Yerevandan Azərbaycana səfər edən vətəndaş cəmiyyəti təmsilçiləri Bakıda saxlanılan erməni məhbuslarla görüşmək istəklərinin təmin olunmadığını bildiriblər.
Bu barədə nümayəndə heyətinin üzvü, ictimai fəal Naira Sultanyan səfərin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxslərlə bağlı məsələ həm Azərbaycan rəsmiləri ilə keçirilən görüşlər zamanı, həm də Prezidentin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə təşkil olunan dialoq platformasında qaldırılıb.
“Bu mövzunu müzakirə etməməyimizlə bağlı bizə heç bir məhdudiyyət qoyulmamışdı. Xüsusilə cənab Hacıyevin iştirakı ilə keçirilən birbaşa dialoq bizim üçün yeni təcrübə idi. Məsələni diplomatik tərzdə təqdim etməyə çalışdıq ki, tərəflər arasında etimad mühiti formalaşsın. Lakin saxlanılan şəxslərin dəqiq sayı və adları ilə bağlı konkret cavab ala bilmədik”, – deyə Sultanyan bildirib.
Səfər iştirakçılarından biri, Yerevan Mətbuat Klubunun prezidenti Boris Navasardyan isə bildirib ki, məhbuslarla görüş məsələsinin səfər proqramına daxil edilməməsi faktiki olaraq bu istəyin rəsmən deyil, lakin nəzakətli şəkildə rədd edilməsi kimi qiymətləndirilməlidir:
“Biz səfərin gündəliyi təqdim olunanda bu barədə iradlarımızı bildirmişdik. Lakin həmin görüş proqramda yer almadı. Bu isə mahiyyət etibarilə imtina deməkdir”.
Azərbaycan tərəfi hələlik bu açıqlamalara rəsmi münasibət bildirməyib.
Hazırda Bakı həbsxanalarında 23 erməni məhbus saxlanılır. Onlardan bəziləri müxtəlif cinayət maddələri üzrə azadlıqdan məhrum edilib. Qarabağda fıaliyyət göstərmiş qurumun keçmiş “rəhbərləri”nə qarşı açılmış cinayət işləri üzrə məhkəmə prosesi isə artıq təxminən səkkiz aydır davam edir.
Səfərdə iştirak edən Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin rəhbəri Areq Koçinyan vurğulayıb ki, bu formatda qarşılıqlı səfərlərin davam etdirilməsi planlaşdırılır. Onun sözlərinə görə, Azərbaycan tərəfi münaqişə mərhələsinin başa çatdığını və bundan sonra münasibətlərin uzunmüddətli sülh modelində qurulmasının vacibliyini vurğulayıb.
Yerevandan olan nümayəndə heyətinin Bakıya səfəri 21–22 noyabr tarixlərində baş tutub. Bu səfər ötən ay Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Yerevana etdiyi səfərin davamı kimi qiymətləndirilir.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi olub. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Avqustun 8-də ABŞ-da Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb. Sənədə əsasən, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, mübahisəli məsələlərin yalnız danışıqlar yolu ilə həlli öhdəliyini götürür, qarşılıqlı iddialardan imtina edilir.