Vahid Məhərrəmov: ”Deyirlər kənd təsərrüfatında Aİ-92 markalı benzindən istifadə olunmur”
“Tarif Şurası hesab edir ki, benzinin bahalaşması kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcək. Doğru yanaşma deyil”, – kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov belə düşünür.
Vahid Məhərrəmov deyir ki, həm Tarif Şurası, həm də nazirlik qiymət artımının olmaması ilə bağlı fikrini kənd təsərrüfatında Aİ-92 markalı benzindən istifadə olunmaması ilə əsaslandırır.
“Texnikanın dizel yanacağı ilə işlədiyini bildirirlər. Dediklərindən belə çıxır ki, fermer ona lazım olan istehsal vasitələrini öz anbarına və oradan da əkin sahələrinə, daha sonra əldə etdiyi məhsulu qəsəbə, rayon, şəhər bazarlarına yük avtomobilləri ilə daşıyır. Təsəvvür edin, kəndli, fermer 5-6 hektar sahə üçün lazım olan 1 ton taxıl toxumunu qazel ilə deyil, kamazla daşıyır”.
Ekspert bunun məntiqli olmadığını fikirləşir: “Kəndli “Aqrolizinq”dən aldığı 300-400 kiloqram gübrəni, 15-20 kiloqram çəkisi olan pestisidi əvvəl anbarına, daha sonra isə əkin sahəsinə qazellə, minik maşını ilə deyil, dizel yanacağı ilə işləyən kamazla daşıması məntiqli deyil. Kənddə yaşayan, kənd təsərrüfatında çalışan adamlar bunu təsəvvürlərinə gətirə bilərlərmi? Təsərrüfata, fermaya baş çəkmək, əkin, səpin, ağacların budanması, formalaşdırılması, suvarma işlərini, zərərvericilərə qarşı mübarizə tədbirlərini təşkil etmək üçün mütəxəssisləri, bağbanları, adi işçiləri sahəya aparmaq, yetişmiş məhsulu sahədə mühafizə etmək üçün fermerin sahəyə minik maşını ilə deyil, dizel yanacağı ilə işləyən kamazla və ya traktorla getməsini təsəvvür edə bilərsinizmi?”
Vahid Məhərrəmov deyir ki, əgər fermer bu kimi işlərdə kamazlardan istifadə edərsə, onun xərci gəlirindən 2 dəfə çox olar:
“Bunlar bilmir ki, məhsulun bazarlara daşınmasında da əsasən minik maşınlarından, qazel tipli yüngül yük avtomobilindən istifadə olunur. Bu texnikalar da benzinlə işləyir. Azərbaycan şəraitində 10-20 tonluq maşınların yükünü formalaşdırmaq üçün minik və qazel maşınlarından daha çox istifadə olunur. Əkin sahələrindən, istixanalardan, bağlardan yığılan mal benzinlə işləyən maşınlar vasitəsi ilə yük maşınlarına qədər daşınır. Fərdi təsərrüfatlarda istehsal olunan süd də emal müəsisələrinə benzinlə işləyən texnika ilə daşınır. Kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olan sahibkarlar, fermerlər istifadə etdiyi maşınlar, avtomobillər əsasən benzinlə işləyir. Topdansatış bazarlarından pərakəndə satış obyektlərinə, mağazalara, marketlərə mal, məhsul əsasən benzinlə işləyən qazellə və minik maşınları ilə daşınır”.
Ekspert hesab edir ki, benzinin 28,5 faiz bahalaşması öz növbəsində kənd təsərrüfatı məxsullarının istehsal xərcini artırır: “Ona görə də yaxın zamanlarda kənd təsərrüfatı məhsullarının, ərzaq mallarının qiymətlərində ciddi bahalaşma gözlənilir”.