Xədicə İsmayıla ”Sergey Maqnitski” mükafatı verilib

”Mükafatı anonim jurnalistlər adından almışam”

Source:


”Mükafatı anonim jurnalistlər adından almışam”

Araşdırmaçı jurnalist Xədicə İsmayıla noyabrın 16-da Böyük Brityaniyanın paytaxtı Londonda “Sergey Maqnitski” adına İnsan Haqları Mükafatının təqdimatı olub.

Xədicə İsmayıl ölkədən çıxışına qadağa qoyulduğu üçün tədbirə Skype vasitəsi ilə qatılıb.

Jurnalist Meydan TV-yə deyib ki, hər il olduğu kimi bu il də mərasimi gizli şəkildə keçiriblər, əvvəlcədən mətbuat məlumatlandırılmamışdı:

“Məndən də mərasimin harada və nə zaman olacağının məxfiliyini qorumağı xahiş etmişdilər. Yalnız qonaqlar məlumatlandırılıb. Məsələ ondadır ki, mərasimə qatılanların çoxu Rusiya hökumətinin hədəfindədirlər. Məsələn, bu il mükafat alan Vladimir Kara-Murzanın həyatına iki dəfə qəsd olub. Sırf təhlükəsizlik məqsədilə mərasimin yeri və vaxtı gizli saxlanılıb”.

X.İsmayıl Facebook sosial şəbəkəsində mükafatı anonim jurnalistlər adından aldığını deyib. Bu ifadəni Meydan TV-ə izah edən jurnalist bildirib ki, ona mükafatı təqdim edəcəkləri barədə məlumat verəndə deyib ki, yalnız onunla bərabər anonim jurnalistlər də mükafatı alacağı təqdirdə razılaşacaq.

“Azərbaycanda çoxlu sayda vicdanlı jurnalistlər var ki, adlarını gizlətməklə özlərinə və ailələrinə qarşı risklərdən sığortalanıblar. Onlarla  birgə OCCRP üçün də araşdırmalar edirik, “Azərbaycanın Pulyuyan maşını” araşdırmasında da həmin jurnalistlər vardı. Mən həbsdə olarkən “Xədicə layihəsi” üçün edilən araşdrımaların əksəriyyətində Azərbaycandan anonim jurnalistlər imza qoyublar. Odur ki,  “Sergey Maqnitski” adına İnsan Haqları Mükafatını qəbul edərkən onların adına qəbul etdim”.

Mükafatın maliyyə hissəsinin olub-olmaması barədə suala jurnalist ona bu barədə heç nə deyilmədiyini söyləyib:

“Əgər informasiya versələr, paylaşacam”.

Jurnalist bu mükafata korrupsiyaya qarşı cəsarətli araşdırmalarına görə layiq görülüb.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası verilib.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edib.

X.İsmayıl Ali Məhkəmənin qərarı ilə 2016-cı il mayın 25-də həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib.

Məhkəmə ona ittiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib.

Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tədbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.

X.İsmayıl son illər bir neçə nüfuzlu mükafatlara layiq görülüb.

O, dünyada azadlıq mesajını yayan jurnalist və fəal kimi 2016-cı il YUNESKO-nun Cuillermo Cani Dünya Mətbuat Azadlığı Mükafatına layıq görülüb.

Bu il sentyabrın 26-da X.İsmayıl “Nobel mükafatına alternativ” – “Dürüst Həyat” (Right Livelihood) laureatı adını qazanıb.

Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi “Allard” mükafatının qalibi də Xədicə İsmayıl elan edilib.

Ana səhifəXəbərlərXədicə İsmayıla ”Sergey Maqnitski” mükafatı verilib