”Yığıncaqlar ancaq məsciddə keçirilməlidir”

Pənah Hüseyn: ”Yeni qadağalar tətbiq etmək əks nəticələrə gətirib çıxara bilər”

Source:


Pənah Hüseyn: ”Yeni qadağalar tətbiq etmək əks nəticələrə gətirib çıxara bilər”


“Əminəm ki, İmam Hüseyn (ə) əzadarlığı Azərbaycanda dinc şəraitdə, “Dini etiqad azadlığı haqqında” qanuna uyğun olacaq”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya bildirib ki, Qafqaz MÜsəlmanları İdarəsi (QMİ) və Komitə arasında Aşura günü ilə bağlı heç bir fikir ayrılığı yoxdur və bununla bağlı fətva birlikdə qəbul olunub.

Onun sözlərinə görə, “Dini etiqad azadlığı haqqında” qanunda hər şey açıq formada göstərilir: “Dini xarakterli bütün ayinlər məsciddə və yaxud məscidin həyətində keçirilə bilər. O cümlədən dini atributlar, dini xarakterli bu və ya digər bayraqlar məscidin içərisində istifadə olunmalıdır. Dini ayinlərin icrası zamanı qanuna əməl edilməlidir. Bəzi adamların Aşura günü evlərdə bu və ya digər tədbir keçirməyinə gəlincə, biz tövsiyə edirik ki, bütün tədbirləri məscidlərdə təşkil olunsun. Kimsə İmam Hüseyn adına süfrə açmaq istəyirsə, onu da məscidə göndərib orada təşkil edə bilər. Ənənəvi şəkildə evində süfrə açmaq istəyən olsa, bunda da problem görmürük. Amma kimsə süfrə açmaqdan fərqli olaraq, ayin keçirirsə, əzadarlıq təşkil edirsə, bu, artıq başqa məsələdir. Bir var süfrə açmaq, bir var dini xarakterli yığıncaq keçirmək – bunlar fərqlidir. Yığıncaqlar ancaq məsciddə keçirilməlidir. Bu, Azərbaycanda tək Məhərrəmlik ayına aid deyil. Kim qəm-qüssəsini ifadə etmək istəyirsə, bunun üçün məscid var”.

Komitə sədrinin söylədiklərini Meydan TV-yə şərh edən sabiq deputat Pənah Hüseyn bildirib ki, son dövrdə Azərbaycan hakimiyyətinin vətəndaşların dini etiqad azadlığı ilə qanunvericiliyə etdiyi bir sıra məhdudlaşdırıcı qaydalar ekstremizm və terrorizm, dini bölücülük və məssəblərarası qarşıdurma, habelə dövlətin milli təhlükəsizliyi, o cümlədən xaricdən gələn təhdidlərlə mübarizə tələbləri ilə izah olunur.Lakin iqtidar tərəfindən, ümumiyyətlə, bütün sahələrdə insan hüquq və azadlıqları üzərinə hücum total tənzimləmə meylləri kontekstində dəyərləndirilməlidir:

“Hakimiyyət orqanları bir sıra hallarda dini ekstremizmlə mübarizə adı altında dini hüquq və azadlıqları məhdudlaşdırırlar. Konkret dini mərasimlərə, o cümlədən, aşura mərasimi ilə bağlı icraatlara gəldikdə, hətta sovet dönəmində də mövcud olmuş ənənələr var. İndi daha da irəli gedib yeni- yeni qadağalar tətbiq etmək əks nəticələrə gətirib çıxara bilər. Bütün dini fəaliyyət və təlabatları rəsmi məscidlərlə çərçivələndirmək planları da bu qəbildəndir”.

Pənah Hüseyn foto sosial şəbəkə

Aşura günü ilə bağlı mərasimlərin dinc şəraitdə keçirilməsi çağırışlarına gəldikdə, Pənah Hüseyn bu məsələdə mübahisəyə yer olmadığını deyib: “Ümumiyyətlə, qeyri-dinc mərasimlər anlayışı yoxdur. Əgər mərasimlər dinc şəraitdə keçirilməzsə, dövlətin vəzifəsi bunun qarşısını almaqdır. Qanunla müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi dövlət orqanlarına da, dini icmalara da aiddir”.

“Ötən illərdə aşurada yürüşlərə icazə verildiyi halda bu il qadağaların tətbiq olunmasını necə izah edərdiniz” sualına Pənah Hüseyn cavab verib ki, dini mərasimlərin mitinq və yürüşlər haqqında qanunla tənzimlənməsi mümkün və doğru deyil: “Öncə “Dini mərasim yerləri” anlayışına aydınlıq gətirilməlidir. “Dini mərasim yerləri yalnız məscidlərdir” izahı doğru deyil. Dünyanın hər yerində və hər dində yürüş, kilsə və məscidlərdən kənar yerlərdə icra olunan dini mərasimlər vardır. Bizdə də bu məsələləri tənzimləyən bir variant tapmaq mümkündür”.

Ana səhifəAnalitika”Yığıncaqlar ancaq məsciddə keçirilməlidir”