Jurnalistin fotoqraf qardaşı isə yaralanıb
Yəmənin Mərib şəhəri yaxınlığında husilərin dronunun hücumu nəticəsində sənədli film istehsalçısı və jurnalist Musab əl-Hattaminin öldürüldüyü bildirilir.
Məlumata görə, onun qardaşı, fotoqraf Suheyb əl-Hattami isə yaralanıb.
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) regional direktoru Sara Qudah bildirib ki, bu hadisə Yəməndə münaqişə tərəflərinin beynəlxalq hüququ pozaraq jurnalistləri və mülki şəxsləri təhlükəyə atdığının növbəti sübutudur.
O, beynəlxalq ictimaiyyəti hadisəni araşdırmağa çağırıb.
Əl-Hattami İordaniyada kino təhsili alıb, daha sonra Niderlanda köçərək orada vətəndaşlıq əldə edib.
O, “Əl-Cəzirə” də daxil olmaqla müxtəlif media qurumları üçün müstəqil jurnalist kimi fəaliyyət göstərib.
Yəmənə səfərinin məqsədi valideynlərinin doğulduğu şəhər haqqında sənədli film çəkmək olub.
Musab əl-Hattami 2015-ci ildən bəri Yəməndə öldürülən iyirminci jurnalistdir.