Hikmət Hacıyev: “Ermənistanın xarici işlər naziri öz prezidentinin dediklərini inkar edir”
“Rəsmi Yerevanın bəyanatları ziddiyyətli, məntiqsiz və biri digərini inkar edən xarakterdədir”.
Bunu APA-ya Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara hazır olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, Ermənistan prezidenti danışıqlardan imtina etdiyini, xarici işlər naziri isə guya ölkəsinin münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu bildirir: “Bu iki fikir bir-birinə tamamilə ziddir. Bunların arasında məntiq tapmaq da çox çətindir. Belə bir təəssürat yaranır ki, Ermənistanın hakim dairələrində ziddiyyətli mövqelər var. Ermənistanın xarici işlər naziri də öz prezidentinin dediklərini inkar edir. Bunlar da əslində Yerevan rejiminin təşviş və çaşqınlıq içərisində olmasının göstəricisidir. Bu, bir daha ona dəlalət edir ki, Ermənistanın əsl məqsədi beynəlxalq ictimaiyyəti aldatmaq və hər bir vəchlə işğal və təcavüzü davam etdirməkdir. Qoşunların təmas xəttində Ermənistanın həyata keçirdiyi təxribatçı əməllər də əslində Ermənistanın əsl simasını göstərir. Bu təxribatçı əməllərin hədəfi məhz mülki Azərbaycan əhalisidir”.