XİN Elşad İskəndərovla bağlı məlumatı yalanladı

Diplomatın Türkiyəyə buraxılmadığı haqda xəbərlər yayılıb

Source:


Diplomatın Türkiyəyə buraxılmadığı haqda xəbərlər yayılıb

İslam Əməkdaşlığı Təşkilatının 15 yanvarda keçirilən iclasında Körfəz ölkələrinin birindən iclasa qatılan səfir çıxış edərək bildirib ki, ölkələrinin Bakıda yerləşən səfirliyinə Azərbaycan Xarici İşlər Nazirliyində çalışan rəsmi şəxslərdən məlumat gəlib və deyilib ki, Türkiyə hökuməti rəsmi Bakıya təxribat hazırlayıb.

Səfirin bu sözlərinə Azərbaycanın İƏT-dakı Şahin adlı səfiri əks reaksiya verib. Bundan sonra məsələnin aydınlaşdığı bildirilib.

Türkiyənin “ensonhaber.com” yazır ki, Azərbaycanda bu məlumatı yayan şəxsin XİN-də çalışan Elşad İskəndərov olduğu məlum olandan sonra Türkiyə tərəfinin adı çəkilən şəxsə ölkəyə giriş qadağası qoyduğu

bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən isə bildiriblər ki, Elşad İskəndərovla bağlı mətbuatda yayılan məlumatlar tamamilə yalandır və qərəzlidir:

“Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hər hansı bir iclası keçirilməyib. Bu ilin 15 yanvar tarixində Ciddədə İƏT-in İqtisadi Sosial və Mədəni məsələlər üzrə İslam Komissiyasının iclası keçirilib və Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov həmin iclasda iştirak etməyib”.

Mətbuat xidməti bildirib ki, sözügedən iclasda çoxsaylı məsələlər çərçivəsində İƏT Gənclər Forumu (İƏGF) haqqında layihəyə baxılıb. İƏGF-nin Avrasiya Regional Mərkəzinə ev sahibliyi edən Azərbaycan Mərkəzin gücləndirilmiş statusu və fəaliyyətlərini dəstəkləyən qətnamə layihəsi ilə çıxış edib. İclas nəticəsində məsələ ilə bağlı kompromis mətn və dil üzərində razılaşma nəticəsində sözügedən qətnamə layihəsi qəbul edilib.

“Həmin iclasda heç bir İƏT nümayəndəsi öz çıxışında hər hansı bir Azərbaycan diplomatının guya Türkiyənin onlara qarşı fəaliyyət aparması haqqında fikirlər səsləndirməyib.

Belə bir iddia olmadığı üçün Azərbaycan XİN tərəfindən də hər hansı bir araşdırmanın aparılması, onun nəticəsində guya bu məlumatın E.İskəndərov tərəfindən səsləndirilməsi haqqında mətbuatda gedən fikirlər tamamilə yanlışdır və həqiqəti əks etdirmir,”- məlumatda deyilir.

Daha sonra bildirilir ki, E.İskəndərov uzun illər İƏGF-yə rəhbərlik edib. Həmin müddətdə qurumun təşəbbüsü ilə Xocalı faciəsini ilk dəfə soyqırımı kimi qiymətləndirən İƏT qətnamələri qəbul edilib, İƏGF-in fəaliyyətləri nəticəsində Azərbaycanın İslam həmrəyliyinə, həmçinin qlobal mədəniyyətlərarası dialoqa dəstəyi beynəlxalq səviyyədə tərənnüm edilib:

“Eyni zamanda mərkəzi qardaş Türkiyədə yerləşən təşkilatın nüfuzunun artırılmasına nail olunub. Ötən il səlahiyyət müddətinin bitməsi ilə əlaqədar İƏGF Baş Assambleyasında E.İskəndərovun fəaliyyəti bütün üzv ölkələr tərəfindən təqdir edilib, həmçinin o, İƏGF-in yeni sədrliyinə Türkiyənin irəli sürdüyü namizədin seçilməsinə dəstək verib”.

“Mətbuatda məsələ ilə bağlı gedən yazılar həqiqəti əks etdirməyərək qərəzli xarakter daşıdığından Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə kölgə salır. Eyni zamanda məlumatın dərhal erməni mətbuatında tirajlanması da müəyyən suallar yaradır. Mətbuatı bu sahədə həssas olmağa və Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı bir xələl gətirəcək yoxlanılmamış məlumatları verməkdən çəkinməyə çağırırıq”, – XİN-in məlumatında vurğulanıb.

Ana səhifəXəbərlərXİN Elşad İskəndərovla bağlı məlumatı yalanladı