''Zorakılığa məruz qalanlar çox vaxt dövlət qurumlarına müraciət etmir''

Zorakılıq, arxiv foto

Zorakılıq, arxiv foto

Mehriban Zeynalova: “İnsanların harasa ünvanlı müraciəti üçün imkanların təbliği yoxdur”

“Gender və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu maarifləndirici tədbirlərdən başqa cəza tədbirləri də görür”.

“Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin böyük məsləhətçisi Tural Hüseynzadə belə deyib.

O, ölkənin hər bir rayonunda (həm də paytaxtın rayonlarında) gender və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun fəaliyyət göstərdiyini söyləyir:

“Ancaq zorakılığa məruz qalan şəxslər çox vaxt dövlət qurumlarına müraciət etmirlər. Belə ailələr aşkarlananda münaqişəli ailə kimi qeydiyyata alınır və hər ay həmin ailənin vəziyyəti yoxlanılır, hesabatı yazılır. Təkcə 2016-cı il ərzində ölkə üzrə 4114 münaqişəli ailə qeydiyyata götürülüb”.

''Təmiz Dünya'' Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova

''Təmiz Dünya'' Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, onda olan məlumata görə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciətlər elə də az deyil:

“Ancaq bir çox zərərçəkmişin komitəyə müraciət etməmə istəyi ola bilər. Ehtimal edirəm ki, buna səbəb, ilk növbədə, ölkədə hələ də 3 rəqəmli qaynar xəttin mövcud olmamasıdır. İkinci məsələ, TV-lər problemlə bağlı məlumatlandırıcı sosial çarxlar göstərmir və insanların harasa ünvanlı müraciəti üçün imkanların təbliği yoxdur. Məsələn, 102 xidməti yaxşı təbliğ edildiyindən ora müraciətlər kifayət qədərdir. 102 xidməti də dövlət qurumudur və orda statistikaya baxsaq görərik ki, müraciətlərin əksəriyyəti məişət zorakılığı ilə bağlıdır. Görünür, digər məsələdə koordinasiya yoxdur. Olsa idi, zərərçəkmişlərin müraciətlərinin real vəziyyətini görmək olardı”.

Mehriban Zeynalova deyir ki, həm də məişət zorakılığı və buna bənzər sosial problemlərdən əziyyət çəkən xanımların stereotiplərdən asılı olması da müraciətlərinin qarşısını alır:

“Dövlət qurumuna müraciətdə əngəllərdən biri də anonimliklə bağlı ola bilər. Odur ki, hər hansı təbliğat işi aparılarkən mütləq şəkildə məxfilik məsələsi mesaj kimi verilməlidir. İnsan alveri ilə mübarizədə bu məqam xüsusi diqqət mərkəzində saxlanıldığından problemlə bağlı dövlət qurumuna müraciətlər hazırda daha çoxdur”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/b3q7z4

Ən çox baxılan