Yeni mədəniyyət naziri təyin edildi

Adil Kərimli. Foto: trend.az

Adil Kərimli mədəniyyət nazirinin müavini idi

Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət naziri vəzifəsinə təyin olunub.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezident 2022-ci il dekabrın 22-də mədəniyyət naziri Anar Kərimovu vəzifəsindən azad etmişdi.

Bu vəzifənin müvəqqəti icrasını Adil Kərimliyə həvalə etmişdi.

Adil Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində işləyirdi.

Adil Qabil oğlu Kərimli 22 oktyabr 1979-cu ildə Bakıda doğulub.

1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib.

Əmək fəaliyyətinə 1999-cu ildə “Hüquq ədəbiyyatı” nəşriyyatında hüquq məsləhətçisi kimi başlayıb.

2001–2003-cü illərdə Bakı Hüquq Mərkəzində baş hüquq məsləhətçisi olub.

2001-ci ildən Bakı Dövlət Universitetində müəllim və 2011-ci ildən isə baş müəllim işləyib.

2003–2009-cu illərdə “Great Wall Drilling Company” şirkətinin Azərbaycan nümayəndəliyində Hüquq departamentinin rəhbəri vəzifəsində çalışıb.

2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində əvəzçilik üzrə hüquq və beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində işləyib.

2007–2011-ci illərdə “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, 2011-ci ilin avqust ayından 2012-ci ilin avqust ayınadək Bakının ev sahibliyi etdiyi “Eurovision” Mahnı Müsabiqəsi–2012 İşçi qrupunun rəhbəri vəzifəsində çalışıb.

2007-ci ildən Avropa Yayımları Birliyinin Hüquq və İctimai İşlər Komitəsinin, 2011-ci ildən isə Avropa Yayımları Birliyinin “Eurovision” Mahnı Müsabiqəsi üzrə Məşvərət qrupunun üzvü olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilib.

Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələrinin, fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə işçi qrupunun üzvü olub.

Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb.

Ana səhifəMədəniyyətYeni mədəniyyət naziri təyin edildi