Xaricdəki imkansız azərbaycanlı necə müəyyənləşəcək?

”Qeydiyyatda olmayan şəxslərin ehtiyaclarının müəyyən olunması mümkün deyil”

Source:


”Qeydiyyatda olmayan şəxslərin ehtiyaclarının müəyyən olunması mümkün deyil”


Prezident İlham Əliyevin yanvarın 11-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun tətbiqi haqda 2003-cü il fərmanına dəyişiklik edib. Dəyişiklikdə göstərilib ki, xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımı Diasporla iş üzrə Dövlət Komitəsi icra edəcək. Yardımın göstərilməsi qaydalarını isə Nazirlər Kabineti müəyyənləşdirəcək.



“Öncə mesajın kimlərə verildiyini müəyyənləşdirmək lazımdır”

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin sabiq konsulu, “Oyan” Hərəkatının üzvü Nahid Cəfərov prezidentin fərmanını Meydan TV-yə şərh edərkən bildirib ki, məsələnin məğzinə keçməzdən öncə bu mesajın kimlər üçün verildiyini müəyyənləşdirmək lazımdır:

“Bu məqsədlə xaricdə yaşayan azərbaycanlılara dair bəzi məlumatları qeyd etmək istərdim. Xaricdə siyasi sığınacaq almış azərbaycanlıları əsasən 3 qrupa ayırmaq mümkündür. Mövzu yalnız siyasi əsaslarla sığınacaq almış insanlardan gedir. Birinci qrupa radikal fikirləri ilə seçilən və hökumətlə heç bir danışığa getməyən insanlar aiddir. Bu insanlar faiz etibarı ilə azlıq təşkil edirlər. Onlar hökumət üçün ciddi problemlər yarada bilən kəsimlərdir ki, bu insanları daim nəzarətdə saxlamağa çalışırlar. İnandırıcı görünməsə də və bunu açıq şəkildə bəyan etməsələr də, bu insanlar ədalət axtarışında olduqları üçün səfirlikdə onlar haqqında daim hörmətlə danışılır. Bunlar daim siyasətə qarışan və hökumətə qarşı istənilən formada etiraz edən insanlardır. İkinci qrup insanlar isə oturum alandan sonra heç bir siyasi fəaliyyətə qarışmayan insanlardır. Onlar cəmiyyətə yüksək səviyyədə inteqrasiya etmiş və karyeralarını qurmuş insanlardır. Bu insanlar səfirliklə əlaqə qurmaz və səfirliyin dəvət etdiyi tədbirlərə gəlməzlər. Bu insanlar radikal muxalifətə də qoşulmazlar. Üçüncü qrup daxil olanlar isə məhz diaspora adı altında fəaliyyət göstərən və yaşadıqları cəmiyyətə inteqrasiya edə bilməyən aciz və işsiz insanlardır. Bu şəxslər xaricə Əliyev rejimindən qaçaraq gəliblər və bu rejimdən şikayət edərək yaşadıqları ölkədə oturum alıblar. Bunu xaricdə fəaliyyət göstərən bütün səfirliklər çox gözəl bilir. Məhz bu səbəbdən də bu insanlara pula görə əqidəsindən dönən insanlar kimi baxırlar. Bunlar yuxarıda birinci qrupa aid olan siyasi fəalları nəzarətdə saxlamaq və onlara dair məlumatları səfirliklərə çatdırmaq üçün çox vacib vasitədir. Qeyd edilən qərar da məhz bu insanlara saxta ümid verməyə hesablanıb”.


“İmkansızlıq səbəbindən diplomatlar geri çağırılıb”

Nahid Cəfərov hesab edir ki, rəsmi Bakı sonuncu qrupa daxil olanları nəzarətdə saxlamaq məqsədilə daim onlar arasında nifaq salır və bu adamların bir araya gəlməsinə maneələr yaradır:

Nahid Cəfərov foto sosial şəbəkə

“Onlar da hökumətdən ayrılan qrantları mənimsəmək üçün bütün saxtakarlıqlara imza atırlar. Azərbaycan oxucusu xaricdəki qanunlardan xəbərsiz olduğundan bütün bu saxtakarlıqları real fakt kimi həzm etmək məcburiyyətində qalır. Nəzərə alsaq ki, bu yardımı alacaq qrup məlum oldu, indi keçək qanunun qeyri-mümkünlüyünə. Hər kəsə məlumdur ki, Azərbaycan iqtisadiyyatı çökür. Hökumət Azərbaycanda fəaliyyət göstərən məmurların əməkhaqlarını vaxtlı-vaxtında ödəyə bilmir. Bu gün imkansızlıq səbəbindən Azərbaycanın Yaponiya, Avstraliya, Kanada, Niderland Krallığındakı səfirliklərində çalışan diplomatlar geri çağırılıb. Hər bir səfirlikdə bir və ya iki diplomat fəaliyyət göstərir. Öz diplomatının maaşını verə bilməyən hökumət xaricdə “fəaliyyət” göstərən azərbaycanlılara necə yardım edə bilər? Geri qayıdan diplomatlar da Xarici İşlər Nazirliyində işə təyin oluna bilmir və kənarda qalıb vakansiyanın yaranacağını gözləyirlər. Bütün bunlar xaricdə fəaliyyət göstərən siyasi fəalları nəzarətdə saxlamaq imkanlarını məhdudlaşdırır. Belə olan halda, səfirliklərin fəaliyyətinin məhdudlaşdırılması hökumətdən qrant alan saxta insanların pullarının kəsildiyi halda hökumətə qarşı fəaliyyətə başlamasına səbəb ola bilər”.



“Dəyişiklik yalnız hökumətin ciddi şəkildə narahatlığından xəbər verir”

Nahid Cəfərovun fikdirincə, 2003-cü ildə qanun qəbul edilərkən məsələnin hüquqi tərəfini nəzərə almayıblar:

“Qeyd etdiyim kimi, üçüncü qrupa aid olan insanların əksəriyyəti yaşadıqları ölkələrdən maddı yardım alan insanlardır. Bu yardım insanların normal yaşaması üçün kifayət edir. Əgər hər hansı bir şəxsin digər mənbədən gəliri olsa, ona verilən maddi yardım xarici dövlət tərəfindən dərhal dayandırılacaq. Digər tərəfdən, xaricdə, əsasən də Avropada maddi yardım hesabına yaşayan bütün azərbaycanlılar Azərbaycanda fəaliyyət göstərən orta dərəcəli dövlət qulluqçusundan qat-qat yaxşı yaşayır. Xaricdə 1 uşaqlı ailəyə orta hesabla ayda 1800 avro dəyərində yardım edilir. Bundan əlavə, həmin şəxslər təhsil və digər xərclərdən azad edilir. Azərbaycanda isə insanlar yeməyə çörək tapa bilmirlər. Belə olan halda qanuna edilən dəyişiklik yalnız hökumətin ciddi şəkildə narahatlığından xəbər verir. Xaricdə gözəl həyat sürən azərbaycanlılara maddi yardım etməkdənsə, hökumət ölkədə yaşayan vətəndaşlar qarşısında öz borcunu yerinə yetirsin. İnsanların dolanışı üçün iş yerləri açsın, saxta vədlər verməsin”.




“Qanun indiyədək tətbiq olunmayıb”

Avropada mühacir həyatı yaşayan hüquqüşünas Əlövsət Əliyev hesab edir ki,Azərbaycanda qanunların tətbiqi ilə bağlı ciddi problemlər mövcuddur. Bu problemlərdən biri qəbul olunan qanunun tətbiqi üçün nəzərdə tutulan maliyyə mənbəyinin göstərilməməsidir. Yəni qanun qəbul edilərkən onun tətbiqi üçün tələb olunan digər şərtlərlə bərabər, həm də tələb olunan maliyyə vəsaitinin məbləği və mənbəyi göstərilməlidir:

“Bu vaxta qədər tətbiq olunmayan “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun yanvarın 11-də imzalanmış fərmandan sonra da icra olunmayacaq. “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunun qəbulu və ona edilən dəyişiklik xaricdə yaşayanlara yardım üçün deyil, Azərbaycan qanunlarının beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılması üçün qəbul edilib”.

Əlövsət Əliyev foto sosial şəbəkə

O, fikrini isbatlamaq üçün qanundan misallar gətirib:

“Xaricdə yaşayan azərbaycanlılarla bağlı qanuna görə, Azərbaycan Respublikası, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli kimliyini qoruyub saxlamasına və inkişaf etdirməsinə kömək göstərməli;

• xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının dövlət orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurmasına və inkişaf etdirməsinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında informasiya almasına şərait yaratmalı;

• xaricdə yaşayan azərbaycanlıları Azərbaycan Respublikasının dövlət müstəqiliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsinə cəlb etməli;

• beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq, xaricdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərməlidir. Lakin bu vaxta kimi bunların hec biri icra olunmayib. Qanunun 1.2. bəndindən görünür ki, qanun xaricdə yaşayan azərbaycanlılar dedikdə, İran İslam Respublikasında, Türkiyədə, Gürcüstanda, Rusiya Federasiyada və digər ölkələrdə doğulan, özünü azərbaycanlı sayan və aztəminatlı hesab edilən hər kəsə tətbiq edilməlidir. Bu, reallıqdan çox uzaqdır. Bundan başqa, əksər xarici ölkələrdə yaşayan və həmin ölkələrin qanunlarına görə, aztəminatlı hesab edilən və sosial yardım alan azərbaycanlıların aldıqları yardım Azərbaycan Respublikası vətəndaşlarının aldıqları orta aylıq əmək haqqından yüksəkdir. Belə şəxslərə münasibətdə qanunun necə tətbiq ediləcəyi müəyyən edilməyib”.



Vahid sistem problemi

Əlövsət Əliyev bildirib ki, başqa bir problem xaricdə yaşayan azərbaycanlıların bu vaxta qədər qeydiyyatının aparılmaması və bununla bağlı vahid bir sistemin olmamağı ilə bağlıdır:

“Bu gün konsulluqlar diplomatik korpusun əməkdaşlarının, onların ailə üzvlərinin, hakimiyyətin müxtəlif sahələr üzrə təmsilçilərinin, ən yaxşı halda müəyyən qrup tələbələrin qeydiyyatını aparır. Hətta humanitar əsaslarla Avropada məskunlaşmış yüzlərlə vətəndaş konsulluq qeydiyyatında deyil. Qeydiyyatda olmayan şəxslərin ehtiyaclarının müəyyən olunması isə mümkün deyil. Hətta konsulluq tərəfindən qeydiyyata alınanların da aztəminatlı olub-olmadığını müəyyənləşdirmək imkansızdır. Çünki qeydiyyatla bağlı doldurulan anket formalarında şəxsin gəlirləri və əmlak vəziyyəti barədə məlumatlar əks olunmayıb”.



“Hər gün ayrı-seçkiliyin şahidi oluruq”

Hüquqşünas hesab edir ki, bu qanun tətbiq olunacaqsa, onda Diaspora Komitəsi xaricdə yeni əməkdaşlar işə götürməli və onlar bu fəaliyyətlə ciddi məşğul olmalıdır. Bu isə hazırda çətin iqtisadi vəziyyətdə olan Azərbaycan üçün əlverişli deyil:

“Təbii ki, hər bir dövlət, o cümlədən Azərbaycan harada yaşamasından asılı olmayaraq, öz vətəndaşını müdafiə etməli və onun ehtiyaclarını təmin etməlidir. Lakin hesab edirəm ki, bu edilən dəyişikliklər yalnız göstərici xatirinədir və Diaspora Komitəsinə fərmanda nəzərdə tutulduğu kimi maliyyə ayrılacaqsa, bu maliyyə xaricdə yaşayan aztəminatlı ailələrə deyil, başqa məqsədlərə xərclənəcək və dövlət büdcəsinə ciddi ziyan dəyəcək. Qanuna ğörə Azərbaycan Respublikasının vətəndaşı olan və onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşları ilə bərabər hüquqlara malikdir və bərabər vəzifələr daşıyırlar. Lakin əslində, bu, belə deyil. Hər gün Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan vətəndaşlarımıza şəxsiyyət vəsiqələrinin və pasportların verilməsində, konsulluq xidmətləri zamanı ödənilən dövlət rüsumlarının məbləğində biz bu ayrı-seçkiliyin şahidi oluruq. Qanuna görə, Azərbaycan Respublikası digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdə yaşayan azərbaycanlılarla bütün sahələrdə əlaqələrin saxlanmasına və inkişaf etdirilməsinə kömək göstərir, onların əsas hüquq və azadlıqlarının müdafiəsi üçün müvafiq tədbirlər görür. Amma bu, əslində ölü normadan başqa bir şey deyil.

Xaricdə yaşayan azərbaycanlılar haqqında qanunun 5.1. maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşama Azərbaycan Respublikası vətəndaşlığının xitamına səbəb olmur. Əslində isə vətəndaşlıq haqqında qanunda 2014-cü ildə edilən dəyişikliklər bu norma ilə daban-dabana ziddiyyət təşkil edir. Yəqin ki, növbəti çıxışçılar bu məsələyə detallı qiymət verəcəklər”.

Onun fikrincə, müvafiq icra hakimiyyəti orqanı xaricdə yaşayan azərbaycanlıların vəziyyəti handa informasiyanın toplanmasını, təhlilini və qiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasını təmin etməlidir. Ancaq bu vaxta kimi belə bir layihə icra olunmayıb və xaricdə yaşayan azərbaycanlılar haqqında təqribi də olsa, statistik məlumat yoxdur.

Əlövsət Əliyevin sözlərinə görə, Xarici İşlər Nazirliyinin və digər dövlət orqanlarının da xaricdə məskunlaşan azərbaycanlılarla bağlı fəaliyyətində kifayət qədər nöqsanlar mövcuddur:

“Hesab edirəm ki, onların da fəaliyyətləri araşdırılmalı və mövcud nöqsanlar aradan qaldırılması təmin edilməlidir”.



“Görünür, hökumətin xaricdə yaşayan azərbaycanlılarla bağlı müəyyən planları var”

“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun hazırlanmasında iştirak etdiyini xatırladan Hollandiyada yaşayan mühacir, hüquqşünas Ataxan Əbilov deyir ki, hələ 2002-ci ildə qanunun işlənməyəcəyi, deklorativ xarakter daşıyacağı bəlli idi:

“Keçən müddət ərzində qanunun hansısa formada tətbiqilə bağlı hər hansı təcrübənin olması haqda informasiyaya rast gəlməmişəm. Bu fakt kifayət edir ki, həmin qanunu bir sıra diğər qanunlarımız kimi ölü qanun adlandıraq. Keçən illin axırlarından etibarən bu qanun ətrafında müəyyən gəlişmələr baş verir. Görünür, hökumətin xaricdə yaşayan azərbaycanlılarla bağlı müəyyən planları var. Məlumdur ki, keçən ilin axırlarında qanuna dəyişiklik edilib, bugünlərdə isə sənədin yeni variantının tətbiqilə bağlı prezident fərmanı imzalanıb”.

Hüquqşünas bildirib ki, yeni dəyişiliklərin məğzi xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərilməsilə bağlı olduğundan müvafiq icra hakimiyyəti orqanı bir sıra məsələlərə aydınlıq gətirməlidir:

Ataxan Əbilov foto sosial şəbəkə

“Əvvəla, qanunun 1-ci maddəsində “azərbaycanlı” anlayışının geniş spekteri müəyyən edilib. Bura tək AR vətəndaşları deyil, həm də əvvəllər Azərbaycan SSR-nin və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş şəxslər və onların övladları, habelə etnik, dil,mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü azərbaycanlı hesab edən şəxslər və onların övladları şamil olunur. Dünyaboyu bu şəxsləri müəyyən edib, ortaya çıxarma mexanizminin hansı formada olması maraq doğurur. Digər məsələ “aztəminatlı”lıq kriteriyasıla bağlıdır.“Aztəminatlı”lığın müəyyən edilməsi zamanı hansı dövlətin – Azərbaycanın və yaxud azərbaycanlının yaşadığı ölkənin standartları əsas götürüləcək? Məlumdur ki, Avropanın bir sıra dövlətlərində aylıq 1000 avrodan az gəliri olan şəxs aztəminatlı hesab edilir. Azərbaycanda və bir sıra iqtisadi cəhətdən geridə qalan dövlətlərdə isə bu məbləğ çox aşağıdır.

Bəri başdan isə bir şeyi dəqiq demək mümkündür ki, xarici ölkələrə sığınmış Azərbaycan Respublikasından olan siyasi qaçqınlara bu qanunun təklif etdiyi sosial yardım şamil edilə bilməz. Bunu müvafiq beynəlxalq hüquq normaları qadağan edir”.

Ana səhifəAnalitikaXaricdəki imkansız azərbaycanlı necə müəyyənləşəcək?