşdırarkən potensial maraq doğurmalıdır. 

Aktiv Deklarasiylarının Milli Məlumat Bazalarını Harada Tapmalı

Aktiv deklarasiyaları rejiminin mövcudluğunu və harada yerləşdiyini tapmaq üçün milli səviyyədə ilkin təhqiqat aparmaq lazımdır. Mülki cəmiyyət qurumları resursları tapmaqda yardımçı ola bilər. 

Amma milli aktiv deklarasiyaları məlumat bazalarını hökumət saytlarından tapmaq asan olmaya bilər. 

Hökumət saytında “aktivlərin deklarasiyası” yazıb axtarmaqla heç də həmişə lazımi nəticə əldə etmək olmur. Lakin əgər Google-da “[PEP-in adı və ölkəsi] aktivlərin deklarasiyası (ingiliscə, assets disclosures)” yazıb axtarsanız, sizə kömək edə bilən nəticələri tapa bilərsiniz.  Bu sadəcə milli bir qəzetdə həmin ölkənin aktivlərin deklarasiyası məlumat bazasının yerinin adı çəkildiyi bir məqalə də ola bilər.  

“Deklarasiya” qanunları qəbul edilmiş olsalar belə, orada olanlar heç də ictimaiyyətə açıq olmaya bilər. Bu məlumatları əldə etmək üçün rəsmi müraciət və hətta məhkəmə iddiası lazım ola bilər. 

Şri Lankada Transparency International qrupunun yerli bölməsi (TI-SL) ictimaiyyət nümayəndələrinə hər hansı millət vəkilinin aktiv deklarasiyasını pul ödəməklə baxmaq icazəsi verən, lakin bu informasiyanı yaymağı qadağan edən  məxfilik şərtlərinə qarşı məhkəmə iddiası qaldırdı. 2017-ci ildə qəbul edilmiş yeni “İnformasiya almaq hüququ” qanunları və uzun müddət davam etmiş apelyasiya prosesindən sonra baş nazirə aktivləri barədə deklarasiyasını ictimailəşdirmək əmr edildi. Bundan sonra 10 millət vəkili də öz deklarasiyalarını TI-SL-ə ictimailəşdirilmək üçün təqdim etdilər. 

Sanksiya siyahıları da şirkətlər və fərdlər arasındakı əlaqələr haqqında detalları müəyyən etmək üçün faydalı alətlər ola bilər. Məsələn, ABŞ təkcə qurumun özünə qarşı yox, onun səhmlərinin əksəriyyətinə sahib olduğu və ya nəzarət etdiyi bütün şirkətlərə qarşı sanksiyalar tətbiq edir. Aktivlər sanksiyalar siyahısında adətən göstərilmir, lakin çox zaman mürəkkəb əlaqəli maraqlardan agah olan jurnalistlər aktivlərin harada olduqlarını daha yaxşı anlaya bilərlər. 

Belə informasiyanı çoxsaylı mənbələrdən əldə etmək olar. Bunlardan OpenSanctionsAvropa İttifaqının Publikasiyalar İdarəsiABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsiMüharibə və Sanksiyalar -ın adlarını göstərmək olar.  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası da sanksiyalar altında olan şəxslərin, qurumların və qrupların siyahısını dərc edir. 

Jurnalistlər və özəl şirkətlər məlumat bazaları yaradırlar

Bəzən jurnalistlər internetdə yerləşdirmək və bəzən ictimaiyyətdən aldıqları informasiyanı da daxil etməklə rəsmi aktivlərin deklarasiyası üzrə məlumat bazalarını zənginləşdirə bilmişdirlər. Lakin bu asan iş deyildir və hazırda belə səylər köhnəlmiş hesab edilir. 

Serbiyada GIJN üzvü olan KRIK   jurnalistika şəbəkəsi cinayət və korrupsiya hallarını araşdırır. KRIK 2016-cı ilin dekabrında serb siyasətçilərinin əmlakının siyahısı göstərilən məlumat bazası dərc etməyə başladı. Bu haqda GIJN tərəfindən dərc edilmiş  məqalədə  bəhs edilir. KRIK rəsmi məlumata əlavələr edir. Məsələn, daşınmaz əmlak ekspertlərindən istifadə edərək əmlakın real qiymətini dəqiqləşdirir. 

 Sarayevodakı Araşdırmaçı Jurnalistika Mərkəzinin (CIN) müxbirləri Bosniya-Herseqovinanın 120 siyasətçisi haqqında 2100-dən çox sənəd toplamışdırlar. Buraya aktivlərin deklarasiyaları, torpaq sahələri barədə məlumatlar, siyasətçilərə məxsus şirkətlərin qeydiyyat sənədləri, onlara qarşı ittihamlar və məhkəmə hökmləri və başqa rəsmi sənədlər daxildir. 

Argentinada vətəndaşlara  800 ən vəzifəli məmurun aktiv deklarasiyalarının sadələşdirilmiş versiyasını təqdim edən internet məlumat bazasına baxmaq imkanı yaradılmışdı, amma artıq bu məlumatların çoxu köhnəlib. 

Bu yaxınlarda “Tortoise Media” və “Sky News” ilk dəfə britaniyalı siyasətçilərin ikinci iş yeri, aldıqları hədiyyələri və başqa ianələri görməyi mümkün edən ətraflı axtarış aparmağa  imkan verən ilk məlumat bazasını yaratmışdırlar. Bu baza  “Westminster Accounts” adı ilə tanınır. Britaniyada maliyyə açıqlamalarının xarakteri səbəbindən, buna qədər hər hansı millət vəkili haqqında informasiya toplamaq üçün müxtəlif çoxsaylı məlumat bazalarında axtarışlar aparmaq lazım gəlirdi. Bu isə ictimai nəzarətə həmin deputata gələn maliyyə axınını üzə çıxarmağı çətinləşdirirdi. 

Foto: Skrinşot

PEP-lər haqqında özəl informasiya mənbələri də mövcuddur. Lakin onlardan əsasən maliyyə təsisatları istifadə edir. Bir sıra kommersiya məzmunlu məsələlərdə maliyyə vəziyyətinin araşdırılması qanun tərəfindən tələb olunan lazımi araşdırma prosesinin həlledici hissəsidir. Özəl müstəntiqlər kredit hesabatları və avtomobil qeydiyyatı sənədləri kimi jurnalistlərə təqdim edilməyən müəyyən materialları əldə edə bilərlər. 

Lakin mülkiyyət haqqında informasiyanın saxlanıldığı belə məlumat bazalarına giriş çox bahalıdır. 

Deklarasiyaların təftişi və aktivlərin aşkarlanmasına yaradıcı yanaşma

Aktivlərin bəyan edilməsinin həqiqətə nə dərəcədə uyğun olduğunun yoxlanılması istənilən araşdırma üçün başlanğıc nöqtəsidir. 

İlk addım kimi yoxlanıla bilən faktları müəyyən etməkdir, məsələn, daşınmaz əmlakın və ya səhmlərin iddia edilən dəyərlərinin dəqiqləşdirilməsi. Sadə yoxlama apararkən, ziddiyyətli olsa da, ailə üzvlərinin aktivlərinə də nəzər salınmasına bəraət qazandırmaq olar. Başqasının adına alınan aktivlər onların gizlədilməsinin klassik üsuludur.   

Daşınmaz əmlak haqqında rəsmi qeydlər xüsusilə dəyərli ola bilər. Onlarda satış qiymətləri və əmlakın qiymətinin rəsmi surətdə müəyyən edilməsi haqqında informasiya ola bilər (GIJN-nin Əmlak Bələdçisinə baxın). Həmçinin siz əmlakda aparılmış təmir işləri üçün verilən icazələrə də nəzər salmalısınız. İctimaiyyət üçün açıq olan müxtəlif növ rəsmi sənədlərdə əlavə informasiya saxlanıla bilər. 

Daşınmaz əmlak kimi aktivlərin xaricdə gizlədilməsi mümkünlüyü ciddi çətinlik yaradır. Lakin yenə də ictimai məlumat bazalarından istifadə etmək olar. Başqa bir siqnal kimi, bəyan edilmiş gəlir və aktivlərin üzdə olan lüks həyat tərzinə uyğun gəlməməsidir. Sosial mediada araşdırdığınız şəxsin səyahət, aldığı əşyalar, qol saatı kimi aksessuarlarını izləməklə ipucu əldə etmək, onun istirahət zamanı çəkilmiş şəkillərində indiyə kimi görünməmiş avtomobillərini, daşınmaz əmlakını, qayıqlarını, özəl təyyarələrini, incəsənət əsərlərini, qol saatlarını və hətta   atlarını aşkar etmək olar (GIJN-nin  təyyarələrin izlənilməsigəmilərin izlənilməsi haqda bələdçilərini oxuyun).

Məhkəmə işlərinin, məsələn, boşanma prosesilərinin öyrənilməsi aktivlər haqqında informasiya almağın daha bir faydalı yoludur. Bundan başqa, digər rəsmi məlumat bazalarından da yararlanmaq olar. Məsələn, kənd təsərrüfatı subsidiyaları alan şəxslərin siyahısından. 

PEP olmazdan əvvəl rəsminin harada işləməsi də müəyyən kontekst və ipucları verə bilər. Fərdin hansı biznesə sahib və ya şərik olduğunu yoxlayın. Lakin birləşmiş şirkətlər və ya saxta şirkətlərin mövcudluğu bunu xüsusilə çətinləşdirə bilər (GIJN-in  Korporasiyalar və Onların Sahiblərinin Araşdırılması bələçisini oxuyun).

Mənbələr

OpenCorporates” korporativ sahibkarlıq haqqında mühüm məlumat bazasıdır. 

OpenScreening” isə “OpenSanctions”, “Linkurious”, və “Open Ownership” arasında əməkdaşlıq platformasıdır. O, sahiblər, siyasətçilər, sanksiya hədəfləri və şirkətlər şəbəkəsi arasında gizli münasibətləri üzə çıxarmağa kömək edən ictimaiyyət üçün açıq milyonlarla məlumatlardan istifadə etmək imkanı verir. 

 “Offshore Leaks Database” Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsortsiumu (ICİJ) tərəfindən yaradılmışdır. Bu məlumat bazasında  “Pandora Papers”, “Paradise Papers”, “Bahamas Leaks”,”Panama Papers” və “Offshore Leaks” araşdırmalarından ofşor şirkətlər, fondlar və trastlar barədə 810 mindən çox maddə vardır. Məlumat bazasından istifadə üçün 3 hissədən ibarət təlimat məkan,  şəbəkələr və metadata üzrə axtarış aparılmasını və şirkətlərin necə  təhqiqat edilməsini  izah edir. Məsələn, burada Çexiyanın sabiq baş nazirinin ofşor şirkətlərdən istifadə etməklə əmlak almasının  necə aşkar edildiyi təsvir edilib. 

Aleph Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Layihəsinin (OCCRP) tərtib etdiyi qlobal pulun-izi-ilə-get məlumat arxividir. 

Və nəhayət, sadə, kandar jurnalistikası da çox zaman yaxşı nəticələr verə bilər. PEP-in dostları, həmkarları və tənqidçiləri ilə söhbət etməyə dəyər.