Zənginlərin pulu necə sayılmalı?

Azərbaycanın rəsmi statistikası milli sərvətin uçotunu aparmır

Source:


Azərbaycanın rəsmi statistikası milli sərvətin uçotunu aparmır

Böyük neft pullarının Azərbaycana gətirdiyi siyasi bəlalar çox üzdədi, onları qiymətləndirmək asandı: seçki sisteminin, azad medianın və sivil toplumun sıradan çıxarılması, uzunömürlü hakimiyyətə təminat verən konstituson mexanizmlərin formalaşdırılması məhz nəhəng resurs gəlirlərinin şəffaf (həmiçinin effektiv) istifadə edilməməsinin nəticəsidi.

Asan anlaşılsın deyə iqtisadi fəsadları qısaca olaraq azad biznesin oliqarxiya kapitalı qarşısında tam çökdürülməsi kimi də təsvir etmək olar. Amma bu təsvir renta idarəçilyinin cəmiyyətimizin hazırkı sosial struktunun formalaşmasına, ölkənin iqtisadi perspektivlərinə hansı dağıdıcı zərbələri vurduğunu aydınlatmaq üçün yetərli deyil.

Əlimizdə 2005-2015-ci illərdə ölkədə formalaşan milli sərvətin dəyəri, bu sərvətlərin əhalinin müxtəlif gəlirlilik qrupları arasında necə bölüşdürülməsi, toplanan sərvətin müxtəlif qruplara gətirdiyi gəlirliliyin səviyyəsi barədə statistik məlumatlar olsa idi, havayı neft pullarının ölkəmizə gətirdiyi sosial-iqtisadi bəlaların real miqyasını hər kəs daha aydın görə bilərdi.

Reallıq isə belədir: Azərbaycanın rəsmi statistikası milli sərvətin uçotunu aparmır, əhalinin müxtəlif gəlirlilik qrupları üzrə sərvət paylaşımını statistik olaraq müayinə etmir. Bizim rəsmi statistika əhalinin sosial qeyri-bərabərliyini yalnız gəlirlər əsasında təqdim edir. Bu statistikanın nə qədər etibarlı olduğunu müəyyən etmək üçün rəqəmlərə diqqət edin: ölkədə ən yoxsul 20 faiz əhalinin adambaşına gəliri ən zəngin 20 faiz əhalinin gəlirindən cəmi 2.2 dəfə azdı. Yəni, bu statistikaya görə, yoxsul əhali ayda adambaşına 180 manat, varlı insanlar 400 manat qazana bilir.

Təsəvvür edin ki, ölkədə bir tərəfdə sərvətinin dəyəri milyardlarla ölçülən onlarla, milyonlarla ölçülən yüzlərlə ailə təsərrüfatı var, o biri tərəfdə gündəlik çörək pulu uğrunda mübarizə aparan on minlərlə ailə var. Aşağı və yuxarı əhali qruplarının sərvətlərinin dəyəri arasında fərqin 100 dəfələrlə ölçüldüyü ölkədə gəlir bərabərsizliyinin cəmi 2 dəfə olmasına inanmamaq üçün mütəxəssis olmağa belə ehtiyac yoxdu. Əgər qonşunuzun 300-400 min dollarlıq mənzil fondu, 100-150 min dollar dəyərində avtomobil parkı, bankda 200-250 min dollar əmanəti varsa, siz isə sadəcə 60-70 min dollarlıq mənzilə sahibsinizsə, statistikanın “yoxsulların və zənginlərin gəlirləri arasında fərq 2 dəfə təşkil edir” hesabatına heç bir mütəxəssis rəyi oxumadan belə əlinizi yelləyib güləcəksiniz. Statistikanın yazdıqlarına deyil, öz gördüklərinizə inanmaqda haqlısınız. Ən azı üzdə olan məlumatlarla bu qonşunuzla sizin sərvətin dəyəri arasında fərq 10 dəfədən çoxdu. Sərvət isə insanların gəlirlərindən formalaşır. Əgər zəngin qonşunuzdan 10 dəfə az qazanırsınızsa, zamanla sahib olacağınız sərvətlərin dəyəri də buna uyğun formalaşacaq.

Mövzu əslində gəlir bərabərliyi yox, sərvət yığımındakı qeyri-bərabərlikdi: Azərbaycanda sərvətlərin bölgüsündə bərabərsizliyin real miqyasını təsəvvür etmək üçün hansı hipotezalardan, informasiyalardan çıxış etmək olar? Ümumiyyətlə, milli sərvətin özəl sektora (ev təsərrüfatları və biznes) aid olan hissəsinin ehtimal olunan real dəyəri nə qədər ola bilər?

Məlumat üçün deyim ki, hazırda hətta inkişaf etmiş ölkələrdə də sərvət bölgüsündə bərabərsizlik qalmaqdadır. Məsələn, məşhur fransız iqtidaçı Tomas Pikketinin məlumatına görə, hazırda Fransada milli sərvətin 60 faizi ən zəngin 10 faiz əhali qrupunun əlində cəmlənir, ən yoxsul 50 faiz sərvətlərin 4 faizinə, 40 faiz orta təbəqə isə sərvətlərin 36 faizinə sahibdir. Göründüyü kimi, inkişaf etmiş ölkələrin əsas özəlliyi orta təbəqənin sərvətdə ciddi bir paya malik olmasıdı. Halbuki 100 il əvvəl sərvətlərin 95 faizə qədəri zəngin 10 faiz əhali kəsiminə mənsub idi. Son 100 ildə ən ciddi irəliləyiş orta təbəqənin yaranması və zəngin 10 faizdən əhəmiyyətli pay qoparması olub. Ən yoxsul 50 faizin payında isə heç bir dəyişikliyin baş verməməsi ciddi problem olaraq qalırıq. Amma əlbəttə ki, ötən 100 ildə inkişaf etmiş ölkələrdə sərvətin dəyəri on dəfələrlə artdığı üçün kasıb 50 faizin adambaşına düşən sərvətin dəyəri yoxsul ölkələrin eyni qrupuna aid göstəricidən əhəmiyyətli dərəcədə çoxdur.

Azərbaycan üçün belə bir statistikanın mövcudluğu bizə yuxu kimi görünür. Normalda ölkənin vergi sisteminin və daşınmaz əmlak üzrə reyestrin məlumatları həm biznes, həm də qeyri-biznes təyinatlı daşınmaz əmlakın (bina və tikililər, həmçinin torpaq) dəyəri haqda real məlumatları əldə etməyə imkan verməlidi. Amma bir şərtlə ki, bütün daşınmaz əmlakın bazar dəyəri müəyyən edilmiş olsun. Çox təəssüf ki, Azərbaycanda əmlakın bazar dəyərini müəyyən edən mexanizmlər tətbiq edilmir: yaşayış fondu (həm torpaq, həm də tikililər) sahə ölçüsünə görə, qeyri-yaşayışı təyinatlı əsas fondlar (həmçinin binalar) qalıq dəyəri əsasında müəyyən edilir. Məsələn, bir nəfərin Bakı şəhərində real bazar dəyəri 200-250 min manat olan (sahəsi 300 kvadratmetr) mənzili, real bazar dəyəri 500-600 min manat olan, amma 10 illik istismar müddətindən sonra hazırkı orta illik qalıq dəyəri 150 min manat olan biznes obyekti var. Bu şəxs real bazar dəyəri 700-800 min manat olan mülkiyyətinə görə ildə cəmi 1620 manat əmlak vergisi ödəyəcək (mənzilin hər kavdratmetri üçün 0.4 manat+kommersiya obyektinin orta illik qalıq dəyərinin 1 faizi). Halbuki hazırda dünyada əmlak vergisinin dərəcəsi əmlakın təyinatından asılı olaraq onun bazar dəyərinin 0.5-1 faiz intervalında dəyişir. Azərbaycanda 0.5 faizlik orta vergi dərəcəsi tətbiq edilsə, 700 min manat real bazar dəyəri olan mülkə görə 3500 manat əmlak vergisi tutulmalıdır. Bir sözlə, əmlakın bazar dəyəri ilə vergiyə cəlb edilməməsindən 2 zərbə alırıq: 1) ən  azından əmlak vergisindən büdcə 2.5 dəfə itirir; 2) daşınmaz əmlak formasında milli sərvətin real dəyəri ilə bağlı statistik məlumat bazası formalaşdırmaq mümkün olmur.

Bəs Azərbaycanda mənzil fondunun real bazar dəyəri nə qədər ola bilər? Hansı ipucuna əl atsan, yazacaqlarımız və hesablamalarımız çox subyektiv olacaq. Hazırda ölkədə təxminən 2 milyon mənzil var ki, onun təxminən 25 faizi son 20 ildə (1995-2015-ci illər) tikilib. Rəsmi statistikaya görə, ümumilikdə həmin mənzillərə təxminən 15 milyard dollar sərmayə qoyulub. Mənzilin real bazar dəyəri onun investisiya qoyuluşu əsasında hesablanan istismar dəyərindən orta hesabla 2-2.5 dəfə çox olduğunu nəzərə alsaq, təkcə müstəqillik dövründə yaranan mənzil fondunun dəyərinin 30-35 milyard dollardan az olmadığı real görünür. Mənzillərin yerdə qalan 75 faizinin sovetlər dönəmində tikilən köhnə, xeyli hissəsinin də istismar müddəti keçmiş mənzillər olduğunu nəzərə alsaq, sahəcə 3 dəfə çox olmasına rəğmən ən yaxşı halda yeni yaradılmış mənzil fondu qədər dəyərə malik ola bilər. Əgər bu kobud hesablamanın riyazi dəqiqliyi heç olmazsa 70-80% olsa, onda milli sərvətin tərkib hissəsi olan mənzil fondunun dəyərinin 65-70 milyard manat olduğunu iddia etmək mümkündür.

Bəs bisnes əsaslı mülkiyyətin real dəyərini necə hesablamaq mümkündür? “21-ci əsrdə Kapital” əsərinin müəllifi Piketti təklif edir ki, əgər hansısa ölkədə vergi üzrə məlumatlar milli sərvətin bu hissəsinin dəyərini müəyyən etməyə imkan vermirsə, o halda özəl sərmayələrin dəyərini əsas məlumat bazası kimi istifadə edə bilərsiniz. Məsələn, bank-sığorta sektoru üzrə sərvətin dəyərini hesablamaq mümkündür, çünki pis-yaxşı ortada hesabatlar var. Məsələn, bank-sığorta şirkətlərində dövlət payını nəzərə almasaq, özəl şəxslərə məxsus aktivlərin dəyəri 3.5 milyard manata yaxındı. Bu dəyərə sahiblərin səhm və daşınmaz əmlak, nağd pul formasında bütün aktivlər daxildir.

Özəl sektora məxsus qida və içki sektorunda, emal sənayesində, turizm və restoran biznesində, ticarət və nəqliyyat xidməti sektorunda, kənd təsərrüfatında son 20 ildə 25 milyard dollara yaxın əsas fondlar yaranıb. Biznes obyektlərinin də real bazar dəyərinin onların investisiya qoyuluşu əsasında hesablanan istismar dəyərindən orta hesabla 2-3 dəfə çox olduğunu nəzərə alsaq, əsas biznes sektorları üzrə maddi aktivlərin real bazar dəyərinin 50 milyard dollardan az olmadığını ehtimal etmək mümkündür.

Avtomobil parkının dəyərini də bura daxil etmək lazımdı, son 2005-2015-ci illərdə ölkənin avtomobil parkı 2 dəfədən çox genişlənib. Minik avtomobillərinin sayı 550 min ədədə yaxın artıb ki, bunun təxminən 450 min ədədi MDB istehsalı olmayan xarici maşınlardır. Öz növbəsində ən azı 60-70 min ədəd dəyəri 30-40 min dollardan 200-250 min dollaradək olan bahalı maşınlar ölkəyə daxil olub.

Yerdə qalır maliyyə aktivləri. Ölkə daxilində fond bazarı olmadığından qiymətli kağızlar formasında maliyyə aktivlərinin dəyəri haqda da danışmağın yeri yoxdu. Azərbaycanda maliyyə aktivlərinin əsas forması banklarda saxlanan depozitlərdir – həm ev təsərrüfatlarının əmanətləri, həm də korporativ depozitlərdir. Depozitlərin ümumi həcmi 15 milyard dollardır.

Göründüyü kimi, yalnız ölkə daxilində özəl biznesə və ev təsərrüfatlarına məxsus maliyyə və qeyri-maliyyə aktivlərinin təxmini dəyəri 125-130 milyard dollardan az deyil. Lakin bura yalnız Azərbaycan vətəndaşlarının ölkə daxilindəki aktivlərinin dəyəri daxildir, xaricdə bisnes məqsədilə daşınmza əmlak və qiymətli kağızlara yatırımların, banklarda və investisiya fondlarında saxlanan vəsaitlərin real miqyası barədə məlumat əldə etmək, hətta təxminlər etmək mümkün deyil.

Hazırda dünyanın ayrı-ayrı ölkələrində mill sərvətin məcmu dəyəri ölkənin birillik mill gəlirinin 4-7 misli arasında dəyişir. Məsələn, Azərbaycanda hazırda rəsmi statistikaya görə, milli gəlirin illik həcmi 35 milyard dollar ətrafındadı, “kölgə iqtisadiyyatı”nın 40-45 faiz təşkil etməsi ilə bağlı müxtəlif hesablamarı nəzərə alsaq, təxminən 50 miyard dollardı. Dünyada mövcud olan bu standartdan çıxış etsək, Azərbaycanda milli sərvətin real dəyəri 250-300 milyard dollar ətrafındadı. Dövlətə məxsus müəssisələrin mülkiyyətinin, təbii resurslarının və maliyyə aktivlərinin dəyəri nəzərə alınmazsa, bu sərvətin yerdə qalan hissəsi özəl sektora və ev təsərrüfatlarına məxsusdur.

Milli sərvətin real dəyəri haqda təxmini də olsa müəyyən təsəvvür varsa, qarşıya növbəti sual çıxır: milli sərvət (təbii ki, özəl sektora məxsus olan hissəsi) əhalinin müxtəlif qrupları arasında necə paylaşıb? Məsələn, əhalinin ən yoxsul 10 faizi, 20 faizi, 50 faizinə və ən zəngin 1 faizinə, 10 faizinə, bu iki sinfin ortasında yerləşən 40 faizinə düşən sərvətin dəyəri nə qədərdir?

Rəsmi statistika, vergi və əmlakın reyestr sistemi ilə birlikdə milli sərvətin real dəyərini, sərvət bölgüsünün miqyasını  müəyyən etməkdə siyasi baxımdan maraqlı deyil. Çünki özəl sektora məxsus milli sərvətin real dəyəri məlum olsa, insanlar özlərinin və başqalarının real sahib olduqları haqda daha aydın bilgiyə və müqayisə imkanına malik olacaqlar. 2005-ci ildə qanunun qəbuluna rəğmən hələ də vəzifəli şəxslərin maliyyə və qeyri-maliyyə formasında mülkiyyəti, həmçinin gəlirləri barəsində bəyannamə təqdim etməsindən yayınmasının əsas səbəblərindən biri də budur: onların hətta gəlir və əmlakının əsas hissəsini gizlədib az qismini leqallaşdırması belə xatalıdı. İxtiyari varlı bir məmurun sahib olduğu 1 mənzil və 1 maşının dəyərinin belə onların rəsmi qazancları müqabilində çox baha olması ortaya çıxacaq.

Milli sərvətin də real dəyəri aydınlaşsa, məlum olacaq ki, rəsmi gəlirlər hesabına biznes və ayrı-ayrı şəxslər indiki qədər sərvətə malik ola bilməzlər, yaxud sərvətin indiki dəyəri müqabilində biznesin qazanclarına, ev təsərrüfatlarının sahib olduqları mülklərinin dəyərinə görə ödədikləri vergiləri qəpik dəyərindədi.

Bəs səvət bölgüsünün real ölçülərini təxmini də olsa hansı göstəriclər, informasiyalar və ya meyarlar əsasında təsəvvür etmək olar? Burda 2 yanaşma ola bilər: 1) sadə-populyar yanaşma; 2) sərvət haqda bəzi rəsmi statistik məlumatlar əsasında peşəkar yanaşma.

Sadə populyar yanaşma budur ki, hər kəs tanıdığı ən zəngin qohumunun, dostunun, tanışının sahib olduqları ilə özünün malik olduqları arasında fərqə baxır. Məsələn, tanıdığınız və içərilərində varlı dövlət məmurunun, iş adamını olduğu insanların gözlə görünən sərvətinin (mənzil, avtomobil, biznes obyekti və s.) dəyəri ilə özünüzün sahib olduğunuz oxşar mülklərin dəyərini müqayisə edirsən, nəticə real vəziyyəti təsəvvür etməyə imkan verəcək.

Əlçatan statistik məlumatlar əsasında sərvət bölgüsünü təyin etmək üçün peşəkar yanaşma necə ola bilər? Banklarda olan depozitlərin konsentrasiyası, banklardan götürülən kreditlərin konsentrasiyası, ölkənin maşın parkında zəngin insanların maddi imkanlarına uyğun avtomobillərin xüsusi çəkisi, milli gəlirin əmək və sərmayə gəlirləri arasında bölgüsü əsasında sərvətin konsentrasiya səviyyəsi ilə bağlı hipotetik rəqəm söyləmək olar.

Məsələn, 2015-ci ilin yekunlarına görə, bank sekoru üzrə kreditlərin 41 faizinə sahib olan 3 nəhəng bank (“KapitalBank”, Beynəlxalq Bank və “XalqBank”) üzrə kredit konsentrasiyası 60 faizdən çoxdur. Bu 3 bankın ayırdığı təqribən 8 milyard manat kreditin 5 milyard manatı və ya 63 faizi 53 borcgötürənə çatıb. Ölkədə ev təsərrüfatı və biznes strukturları qismində potensial olaraq kreditə iddia edə biləcək 2.5 milyona yaxın subyekt var, amma banklardan götürülən kredit resurslarının 60 faizdən çoxuna bütün subyektlətin hətta 0.1 faizdən az hissəsi sərəncam verir.

Təəssüf ki, depozit konsentrasiyası haqda banklarda məlumat olmur. Amma bugünlərdə bir bankdan aldığım məlumata görə, 2015-ci ildə bankda olan 1.2 milyard manata yaxın müştəri hesabının təxminən 80 faiz cəmi 13 müştəriyə məxsus olub. Əslində kreditlərin və depozitlərin çox kiçik qrupun (ev təsərrüfatlarının və biznes subyektlərinin 0.1 faizdən də az hissəsinin) əlində cəmlənməsi sərvətlərin təmərküzləşməsi ilə bağlı hipotetik ideyalar üçün 2-3 göstəricidən biridir.

Yaxud sayı milyonu ötən minik avtomobili parkında bütün ailə təsərrüftlarının ən yaxşı halda 5 faizinin sayına uyğun (maksimum 100 min ailə) yüksək dəyərə (təxminən 30-40 min dollardan çox) və zəngin ailələrin maddi imkanlarına uyğun bahalı avtomobil parkı mövcuddur.

Əslində dünyada sərvət təmərküzələşməsi hesablanarkən ən zəngin 10 faiz əhali qrupu götürülür.  Bizdə bu təxminən 200 min ailə edir – Azərbaycanda bu sayda zəngin ailənin olduğu qətiyyən real görünmür. Real fəaliyyət göstərən və böyük dövriyyəyə malik biznes obyektlərinin sayını, böyük qazanca sahib məmur heyətinin sayını təsəvvür etməyə çalışanda, bu rəqəm 50-100 min intervalında ola bilər – yəni ailə təsərrüfatlarının maksimum 5 faizi. Yuxarıda həm kreditlərin təmərküzələşmə səviyyəsi, həm bahalı avtomobil parkının miqyası da zəngin 5 faizlik top ailə haqqında fikir yürütməyə imkan verir.

Yeri gəlmişkən, ötən il Dünya Bankı Azərbaycanda əhalini gəlirliliyə görə, bu cür təsnif etmişdi: 5 faiz yoxsul, 66 faiz yoxsulluqdan çıxsa da, orta sinfə daxil ola bilməyən həssas əhali qrupu, 29 faiz orta təbəqə.

Milli gəlirdən kapitalın və muzdlu işçilərin aldlğı pay da sərvət qeyri-bərabərliyini qiymətləndirmək üçün mühüm indikatordu.



http://rovsanaghayev.blogspot.com/2016/06/srvt-qeyri-brabrliyi-znginlrin-pulunu.html

Ana səhifəAnalitikaZənginlərin pulu necə sayılmalı?