Vəkil: “Əkrəm Əylisli özü istəsə, məhkəməyə müraciət edəcəyik”
Yazıçı Əkrəm Əylisli mətbuat vasitəsilə Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.
Yazıçı bildirib ki, 2016-cı ilin martında ona qarşı Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılsa da, sonradan istintaq dayandırılıb.
Yazıçı dayandırılma qərarı ilə tanış olmaq və şəxsiyyət vəsiqəsinin geri qaytarılması ilə bağlı Baş Prokurorluğa müraciət etsə də, müsbət cavab almayıb.
“8 ildən çoxdur ki, sevdiyim vətənimdə sənədsiz və hüquqsuz yaşamağa məhkum edilmişəm. Şəxsiyyət vəsiqəmin Prokurorluq tərəfindən müsadirə edilməsi bir çox məişət məsələlərində mənim üçün ciddi problemlər yaradır. Əgər ortada, həqiqətən, cinayət işi varsa, istintaqın bu qədər uzadılmasına səbəb nədir?”.
“Mən 87 yaşın içindəyəm, cənab Baş prokuror! Tanınmış ziyalıyam. Azərbaycanın Əməkdar incəsənət xadimi, ölkənin yüksək “İstiqlal” ordeninin kavaleri, Azərbaycan oxucusunun sevgi və rəğbətlə qarşıladığı onlarla kitabın müəllifiyəm. Dünyanın 30-dan çox ölkəsində kitablarım nəşr edilib. Şəxsimə göstərilən belə bir münasibətin təkçə qeyri-qanuni deyil, həm də qeyri-insani və qeyri-əxlaqi olduğunu nəzərinizə çatdırmaqla, 8 ildən çox davam edən bu heyrətamiz istintaq süründürməçiliyinə, nəhayət, son qoymaq üçün tərəfinizdən təsirli tədbir görüləcəyinə inanmaq istəyirəm”, – Əkrəm Əylislinin müraciətində deyilir.
Yazıçının vəkili Elçin Sadıqov Meydan TV-yə bildirib ki, dəfələrlə istintaqın dayandırılma qərarını aidiyyəti qurumdan tələb ediblər.
“Lakin dayandırma qərarını bizə vermirlər. Əkrəm Əylisli özü istəsə, məhkəməyə müraciət edəcəyik”, – vəkil deyib.
Əkrəm Əylisli 2016-cı il martın 30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında İtaliyaya gedərkən saxlanılmışdı.
Ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilib.
İttihama əsasən, Əylisli Əylisli ictimai qaydanı pozub, söyüş söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub.
Zərbə nəticəsində Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0X2,5 sm ölçüdə solğun göyümtül qançır yaranıb.
Sonradan CM-nin 221.1-ci maddəsi ilə qaldırılan cinayət işi CM-nin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib.
Əkrəm Əylisliyə qarşı təzyiqlər qalmaqallı “Daş yuxular” romanından sonra başlayıb.
Yazıçı əsəri 2006-cı ilin iyulunda Əylisdə yazmağa başlayıb. 2007-ci ilin iyununda Bakıda tamamlayıb.
Roman 2012-ci ildə Rusiyada “Drujba Narodov” jurnalında rus dilində çap olunandan sonra Əkrəm Əylislinin oğlu gömrük polkovnik-leytenantı Nəcəf Naibov işdən çıxarılıb.
Həmçinin Əkrəm Əylisli Prezident İlham Əliyev tərəfindən Prezidentin fərdi təqaüdündən və Xalq yazıçısı fəxri adından məhrum edilib.
“Daş yuxular” romanı 1989-cu ildə azərbaycanlılarla ermənilər arasındakı münaqişə zəminində baş verən hadisələrdən bəhs edir.
Ölkə miqyasında tanınmış teatr aktyoru Saday Sadıqlı Bakının mərkəzində bir erməni qocanı qəzəbli kütlənin əlindən almaq istəyərkən, linçə məruz qalır (Romanın sonrakı səhifələrində məlum olur ki, Saday Sadıqlı həmin gün, başına bu hadisə gəlməzdən əvvəl, Eçməidzinə gedərək birbaşa katalikosun xeyir-duasıyla xristianlığı qəbul etmək və kilsədə rahib olmaq arzusuna qapılıbmış).
Ermənistandan qovulan insanlardan təşkil olunmuş kütlə aktyoru tanımır, onu erməni zənn edərək, romanda qeyd edildiyi kimi vəhşicəsinə döyür.
Aktyoru onların əlindən həmkarı Nüvariş Qarabağlı xilas edir və xəstəxanaya çatdırır.
Xəstəxanada doktor Fərid Fərzani müəyyən edir ki, Saday Sadıqlının bədənində çoxsaylı ağır xəsarətlər, sınıqlar var, hətta o, beyin silkələnməsinə məruz qalıb.
Həkim pasiyent üzərində dərhal cərrahiyyə əməliyyatı aparır, amma koma vəziyyətindəki aktyor ayıla bilmir.
“Daş yuxular” romanı beləcə, əsas qəhrəman Saday Sadıqlının linç edilərək komaya düşməsi, onun həyat tarixçəsi və xəstə döşəyində gördüyü yuxulardan bəhs edir.
Aktyor xəstəxana palatasında xəyalən özünün keçmişinə qayıdır, Əylis kəndində olur və uşaqlığını xatırlayır, ya da yuxusunda görür.
“Daş yuxular” romanının problemləri də elə sujet xəttindəki bu əsas detalın inandırıcı olmaması ilə başlayır.