Ordu xidmətimi Misirdə keçirmişəm. Əslinə qalsa, mən həm Sovet, həm də Misir ordusunda xidmət etmişəm. Hərbi rəislərim həm rus, həm ərəb zabitləri olub. Lakin bir incəliklə: rus zabitləri məni əzə bilməzdilər, çünki yaxşı mütərcimə əşəddi-ehtiyac var idi, ərəb zabitləri üçün isə mən “xəvaqə”, yəni əcnəbi idim. Düzdür, əmr verəndə, ruslar da, ərəblər də bilirdilər ki, əmri icra edəcəyəm, zira tabeçilikdən başqa məsuliyyət deyilən məfhum da var.
Sovet ordusunda komandirlərin tabeliklərində olan zabit və əsgərləri ana söyüşlərinə qonaq etməsi adidən də adi hal idi. Rus məişətində “mat” adlanan söyüşün ən mühüm, deyərdim ki, qaçılmaz rabitə və anlaşma vəsiləsi olduğunu da hamı bilir. Lakin Misir ordusunda! Ərəb dilini universitetdə öyrənəndə bir neçə ədəbli söyüşün ərəbcə necə səsləndiyini öyrətmişdilər. Lakin Misir ordusuna düşəndən sonra tezliklə anladım ki, ruslar ərəblərin əlinə su tökməyə belə layiq deyillər. Təsadüfi deyil ki, ərəb dili dünyanın ən zəngin dillərindən biri sayılır. Yalnız müsəlman riyakarlığının hesabına ərəblər söyüş sahəsində dünyada şəksiz olan birinciliklərini ortaya qoymayıblar. Bəli, mən tezliklə anladım ki, rusların ibtidai və bəsit “ananı…” söyüşünün qarşısına ərəblər “ananın anasının anasının…” söyüşünü qoyurlar. Və bu izafət birləşməsinin məntiqi sonu yalnız söyənin qəzəbi və hövsələsi ilə çəpərlənir.
Misir ordusunda əsgərlərə və kiçik zabitlərə verilən cəzalardan birini təsvir edim. Rəisin müqəssir saydığı əsgərin və ya gizirin, onu xub döyəndən sonra, başını qırxırdılar, lüt soyundurub ikiqat əsgər adyalına bürüyürdülər, ip ilə sarıyırdılar, meydanda dik basdırılmış sütuna bağlayıb üstünə bir-iki vedrə su tökürdülər. Sonra çıxıb gedirdilər. Amansız günəş zavallının qırxıq başına öz ölümcül şüalarını yağdırırdı. Əli-qolu bağlı müqəssir bir saatdan sonra bayılırdı. Gəlib dübarə onun üstünə bir vedrə su əndərirdilər. Oyanırdı, yalvarıb aman və ya ölüm diləyirdi. Yenə onu iki saatlıq tərk edirdilər.
Günün sonuna qədər ölməyib sağ qalsaydı və ya dəli olmasaydı, axşam onu “bağışlayırdılar”. Təbii ki, bu tərbiyə üsulu bütün hərbi hissənin əsgərlərinin gözü önündə baş verirdi və Misir ordusunda dəmir intizamın hökm sürməsinin əsas amili idi. Bircə dəfə bu cəzanı görən əsgər və ya çavuş-gizir zabitin istənilən əmrini canla-başla icra etməyə atılırdı. Belə şəraitdə zabitin onu dirəyə bağlamayıb sadəcə anasını söyməsi zabitin intəhasız rəhmdilliyinin sübutu sayılırdı.
İndi isə gözümlə gördüyüm səhnəni sizə təsvir edim. General-mayor (əl-liva) Muhamməd Səid əbd-ul-Ğəffar qarşısında mil kimi tarıma dartılmış bir binəva giziri söyür. Bağıraraq söyür: “…sənin ananın tükünü…sənin ananın ağzını…sənin ananın anasının tükünü…sənin nənənin və babanın gorunu…” Hər söyüşdən sonra lal-dinməz gizir bir az da tarıma çəkilir. Söyüş axını zəifləmədən beş dəqiqə çəkir. Birdən nədənsə gizirin axmaq ağlına özünə bəraət qazandırmaq üçün nə isə demək fikri gəlir və o, ehtiyat və itaətlə bircə kəlmə söz deyir: “Əfəndim…” Bu səsi eşitcək general coşur və ikiqat zil səslə bağırır: “Xəllik müəddəb, ya ibnu şərmitə”! (Özünü ədəbli apar, fahişə oğlu!). Bu sehrli “xəllik muəddəb” çağırışından sonra ənənəvi ana söyüşləri silsiləsi davam edir. Yenə beş dəqiqə söyüş, yenə axmaq gizirin zəif nə isə demək – “əfəndim” – cəhdi, yenə generalın “xəllik muəddəb” bağırtısı və…
Ardını danışmayacağam, çünki heç nə baş vermədi, general Səid hirsi soyuyana qədər söydü, nə vaxtsa “tərbiyə” prosesinin səmərə verdiyini duydu və gizirin döyülüb və başının qırxılaraq tropik günəşə verilmədən kifayət qədər tərbiyə aldığı qənaəti ilə onu boşladı.
Misirdə əsgərlərin əksəriyyəti kasıb balalarıdır. Kəndli, fəhlə, cıqqılı məmur balalarıdır. Onların heç bir hüququ yoxdur, əsası isə hüquq barədə anlayışları yoxdur. Onlar dövləti əcaib, anlaşılmaz və təhlükəli bir vücud sayırlar və ondan həm qorxurlar, həm də çəkinirlər. Sıravi misirlinin heç ağlına gəlməz ki, dövlətdən kimə isə şikayət etsin. İki şübhəsiz və məchul qüdrət rəmzi var:
Allah və dövlət.
Məhz belə ehkam və qaydalarla qurulmuş Misir ordusu bir işin öhdəsindən gələ bilməzdi: vətəni qorumaq. Öz əsgərinin ləyaqətini qorumayan ordu vətənin də ləyaqətini qoruya bilməzdi. Misir ordusu xarici düşmənlərə qarşı apardığı bütün müharibələri biabırcasına uduzub.
Misir ordusu bir şeyə heç vaxt imkan verməz və vermədi də: xalq öz hökumətini seçib ordunun hədsiz imtiyazlarını çərçivəyə salsın. Məhz buna görə Misir ordusu xalqın öz 5 min illik tarixində ilk və yeganə dəfə azad seçdiyi prezident Muhamməd Mursini xainliklə devirdi və şərləyib məhbəsə saldı.
Bunu nə üçün yazıram? Bunun nə mənası var? Axı biz müstəqil, demokratik, Avropa Şurasının üzvü olan Azərbaycanda yaşayırıq. Lakin mən vətənimin həyatını izlədikcə tez-tez qulağımda “xəllik muəddəb” bağırtısı səslənir.
Dövlət öz konstitusion hüququndan istifadə edib tənqidi rəyini bildirmək istəyən vətəndaşı ya meydanda dirəyə bağlayır (milli dirəyə, yəni əvvəl şərləyir, sonra isə məhkəmə məzhəkəsindən keçirərək dövlətin zindanına salır), ya özünü və bütün nəslini işdən qovub, ruzi mənbələrindən məhrum edib onu ehtiyac imtahanına məruz qoyur, etiraz səsini çıxaran jurnalist və vətəndaş cəmiyyəti fəalına isə bağırır ki, “xəllik muəddəb”!
Bircə onu bilirəm ki, belə əxlaq sahibi olan dövlət nə vətəni qoruya biləcək, nə də vətəndaşlara səlamətlik və rifah təmin edə biləcək.
Yəni iki vur iki eylər dörd. Vəssalam.